Zərdabda qətl törədən 27 yaşlı gəncin məhkəməsi bitdi

0
25

Dəhşətli qətl törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Vüsal Mehdiyevin məhkəməsi başa çatıb. 

İttihama görə, Vüsal Mehdiyev 6 dekabr 2014-cü il tarixdə Zərdab rayonunun Dəliquşçu kəndində, qonşuluqda yaşayan Rəşad Zeynalovun mobil telefondan onun həyat yoldaşı Elnurə Manaflının telefonuna zəng etdiyinin şahidi olub. Bir neçə gün sonra isə arvadına Rəşad Zeynalovun intim əlaqə təklif etdiyini eşidib, eləcə də həmkəndliləri arasında namusunu qoruya bilməyən şəxslər barəsində dedi-qodunun ona ünvanlandığını güman edib. Qısqanc ər qonşu Rəşad Zeynalovu öldürmək qərarına gəlib.

O, dekabrın 29-da Rəşad Zeynalov digər tanışlarla birgə özünün “Mercedes Benz” markalı avtomobili ilə Zərdab rayonunun Gəlmə kəndindəki kafeyə gedib.

O, həmin gün saat gecə 12-nin yarısı radələrində idarə etdiyi avtomobildə yaşadıqları Dəliquşçu kəndinə qayıdarkən Rəşad Zeynalovu Zərdabın Hüseynxanlı kəndi ərazisində satlıq xırda buynuzlu heyvanlara baxmaq adı ilə aldadıb və həmin kənd sakini Sahibət Bayramova məxsus əkin sahəsinə aparıb.

Orada Vüsal Mehdiyev təkərin çalaya düşməsini bəhanə edərək Rəşad Zeynalova avtomobildən çıxaraq baxmağı xahiş edib. Bu zaman Rəşada yaxınlaşıb, bıçaqla döş nahiyəsinə zərbə vurub. Zərbələri vurduqca ondan qisas almaq istədiyini də söyləyib. Rəşad qatilin əlindən çıxaraq qaçmağa başlayıb. Amma Vüsal Rəşadın arxasınca qaçaraq tutub, bıçaqla bədəninə daha bir neçə zərbə vurub.

Artıq Rəşad Zeynalovun müqavimət göstərmədiyini görüb, sonda bıçaqla qurbanının baş nahiyəsinə daha bir zərbə endirib. Rəşad Zeynalov aldığı xəsarətlərdən ölüb.

Daha sonra Vüsal Mehdiyev avtomobildə olan yarımlitrlik plastik qabdakı benzini meyitin üzərinə töküb yandırıb.

Vüsal Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, Vüsal Mehdiyevin cəzasının ağırlaşdırılmasını istəyib. Eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib.

Vüsal Mehdiyev isə cəzasının yüngülləşdirilməsini istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmədə Vüsal Mehdiyev ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, mərhum Rəşad Zeynalovla qonşuluqda yaşayıb, həmçinin əvvəllər dostluq münasibətində olublar: “Rəşad arvadıma söz atıb, yaxınlıq təklif edib. Bu sözləri eşitdikdə səbrim tükəndi, onu cəzalandırmaq qərarına gəldim. Buna məqam gözlədim. İşlədiyim mağazadan mətbəx bıçağı götürərək maşınıma qoydum ki, Rəşadla haqq-hesab çəkim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 29-da Rəşaddan qisas almağı nəzərdə tutduğundan çayxana yanında dayanaraq onu gözləyib: “İki nəfərlə çayxanadan çıxan Rəşad onları rayonun Gəlmə kəndindəki kafeyə aparmağımı xahiş etdi. Mən də razılaşdım. Bu vaxt Rəşadgil Elgünü də çağırdılar. Onların dördünü də avtomaşınımda həmin kafeyə gətirdim. Orada bir neçə bakal pivə içdik.

Rəşadgillə Zərdab şəhərindəki kafeyə getdik, orada çay içdikdən sonra Rəşadı bir bəhanə ilə özümlə, Elgüngildən ayrı salmaq üçün evə başqa yolla gedəcəyimi dedim. Rəşad qonşum olduğundan avtomaşınımda qaldı.

Maşını bir qədər sürdüm, sonra guya maşının təkərinin çalaya düşdüyünü bəhanə edərək, kimsəsiz bir yerdə saxladım. Rəşada düşərək təkərə baxmağı təklif etdim”.

Vüsal Mehdiyev bildirib ki, Rəşad maşından düşərək təkərə baxıb, ona heç nə olmadığını deyib: “Rəşad kənara çəkilərək təbii ehtiyacını ödəməyə başladı. Bu məqamdan istifadə edərək əvvəlcədən maşına qoyduğum bıçağı götürdüm, yaxınlaşaraq nəyə görə məni tanışların yanında ələ saldığını soruşdum. Rəşad cavabında güldü.

Bundan qəzəblənərək əlimdəki bıçaqla Rəşadın sinəsinə zərbə endirdim. Zərbədən bir az geri atılan Rəşad “ə, nə edirsən” deyərək hərəkətimin səbəbini soruşdu. Mən də ona: “Bəs bilmirdin adamın arvadına sataşıb, onu ələ salanda nə olur?..” dedim. Ona anlatdım ki, bunu namusuma ləkə gətirdiyi, ləyaqətimi alçaltdığı üçün edirəm. Bu sözləri eşidəndə əlimdə bıçağı görən Rəşad aralanaraq qaçmağa başladı”.

Vüsal Mehdiyev qeyd edib ki, Rəşadı təqib edib, ona çataraq kürək nahiyəsinə bıçaqla zərbələr vurub: “Bundan sonra Rəşad yerə yıxıldı. Mən də onun üstünə çökərək bıçaqla zərbələr endirdim. O, müqavimət göstərməyə, əlimdən tutaraq bıçaq zərbələrindən müdafiə olunmağa çalışdı.

Ancaq qəzəbdən özümdə deyildim. Məqsədim Rəşadı öldürmək idi. Ona görə yerə yıxılmış Rəşada harasına neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Lakin zərbəni Rəşadın boğaz nahiyəsinə vurduğum və bundan sonra Rəşadın hərəkətsiz qaldığı yadımdadır. Artıq nəfəsi gəlmədiyini görəndə öldüyünü bildim.

Sonra bir qədər özümə gəldim, törətdiyim cinayətin izini itirmək üçün avtomobildə motorlu mişar üçün hazırladığım sürtgü yağı ilə qatışıq olan 0,5 litrlik şüşə butulkadakı benzini götürdüm, Rəşadın meyitinin üzərinə tökdüm. Kibritlə alışdıraraq onun meyitini yandırdım, avtomaşınıma minib sürətlə hadisə yerindən uzaqlaşdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəl polisə gedərək törətdiyi əməl barədə məlumat vermək istəyib: “Lakin bunu dərhal etməyi bacarmadım. Sonradan istintaqda törətdiyim əməli səmimi etiraf elədim. Lakin ibtidai istintaq zamanı hadisənin təsiri altında olduğumdan Rəşad Zeynalovun üstünə benzin tökərkən onun ölmüş olduğunu bilməyimi və bunu izi itirmək üçün etdiyimi demədim. Bu məqamın ifadəmdə necə əks olunduğunun mahiyyətinə də varmadım. Ona görə də ibtidai istintaqda bu hal üzrə verdiyim ilk ifadəmi təsdiq etmirəm.

Rəşad Zeynalovu namusuma xələl gətirən hərəkət edərək ləyaqətimi alçaltdığı səbəbindən öldürmüşəm. Rəşad Zeynalova iztirab vermək, onu qəddarlıqla öldürmək, diri-diri yandırmaq fikrim olmayıb və bu məqsədlə onun üstünə benzin tökərək yandırmamışam. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan atası İnşallah Zeynalovun sözlərinə görə, Rəşad təbiətən mülayim, qonşularla mehriban münasibətdə olan adam idi: “Vüsal Mehdiyev arvadı və valideynləri ilə bizimlə çəpər qonşuluğunda yaşayıb, münasibətlərimiz yaxşı olub. Sonuncu dəfə oğlum Rəşadı 29 dekabr 2014-cü il tarixdə evdə görmüşəm. Bundan sonra Rəşad Vüsal Mehdiyevin mağazasına gedib ki, nisyə aldığı pres ipinin pulunu ödəsin, bu zaman mobil telefonunu evdə qoyub. Oğlumun axşam niyə evə qayıtmaması ilə maraqlandım. Yoldaşım Rəşadın evə qayıtmadığını və evdə gecələmədiyini dedi.

Bundan şübhələnərək dərhal Zərdab Rayon Polis Şöbəsinə məlumat verdim, oğlumla bağlı məlumatları olub-olmadığını soruşdum. Orada adını bilmədiyim bir polis əməkdaşı Hüseynxanlı kənd ərazisində hadisə baş verdiyini bildirdi, onunla məscidə getməyi təklif etdi.

Birlikdə məscidə gəldikdə orada yuyulan meyitin paltarlarının Rəşada məxsus olduğunu gördüm. Sonrada istintaq orqanından aldığım məlumatdan bildim ki, oğlum qonşumuz Vüsal Mehdiyev tərəfindən öldürülüb.

Rəşadın Vüsal Mehdiyevin arvadına sataşması, ona atmacalar atması barədə əvvəllər heç bir məlumatım olmayıb, oğlumun belə hərəkətlər etməsinə inanmıram. Hesab edirəm ki, Vüsal Mehdiyev oğlumu xüsusi amansızlıqla öldürüb”.

İnşallah Zeynalovun vəkili Adəm Məmmədov prokurorluğun protestinin təmin, məhkum edilmiş şəxsin müdafiəçisinin apelyasiya şikayətinin isə rədd olunması barədə qərar qəbulunu xahiş edib. Nümayəndə Vüsal Mehdiyevin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə, 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını istəyib.

Dövlət ittihamçısı Ədalət Əzimov bildirib ki, Vüsal Mehdiyevin cəzasının ağırlaşdırılması barədə qərar qəbulu üçün əsaslar var.

Vüsal Mehdiyevin vəkili Ruhid Əkbərov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib. O, qeyd edib ki, müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunması üçün əsaslar var.

Ruhid Əkbərov müdafiə etdiyi şəxsin cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, prokurorluğun protestinin, həmçinin zərərçəkmiş tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş edib.

Hakim kollegiyası sonda prokurorluğun protestinin təmin edilməsi barədə qərar açıqlayıb. Vüsal Mehdiyevin cəzası 17 ilə qədər artırılıb. Teleqraf.com