Yaradılanı Yaradan üçün sevmək

0
30

Həzrəti-Peyğəmbərin nəyi var idisə, şəxslərə deyil, xalqa buraxdı. O, dünyada bir mal buraxmadan əbədiyyətə getdi. Ancaq çox böyük mənəvi miras qoydu. Ədəbi və əbədi bir miras. İnsanlığa nurlu yolu göstərdi. Bütün ömrünü insanlığa xidmətə həsr etdi. Xeyir və fəzilət dərsləri verdi. Haqqa və hidayətə çatdırdı. İnsanlığın ən böyük mürşidi oldu. Aləmlərə rəhmət olaraq göndərildi, əbədi həyata aparan yolları aydınlatdı. Əxlaqı, fəzilətləri təmin etdi. Böyüklərə hörmət, kiçiklərə sevgi aşıladı. Bütün məxluqata şəfqət göstərməyi öyrətdi. O, heç kimin qəlbinə toxunmamış, heç kimə alçaldıcı nəzərlərlə yanaşmamışdır. Hamıya Allahın müti qulu və bəşəriyyət üçün kamil insanlar olmağı təlqin etdi. Ədalət və insafla münasibət bəsləmək, beləliklə, kamil insan nümunəsi olmaq fikrini aşıladı. Həzrəti-Peyğəmbərin həyatı bunu öyrədir. Onun xidmətçilərindən Həzrəti-Ənəs deyərdi ki, on il Peyğəmbərimizin xidmətində dayandım; mənə bir dəfə də olsun, of dediyini eşitmədim”.

Hidayət, nur, rəhmət və fəzilət dolu təmiz bir həyatdan sonra əbədiyyət aləminə köçdü. Arxasında dünya malı deyil, böyük mənəvi bir miras buraxdı. Bəşərin əbədi dini olan İslam dinini təbliğ etdi və bu ilahi risaləti haqqı ilə yerinə yetirdikdən sonra mübarək cəsədi Rövzai Mutahharəyə tapşırıldı. Ruhu Pürfütuhu Alayi-İlliyyinə yüksəldi. Onun həyatı bizim təsvir və təsəvvürümüzdən çox-çox yüksəkdir.

***

Uşaqları sevər, onların başına sığal çəkər, kiçikləri qucağına alardı. Azad-kölə, varlı-kasıb, kim olursa olsun, bütün insanlar onun nəzərində bərabər idi, kimin əxlaqı üstün idisə, o daha üstün idi. Hamı ilə hal-əhval tutar, xətrini soruşardı. Mədinənin kənar məhəllələrindəki xəstələrə baş çəkməyə gedərdi. Rastlaşdığı adamların ona salam verməsini gözləmədən birinci özü salam verərdi. “Aranızda salamlaşmağı yayın ki, bir-birinizi sevəsiniz”, – deyərdi. Namaz qıldığı zaman birisi gələrdisə, namazını qısa kəsərək onu gözlətməz, istədiyini öyrənərdi. Hamıya gülərüzlə, şirin dillə cavab verərdi. Dodaqlarında daima xoş bir təbəssüm olardı, xoş sözün də, təbəssümün də sədəqə olduğunu bildirərdi.

Hamını yaxşılıqla yad edərdi. Bəşəriyyətin ən çox mərhəmətə möhtac olan sinfinə – yoxsullara və zavallılara qarşı qəlbi son dərəcə yumşaq idi. Onların sınıq könüllərini almağı ən böyük fəzilət hesab edərdi. Xüsusilə, kiçik uşaqları çox istəyərdi. Qızlarının kiçik uşaqları namaz qılanda üstünə dırmaşar, O, onlara hirslənməz, bir şey deməzdi.

***

Onun sevgisi yalnız insanları əhatə edən bir sevgi deyildi. O, heyvanlara, bütün canlılara qayğı ilə yanaşardı. Qapısını cırmaqlayan pişiyə öz əli ilə qapı açardı. Xəstə xoruzu sağaltmaq üçün müalicə edər, atını tumarlayaraq sevərdi. Susuz bir köpəyə başmağı ilə quyudan su çəkib verən kəsə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının bundan ötrü əzab görəcəyini söyləmişdi. Bitki və ağac məhəbbətini də xüsusilə tövsiyə edirdi. Susuz qalmış bir ağaca su tökən insana Allah-Taalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının sevgiyə möhtac olduğunu təkrar edərdi.

Ona, nəslinə və əshabına səlatü-salam olsun!

***

Milyonlar bir ağızdan oxuyur bu sözləri, həm də ürəyin ən dibindən, ən gözəl dua kimi: “Canım fəda olsun…” Candan daha dəyərli nəyi var ki, sevənlərin.

Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.

Muhamməddən oldu məhəbbət hasil,

Muhammədsiz məhəbbətdən nə hasil?

Ya Rəsulullah! Sevməyi Sən öyrətdin bizə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət?

Sənin adın yetər aşiqlərə. Hansı könüldə, hansı cümlədə adın çəkilərsə, bərəkət toxumları kimi boy verər o yerdə. Adın dodaqlarda gül kimi açar, könüllərə, duyğulara bərəkət qaynağı olar. Səninlə eyni tarixi paylaşıb, eyni havani ciyərimizə çəkə bilməməyin üzüntüsü sarmış ruhumuzu. Sənin ayağının tozunu məlhəm kimi gözümüzə, üzümüzə, ürəyimizin başına sürə bilməməyin yanğısı içindəyik. Amma təsəllisiz də deyilik: Özün buyurmusan ki, Qiyamət günü hər kəs öz sevdiklərinin yanında olacaq və onu da buyurmusan ki, Səndən sonra gəlib, üzünü görmədən Səni sevənlər Sənin qardaşlarındır. Biz də bu müjdənin coşqusuyla qollarımızı da, könlümüzü də açıla bildiyi qədər açaraq Allaha yalvarırıq:

– Ya Ərhəmərrahimin, bizim könlümüzü Allah sevgisi və Rəsulullah sevgisi ilə elə doldur ki, orada dünyaya zərrə qədər yer qalmasın. Bilirik ki, bir bəndənin Allahı sevə bilməsi Allahın o bəndəyə ən böyük lütfüdür. Bu lüftü əta buyur bizə, ey mərhəməti sonsuz olan uca Rəbbim!

***

Muaz bin Cəbəli Yəmənə vali göndərərkən ayağını üzəngiyə qoyanda Rəsulullah ona belə öyüd vermişdir: “Ey Muaz, insanlara qarşı əxlaqını gözəlləşdir”.

***

Rəsulullah buyurmuşdur: “Ən xeyirliniz əxlaqca ən gözəl olanlarınızdır”.

***

Rəsulullah buyurmuşdur: “Yaxşılıq gözəl xasiyyətdir. Günah isə vicdanı rahatsız edən, adam içində gizlədiyi və insanların xəbər tutmasını istəmədiyi şeydir”.

***

Rəsulullah buyurmuşdur: “Su buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridir. Sirkə balı çürütdüyü kimi, pis əxlaq da yaxşı əməli çürüdür”.

***

Rəsulullahdan soruşmuşlar: “Bu dünyada iki dəfə ərə gedən qadın öldükdən sonra hansı ərinin olacaq?”

– Heç şübhəsiz, bu dünyada onunla daha gözəl əxlaqla rəftar edənlə olacaqdır, – cavabını verir.

***

Rəsulullah buyurmuşdur: “Mənim yanımda ən sevimliniz əxlaqca ən gözəl olan və ətrafdakılarla xoş davranandır ki, o, ətrafdakıları sevər, ətrafdakılar da onu sevərlər. Mənim yanımda ən az sevilənləriniz isə ondan buna, bundan ona söz gəzdirən, dostların arasını vuran və təmiz şəxslərdə qüsur axtaranlardır”.

***

Rəsulullah buyurmuşdur: “İmanca möminlərin ən kamili əxlaqı ən gözəl olub, ailə üzvlərinə qarşı ən yumşaq və lütfkar davranandır”.

***

Rəsulullah belə dua edərmiş: “Allahım, təfriqə və aravuruculuqdan, ikiüzlülük və pis əxlaqdan sənə sığınıram”.Zərdab rayonu