Hər kəs öz rayonu ilə bağlı xəbərlə mütləq maraqlanır

0
28

Nicat İntiqam

Çalışdığı sahədən, yaşından asılı olmayaraq, əksər insanlar öz rayonları ilə bağlı məlumatları təqib edirlər. Bu fikirlər həmin rayondan, şəhərdən uzaqda yaşayanlara da aiddir. Azərbaycanın ən ucqar bölgələrində doğulub boya-başa çatanlar da hətta xarici ölkələrdə yaşasalar belə mümkün olduğu qədər öz rayonları, şəhərləri ilə bağlı məlumatları izləməyə çalışırlar. Bununla bağlı suallarımızı, əvvəlcə, həmkarlarımıza ünvanladıq.

Müsahiblərimizə 3 sualla müraciət etdik:

1. Əslən olduğunuz bölgədən kənarda yaşamağınıza baxmayaraq, ora ilə bağlı xəbərləri izləyirsinizmi?

2. Uzaqda yaşamalarına baxmayaraq, insanlar öz rayonları, şəhərləri ilə bağlı xəbərlərlə niyə maraqlanırlar?

3. Bu sahədə hansısa çatışmazlıq, problem varmı? Xəbərlərin çatdırılması baxımından nələrin dəyişməsini istəyərdiniz?

“İnsanların öz vətənləri barədə xəbər almaq istəyi normal haldır”

APA TV-nin Xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl:

1. Əslim Ordubad rayonunun Nüsnüs kəndindəndir. Bakıda doğulmuşam. Atam 1962-ci, anam 1972-ci ildə təhsil almaq məqsədilə Bakıya gəliblər və burada qalıblar. Amma heç vaxt rayonumuzla, kəndimizlə əlaqəni kəsmədik. Böyüdüyüm ailə mühiti buna imkan verməzdi zatən. Hər yay tətilində Ordubada getdik və bu ənənə indi də davam edir. Ordubadın adı xəbərlərdə az keçir, bununla belə, ata-ana yurdumla bağlı ən əhəmiyyətsiz xəbəri belə izləyirəm.

2. İnsanların öz vətənləri barədə xəbər almaq istəyi normal haldır. Məncə, əksinə, xəbər tutmaq istəməməsindən təəccüblənmək lazımdır.

3. 21-ci əsrdə kommunikasiya baxımından insanların problem yaşadığını düşünmürəm. Ona görə də hansısa problem də sezmirəm ki, onun aradan qaldırılması üçün təklif irəli sürüm.

“Anadan olduğum rayonla bağlı xəbərlər mənim üçün çox maraqlıdır”

Azərbaycan Texnologiya Universitetinin şöbə müdiri

Nicat Nəsirli:

1. Nəinki Bakı, hətta digər şəhərlərdə də olanda anadan olduğum rayonla bağlı xəbərlər, hadisələr mənim üçün çox maraqlıdır. Hazırda Gəncədə yaşayıram, amma anadan olduğum rayonla vaxtaşırı əlaqə saxlayıb, xəbərlər alıram. Məlumatları rayonda yaşayan qohum-əqrəbadan, TV-dən, xəbər saytlarından izləyirəm. Anadan olduğum rayonun böyük hissəsi hazırda ermənilər tərəfindən işğal olunub, digər hissəsində isə gündəlik döyüşlər gedir. Ona görə də hər gün qohum-əqrəba ilə əlaqə saxlayaraq məlumatlar almalı oluram.

2. Daha çox psixoloji amillə bağlıdır, insanın anadan olduğu yer onun genetik kodunda mövcuddur. Daim o informasiyalar haqqında düşünür.

3. Regionla bağlı xəbərlər daha çox rəsmi xarakter daşıyır. İcra strukturlarının iclasları, regional toplantılar və s. İstərdim ki, regionda yaşayan maraqlı şəxsiyyətlər, tarixi abidələr, təbiət guşələri haqqında da xəbərlər bol olsun. Azərbaycan aqrar-sənaye ölkəsi olduğu üçün hökmən kənd təsərrüfatı xəbərləri olmalıdır.

“Bəzən qeyri-obyektiv xəbərlər yayılır”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy:

1. Təbii, rayonumuzla bağlı xəbərləri izləməyə çalışıram. Bu da təbiidir. Doğulduğum yurdda baş verənlər məni maraqlandırmaya bilməz.

2. Məncə, bu, tam normal haldır. Xüsusilə də xəbər jurnalistikası ilə məşğul olanlar hər kənddən, hər bölgədən gələn məlumatlara həssas olmalıdırlar, o cümlədən dünya çapında baş verənlərə. Bu mənada səni yetirən torpaqla bağlı məlumatları çıxdaş eləmək doğru və məntiqli olmazdı.

3. Təəssüf ki, bir sıra hallarda bölgə xəbərləri ilə bağlı yazılarda sui-istifadə halları, hətta şəxsi maraqlar önə çıxır, qeyri-obyektiv xəbərlər yayılır. O mənada rayon jurnalistikasının inkişaf etdirilməsi, bölgə mətbuatına dəstəyin verilməsi, üstəlik, bölgə xəbərlərinə daha çox önəm verən internet mediasının üzərində nəzarətin gücləndirilməsi, monitorinqlərin aparılması son nəticədə obyektivliyə xidmət edər, mətbuatın adına xələl gətirən halların qarşısını ala bilər.

“Gəncənin hətta hava proqnozu ilə belə maraqlanıram”

“Report” informasiya agentliyinin əməkdaşı Ülviyyə Şamilqızı:

1. Mən 2007-ci ildən işimlə bağlı Bakıda yaşayıram. Gəncə ilə bağlı nə xəbər olsa izləyirəm. Maksimum dərəcədə çalışıram nəzərimdən qaçmasın. Hətta hava proqnozu ilə belə maraqlanıram.

2. İnsan nə qədər başqa yerdə yaşasa da, doğulduğu, böyüdüyü yerlərin ab-havası ona həmişə maraqlıdır. Nostalji hisslərlə daha çox bağlamaq olar. Məsələn, mən adi uşaqlığımı xatırladan balaca bir oyuncağıma belə çox dəyər verirəm, nəinki şəhər, böyüdüyüm ev.

3. Xəbərlərin vaxtında çatdırılma problemi var. Çünki hər hansı bir ciddi məlumat yayılanda onu sosial şəbəkələrdə daha tez öyrənirik, nəinki informasiya saytlarından və ya digər KİV qurumlarından. Lazım olan məlumatı vaxtında əldə edə bilməmək əsəbə, stresə və digər xoşagəlməz hallara səbəb olur, bir sözlə, dezinformasiya yaranır.

“Əvvəllər izləmirdim…”

İsveçin paytaxtı Stokholmda yaşayan yazıçı Əzimə Ağalarova:

1. Rayonumla bağlı xəbərləri əvvəllər izləmirdim. 2014-cü ilin sonundan təqib edirəm.

2. Niyə də maraqlanmasınlar axı? İnsan doğulduğu yer haqqında maraqlanmalıdır. Əvvəllər bu, mümkün deyildi, amma indi sosial şəbəkələr vasitəsilə çox asanlaşıb.

3. Məncə, texnikanın inkişaf etdiyi dövrdə heç bir problem qalmayıb bununla bağlı.

Nicat İntiqam