Zərdabda dələduzluqla məşğul olan şəxs tutuldu

0
32

Zərdab polisi dələduzluq yolu ilə 4 nəfərin pulunu mənimsəyən şəxsi həbs edib.

Zərdab RPŞ-dən verilən məlumata görə Tərtər rayon Qaradağlı kənd sakini, əvvəllər eyni maddə ilə  4 dəfə məhkum olunmuş, 1960-cı il təvəllüdlü Mustafayev Müslüm Kəniş oğlu Zərdab rayonu Alcanlı kənd sakinlərini müxtəlif vaxtlarda aldadıb.

Adının Musa olduğunu bildirən Müslüm Mustafayev özünü Prezident Aparatının Xüsusi şöbəsinin işçisi kimi təqdim edərək, Alcanlı kənd sakinləri Arif Əsgərovdan oğlunun ali məktəbdəki kəsirlərini düzəltmək adı ilə 1000 manat, Aqil Nəcəfovdan sosial yardım düzəltmək adı ilə 200 manat, övladlarını Daxili Qoşunların Xüsusi Təyinatlı bölməsinə işə düzəltmək adı ilə Niyazı Abbasov və Mahir Əsgərovdan ayrı-ayrılıqda 500 manat məbləğində pul alıb.

Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Zərdab RPŞ-nə müraciət edə bilərlər. Bolge.info