Zərdabda yeni iş yerləri açılacaqmı?

0
29

Ölkə Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə 22 fevral 2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın növbəti iclası keçirilmişdir. İclasda qərargahın üzvləri, yerli icra və bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar iştirak etmişlər.
İclası giriş sözü ilə qərargahın rəhbəri, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev açmışdır. Qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə yaradılmış qərargahın imkanlarından səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayan icra başçısı qərargah üzvlərinə konkret tapşırıqlar vermişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, qərargahın üzvü Rəhman Feyzullayev çıxış edərək qərargahın fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 01 fevral 2016-cı il tarixdən yeni yaradılmış iş yerlərinə 263 nəfər işçi qəbul olunmuşdur. Hazırda rayon ərazisində təhsil müəssisələri üzrə 30, səhiyyə müəssisələri üzrə 118, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 24, Meliorasiya və Su Təsərrüfatı ASC üzrə 8, “Azərişıq” ASC üzrə 8, “Azəravtoyolservis” ASC üzrə 4, digər qurumlar üzrə 6 vakant iş yeri vardır. Regional Meşəsalma Müəssisəsi üzrə 200 hektar ərazidə meşə örtüyünün salınması ilə bağlı 2 layihənin həyata keçirilməsi, “Ram-Süd” MMC-nin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 50 yerlik körpələr evi-uşaq bağçasının, Gənclər Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsinin, 4 yol ərazisindəki ticarət obyektinin, tərəvəz yetişdirmək üçün istilikxananın yaxın perspektivdə fəaliyyətə başlaması nəticəsində daha 375 yeni iş yerinin yaranacağı gözlənilir.
İclasda “Zərdab-pambıq” ATSC-nin icraçı direktoru Səxavət Fətəliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev, Tərtər Regional Qaz İstismar İdarəsinin Zərdab Xidməti Sahəsinin rəisi Coşqun Qarayev, Zərdab Elektrik Şəbəkəsinin rəisi Faiq Həmzəyev, Regional Meşəsalma Müəssisəsinin direktoru Bəxtiyar Fətəliyev çıxış edərək əhalinin məşğulluğunun yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə qısa məlumat vermiş, bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışlar.