“Zərdabda balıq məhsulları istehsalı müəssisəsinin açılmasını istərdik”

0
33

Aqrar sektorda qeyri-ənənəvi sahə olan balıqçılıq bu gün Zərdab rayonunda sürətlə inkişaf edir. Bu, hər şeydən əvvəl bölgədə balıq yetişdirmək üçün əlverişli şəraitin mövcudluğu, habelə sahibkarların bu sahəyə artmaqda olan marağı ilə əlaqədardır.

Qeyd edək ki, ötən əsrin 60-70-ci illərində daşqınlar zamanı dəfələrlə məcrasını dəyişən Kür çayı rayonun ərazisində müxtəlif yerlərdə 650 hektardan çox sahədə boş və istifadəsiz sututarlar yaratmışdı. Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi maraqlı olan sakinləri bu cür axmaz göllərdə balıqçılıq təsərrüfatları yaratmağa sövq edib.

Hazırda Zərdabın 18 inzibati ərazi dairəsində balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Gödəkqobu və Dəli-Quşçu kəndlərinin hər birində 3 yerdə bu cür təsərrüfat var. Yarməmmədbağı, Əlibəyli, Şıxbağı, Məlikli, Bıçaqçı, Alıcanlı, İsaqbağı, Gəlmə və digər inzibati ərazilərdə də yaradılan təsərrüfatlar perspektivli sayılır. İndi rayonda il ərzində 60-80 ton balıq yetişdirilir və nəinki yerli, ətraf rayonların bazarlarına da çıxarılır.

Zərdablı sahibkarlar balıqçılıq məhsulları istehsalında da maraqlıdırlar. Sahibkar Şahin Paşayev AZƏRTAC-ın müxbirinə deyib: “Gödəkqobu inzibati ərazi dairəsində 3,8 hektar təbii göldə, əsasən xanı, çəki və kütüm balıqları yetişdiririk. Hər mövsümdə təsərrüfatımız tərəfindən satışa 4,5-5 ton təzə balıq çıxarılır. Bu məhsulun insan orqanizmi üçün əhəmiyyətindən danışmağa ehtiyac yoxdur. Hələ sovet dövründə həftədə bir gün balıq günü olurdu. Həmin gün bütün iaşə obyektlərində menyulara balıqdan hazırlanmış yemək daxil edilirdi. Nəzərə alsaq ki, bölgələrdə balığa tələbat indi də az deyil. Ona görə də Zərdabda balıq məhsulları istehsalı müəssisəsinin açılmasını istərdik”.

Ümumiyyətlə, bu gün balıqçılıq Zərdabda aqrar sektorun ən perspektivli sahələrindən hesab olunur. Xüsusilə Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələr rayonda mövcud imkanların araşdırılması və ondan maksimum səmərəli istifadə üçün bütün qüvvələri səfərbər edib.ZərdabZərdab