Dövlət Miqrasiya Xidməti Zərdabda səyyar xidmət təşkil etdi

0
29

Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin əhatə etdiyi Zərdab rayonunda maarifləndirmə tədbiri keçirib və səyyar xidmət təşkil edib.

150 nəfərə yaxın ictimaiyyət nümayəndəsinin, əcnəbi və vətəndaşlığı olmayan şəxsin, yerli icra hakimiyyəti orqanları və təhsil işçilərinin iştirakı ilə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev açaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan maarifləndirmə tədbirinin və səyyar xidmətin əhəmiyyətindən danışıb.

Xidmətin məsul əməkdaşı çıxışında Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Dövlət Miqrasiya Xidmətinin ölkədə miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması istiqamətində tədbirlərin daha da genişləndirildiyini vurğulayıb.

Bildirilib ki, bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.

İştirakçılara Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində bir neçə xidmət növü təqdim olunduğu barədə də məlumat verilib. Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi kimi müraciətlər qəbul edilir.

Maarifləndirmə tədbirində vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən görülən tədbirlərdən də ətraflı söhbət açılıb. Vurğulanıb ki, vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər davam etdirilməkdədir. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciətlərin sayı bu ilin üç ayında 10 mindən çoxdur, onlardan da 9262 nəfər Azərbaycan Respublikasının vətəndaşı sayılıb.

Qeyd olunub ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əcnəbilərin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi. Artıq hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb.

Tədbirdə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən beynəlxalq standartalara uyğun olaraq tərtib edilən məşğulluq təsnifatının mahiyyəti, müəyyən olunan əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində (http://migration.gov.az) yerləşdirilməsi və onlayn rejimdə qəbulu barədə də izahedici söhbət aparılıb. Həmçinin sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti haqqında da məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici tədbirdən sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 39 şəxs istifadə edib. Onlardan 18 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 1 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. İki şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 3 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. On beş şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim edilib.Zərdab