Qismət

0
60

 

Nicat İntiqam
Nicat İntiqam

– Qismətə inanırsan?

– Yox.

– Niyə?

– Çünki hər şey insanın öz əlindədir. İnsan istəsə, bütün arzularına nail ola bilər.

– Ancaq mənə elə gəlir ki, bir şey insanın qismətində yoxdursa, ona nail olmaq üçün nə qədər cəhd göstərirsə göstərsin, xeyri yoxdur. Hə, yeri gəlmişkən, biz artıq neçə illərdir ki, nişanlıyıq. Ancaq fikir vermişəm, evlilikdən söz düşəndə sən heç vaxt İnşallah demirsən. Niyə?

Yusif Səbinənin dediklərinə əhəmiyyət verməyib sözünə davam etdi: “Əgər nişanlıyıqsa, deməli, işin yarıdan çoxu həll olunub. Başqa şeyə ehtiyac yoxdur”…

***

Yusif və Səbinə Zəngilan rayonunun İsgəndərbəyli kəndində dünyaya gəlmişdilər. Hər ikisi kəndin sayılıb-seçilən, hörmətli ailələrindən idilər. Orta məktəbdə eyni sinifdə təhsil alırdılar. Səbinənin elə gözəl və məlahətli səsi var idi ki, qulaq asanlar istər-istəməz valeh olurdular. Bu səsi dinləyənlər, hətta o dövrün tanınmış sənətkarları da, onun gələcəyinin parlaq olacağını deyirdilər. Səbinəni Yusifə bağlayan, sevdirən həm də onun səsi idi. Səbinənin səsini eşidəndə əlindəki bütün işləri kənara qoyur və onu dinləyirdi. Yusif həm yaraşıqlı, həm də qabiliyyətli oğlan idi. Buna görə Səbinə də onu çox sevirdi. Orta məktəbi bitirən ili nişanlanmışdılar. Yusifin valideynləri deyirdilər ki, əgər oğlumuz sevirsə, qız da yaxşı ailədəndirsə, onları nişanlamaqda heç bir qəbahət yoxdur. Hər iki gənc toylarının olacağı günü səbirsizliklə gözləyirdi. Ancaq yaşları az olduğu üçün valideynləri toya tələsmirdilər. Sonradan ermənilərin Azərbaycana hücumu başladı və Yusifin yaxın qohumlarından bir neçəsi döyüşlərdə həlak oldu. Bundan sonra toy məsələsi, ümumiyyətlə, gündəlikdən çıxdı…

***

1992-ci ilin oktyabr ayının 30-da ermənilər növbəti hücumlarını Zəngilana etdilər. Ağır döyüşlər başlayanda həm Səbinənin, həm də Yusifin ailəsi rayonu tərk etdi. Ancaq Yusif və atası rayondan çıxmadılar, əsgərlərə qoşulub döyüşməyə başladılar. Səbinənin atası da onlarla birlikdə idi. Döyüşdə silah çatışmadığı üçün ermənilərin hücumunun qarşısını almaq mümkün deyildi. Artıq rayonun bir hissəsi düşmənin əlinə keçmişdi. Ağır döyüşlərin birində Səbinənin atası şəhid oldu. Yusif bu xəbərdən çox sarsıldı. O bilirdi ki, Səbinə atasının yolunu gözləyir. Sonradan öyrəndi ki, döyüşdə xüsusi fəallıq göstərdiyi üçün qayınatasını snayperlə vurublar.

Növbəti döyüşlərin birində Yusif ağır yaralandı və başından qəlpə yarası aldı. Mina qəlpələri onun bədəninə və beyninə dolmuşdu. Vəziyyəti həddindən artıq ağır olduğu üçün onu Bakıya gətirdilər. Bədənini qəlpələrdən təmizləsələr də, görmə qabiliyyətini bərpa etmək mümkün olmadı…

***

Yusifi Goranboy rayonuna, buradaa məskunlaşmış ailəsinin yanına gətirmişdilər. Anası onu bu vəziyyətdə görəndə özündən getmişdi. Yusifin anasına verdiyi ilk sual “Bəs Səbinə və anası hardadır?” olmuşdu…

Anası Səbinəgili sonuncu dəfə Ağdam rayonunda gördüyünü dedi: “Vəziyyət çox çətin idi. Hara gedəcəyimizi bilmirdik. Hansı ailənin ki, başçısı yanında idi, birtəhər məskunlaşmağa yer tapırdı, ancaq o biriləri hara gedəcəklərini bilmirdilər. Bizi bura dayın gətirdi. Səbinəni və anasını isə sonuncu dəfə Ağdamda gördük. Biz avtobusa minəndə onlar hələ hara gedəcəklərini bilmirdilər. Yəqin atası gəlib onları aparmış olar, sən narahat olma”. Sonuncu cümlədən sonra Yusif elə bil yuxudan ayıldı və kövrələrək: “Ana, Səbinənin atası şəhid oldu, onu öz əlimlə basdırdım”, – dedi.

***

Sonradan Yusif çox axtarsa da, Səbinəni və anasını gördüm deyən olmadı. Yusif az qala dəli olmuşdu. Yeganə təsəllisi barmağındakı üzük idi. Gözləri görməsə də, hər dəfə bu üzüyə toxunanda təsəlli tapırdı və “Bu üzüyün o biri tayı Səbinənin barmağındadır, yəqin o da məni axtarır”, – deyirdi…

Bu minvalla Yusif illər uzunu Səbinəni axtardı. Ancaq nə Səbinəni, nə də onun anasını gördüm deyən olmadı.

***

2015-ci il aprel ayının 20-si… Yusif məskunlaşdıqları “qaçqınlar binası”nın həyətindəki ağacın altında oturmuşdu. Gözləri görməsə də, havanın günəşli olduğunu bilirdi. Qonşuları Məmməd dayı yenə televizora “xod” vermişdi. Aparıcının danışığından başa düşdü ki, hansısa telekanalda muğam müsabiqəsi gedir. Məmməd dayı da məhz muğama görə televizora bu qədər səs vermişdi. Yusif düşündü ki, heyif, evlərində televizorları yoxdur, olsaydı, o da Məmməd dayı kimi muğama qulaq asardı.

Qəfildən eşitdiyi səs ruhunu sarsıtdı. Həyəcandan ayağa qalxdı. Əsası əlindən düşdü, ancaq yıxılmadı. Bu səs ona necə də doğma idi. Öz-özünə sevinclə “Bu, Səbinənin səsidir” dedi və kor olduğunu unudub səs gələn tərəfə qaçmaq istədi. Həmin an ona elə gəldi ki, axıradək səs gələn tərəfə getsə, gözləri açılacaq. Elə addımını atmaq istəyirdi ki, ayağı nəyəsə ilişdi və üzüüstə yerə yıxıldı. Bu səs onu necə həyəcanlandırmışdısa, burnundan qan açıldığını hiss etmədi…

Televizorda şirin səslə oxuyan, illərdən bəri axtardığı Səbinə idi – Onun nişanlısı Səbinə. 17 il nişan üzüyünü barmağında saxladığı Səbinə…

***

Gözlərini açanda özünü yataqda gördü. Qohum-əqrəba başının üstündə durub ondan nə baş verdiyini soruşurdu. O: “Səbinənin səsini eşitdim. Səbinə sağdır, məni onun yanına aparın”, – dedi. Yusif Səbinə ilə görüşmək, onunla ailə qurmaq istəyirdi. Sağ əli ilə sol əlini yoxladı. Nişan üzüyü barmağında idi. Rahatladı.

***

2015-ci il aprel ayının 24-ü… Dövlət Televiziyasının qarşısı… Qohumları Yusifi Səbinə ilə görüşdürmək üçün bura gətirmişdilər. Səbinə həm də həmin telekanalda İncəsənət şöbəsində işləyirmiş. Yusifin həyəcandan üz-gözünü tər basmışdı. Qohumları, anası onu sakitləşdirməyə çalışsalar da, alınmırdı. Dili söz tutmurdu. Nişan üzüyü barmağından çıxmasın deyə barmaqlarını bir-birinə sıxmışdı. Pilləkəndən gələn ayaqqabı səsi onu bir az da həyəcanlandırdı. “Salam” deməsindən gələnin Səbinə olduğunu anladı. Səbinənin səsi xeyli dəyişmişdi. Yusifin “Salam” deməyə cəsarəti çatmadı. Bir anlıq ürəyindən ayağa durmaq, ona əl uzatmaq keçdi. Ancaq gözləri görmədiyi üçün edə bilmədi. Səbinə hər şeyi bilirdi, hər şeydən xəbərdar idi. Qohumları Yusifin başına gələnləri Səbinəyə danışmışdılar. İçəridəkilər onları baş-başa qoyub otaqdan çıxdılar. Təxminən iki saata yaxın söhbət etdilər.

… Hər ikisinin ağlamaqdan gözləri qıpqırmızı olmuşdu. Yusif 17 il onu gözlədiyini deyəndə Səbinə daha yüksək səslə ağlamağa başladı…

***

– Ancaq mən səni gözləyə bilmədim, Yusif. 2003-cü ilədək səni axtardım. Ancaq bir xəbər almadım. Fikirləşdim ki, yəqin sən də atam kimi əsir düşmüsən…

– Yox, atan əsir düşməyib, Səbinə, o şəhid olub. Atanı öz əlimlə dəfn etmişəm.

Səbinə yenidən ağlamağa başladı…

– Anam qocalıb əldən düşmüşdü. Məndən çox narahat idi. Deyirdi ki, mən ölsəm, küçədə qalacaqsan. Onun narahatlığına son qoymaq üçün evləndim. Ailə qurandan 1 il sonra anam vəfat etdi. Bir qızım var, anamın adını qoymuşam. Ailə qurduğum şəxs iş yoldaşımdır…

***

Xeyli danışdılar, ürəklərini boşaltdılar. Yusif Səbinənin xoşbəxt olmasına həm sevinir, həm də onu birdəfəlik itirdiyinə görə kədərlənirdi. Ayrılmaq vaxtı gələndə Səbinə əlindəki kağız parçasını Yusifin ovcuna qoydu və: “Nə olduğunu soruşma, əgər bilmək istəsən, evdə anandan soruşarsan”, – dedi.

Budur, Yusif və Səbinənin illərdən bəri arzuladıqları görüşün sonu gəlib çatmışdı. Qapıdan çıxanda Səbinə üzünü Yusifə tutub dedi: “Yadındadırmı?.. O vaxtlar evlilik barədə söhbət edəndə heç vaxt İnşallah demirdin. Deməli, təkcə istəməklə olmur, həyatda qismət deyilən şey də var”…