Zərdabda hesabat yığıncağı keçirilib

0

Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi komissiyanın yerlərdə apardığı araşdırmalar nəticəsində ayrı-ayrı ərazilərdə istifadə olunmayan min hektarlarla torpaq sahəsi müəyyənləşdirilib. Hazırda bu ərazilərin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində tədbirlərə başlanılıb. İstifadəsiz qalan torpaqların əkin dövriyyəsinə qatılması nəinki kənd təsərrüfatı məhsullarının artımına səbəb olacaq, habelə 100 nəfərə qədər sakinin məşğulluğunu təmin edəcək.

Bu barədə aprelin 14-də Zərdabda keçirilən cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunun hesabat yığıncağında məlumat verilib.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin məruzəsində, eləcə də çıxışlarda ilin ilk 3 ayının bir sıra uğurlarla başa çatdığı qeyd olunaraq bildirilib ki, hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 16 milyon 844 min manatlıq məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 milyon 69,7 min manat və ya 14 faiz çoxdur. Üç ayda mal-qaranın və davarların baş sayı artıb, heyvandarlıq məhsulları istehsalında proqnoz tapşırıqlar artıqlaması ilə yerinə yetirilib. Ötən ilin payızında əkilən 16 min 987 hektar taxıl sahəsinə aqrotexniki qulluq edilib və hazırda texnika biçinə hazırlanır.

Çıxışlarda bir sıra sosial layihələrin həyata keçirildiyi qeyd olunub, xidmət sahələrinin işinin yaxşılaşdırılması istiqamətlərində də ciddi işlərin görüldüyü bildirilib.

Bütün bunlarla yanaşı, məruzə və müzakirələrdə əsas diqqət qarşıda duran vəzifələrə yönəldilib. Qeyd olunub ki, bu gün aqrar sektorda ənənəvi təsərrüfat sahələrinin, o cümlədən pambıqçılığın, bağçılığın və baramaçılığın inkişafı prioritet məsələdir. Rayonda 3 min hektar torpaq sahəsinə malik iri fermer təsərrüfatının yaradılması nəzərdə tutulur ki, burada 2 min hektarda buğda, 1000 hektarda pambıq əkilməsi planlaşdırılır. Baramaçılığın inkişafı məqsədilə mövcud tut bağları bərpa edilərək, yeni bağlar salınacaq. Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək.

Hesabat yığıncağında əminliklə vurğulanıb ki, zərdablılar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf prosesində fəal iştirak edəcək, Azərbaycanın daha da çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.Zərdab