Zərdabinin qızının məzarı tapılması xəbərinə qardaşı nəvəsindən CAVAB

0
27

HƏSƏN BƏY ZƏRDABİNİN QIZININ MƏZARI TAPILIB?
MÜSƏLMAN ÖLKƏSİ AZƏRBAYCANDA BİR QƏBİRDƏ 3 ÖLÜNÜN, ÖZÜ DƏ AYRI-AYRI İLLƏRDƏ VƏFAT ETMİŞ 3 QADININ DƏFN EDİLMƏSİ NƏ DEMƏKDİR?

Həsən bəy Zərdabinin qardaşı nəvəsi, hazırda Zərdab şəhərində yaşayan Sara (Rüxsara) xanım İsayeva deyir ki, bu xəbərdən sonra gözümə yuxu da getmir…

Məlum olduğu kimi, bir qədər əvvəl ölkəmizin bəzi KİV-lərində milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanımın məzarının Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Xatirə Quliyeva tərəfindən tapılması barədə yazılar dərc olundu və vurğulandı ki, guya bu xanım hətta Həsən bəy Zərdabi ilə uzaq qohumdur.
“Əkinçi” adını yaşadan qəzet olaraq bizim də yer ayırdığımız həmin məqalələrdən birində Xatirə xanım deyirdi ki, Həsən bəy Zərdabinin irsini çoxları araşdırsalar da, onun qızının məzarını tapa bilməyiblər. Uzun sürən araşdırmalardan sonra mən buna nail oldum. Qəribsoltan xanımın məzarı Bakının Qurd qapısı istiqamətindəki qəbristanlıqdadır, bu məzarı tapanda gözlərimə inanmadım. Bir qəbirdə üç qadın dəfn edilib(?)…
Xatirə Quliyevanın sözlərinə görə, axtarış üçün öncə qohumlarına müraciət edib, 100-dən artıq qəbri gəzib və nəhayət, çox böyük çətinliklə məzarı tapıb…
Bu “sensasion” informasiya “Əkinçi”də dərc olunandan dərhal sonra Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin nəvəsi, atası Həmdullah bəy Sibir sürgünündən Özbəkistana ötürülən vaxt Daşkənddə doğulan, hazırda Zərdab şəhərində yaşayan Sara (Rüxsara) xanım İsayeva redaksiyamıza gəldi.
Başı çox müsibətlər çəkmiş bu xanım dedi ki, bu xəbərdən sonra fikirdən gözümə yuxu da getmir. Qəribsoltan bibimin qəbri nə vaxt itibmiş ki, Xatirə xanım deyir, onu tapmışam? Bibimi, özünün vəsiyyətinə görə atam Həmdullah bəy əli ilə dəfn etdi və ölənə qədər də onun məzarının ziyarətinə gedir, çox vaxt məni də aparırdı. Mən bir müsəlman olaraq Xatirə xanımın nişan verdiyi məzarda, yəni, 1967-ci ildə dəfn edilmiş Qəribsoltan bibimin məzarında əlavə iki qadının, özü də belə çıxır ki, Rauf Hacıyevin anası Nanə Qurban qızı Hüseynovanın 1961-ci ildə və Rauf müəllimin həyat yoldaşı İra xanımın (başdaşında yazıldığına görə İradə Hacıyevanın) 1997-ci ildə dəfn olunmasını, ümumiyyətlə, əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycanda bir qəbirdə 3 ölü, özü də sülh şəraitində, ayrı-ayrı illərdə vəfat etmiş 3 qadının dəfn edilməsini anlaya bilmirəm və yaxşı olardı ki, akademiyanın aparıcı işçisi olan Xatirə xanım bunu araşdırıb izah edəydi ki, görək, 1967-ci ildə vəfat edən Qəribsoltan xanımı 1961-ci ildə vəfat edən və dəfn olunan Nanə xanımın məzarına nə vaxt və niyə gətirib qoyublar və qoyublarsa, bunu kim nə məqsədlə edib?
Bir daha deyirəm ki, Qəribsoltan bibimi özünün vəsiyyətinə görə atam Həmdullah bəy 1967-ci ildə əli ilə Bakının həmin o hündürlükdəki qəbristanlığında, təzə qəbir qazıb özü dəfn etdi və cənazəni çiyinlərində aparmalı olduqları üçün atam bir həftə əziyyət çəkdi.
Başqaları bilməsə də, Rauf Hacıyev yaxşı bilirdi ki, Qəribsoltan xanımın adı bitişik yazılmalıdır, yəni, Qərib onun titulu deyil, adının bir hissəsidir, elə isə niyə bibimin adı 2 hissəyə bölünür, ayrı-ayrı yazılır?
Bunlar bir yana, kiminsə məzarını açmaq, orada başqa birisini də dəfn etmək insanlığa, müsəlmançılığa, şəriətə nə dərəcədə yaraşan işdir? Sonrası da ki, biz müsəlmanlar qan düşmənlərimiz olsalar belə, torpaqlarımızdakı erməni qəbirlərinə də toxunmuruq ki, Allah qarşısında günah etmiş olarıq. Bəs elə isə Həsən bəy Zərdabinin qızı da dəfn olunandan sonra həmin məzarı 1997-ci ildə,–Rauf Hacıyevin vəfatından 2 il sonra yenidən açan, bibimin nakam ruhunu bir daha təhqir edərək, o məzara İra xanımı da basdıran şəxslər kimlərdir, onların məqsədləri nə imiş və belə bir əməli törədənləri goreşəndən nə fərqləndirir ki? Özü də məni ağrıdan odur ki, Xatirə xanımın dediyinə görə, həmin məzarda dəfn olunanlardan biri bibimin özünə bacı bildiyi, uşaq ikən yetim qaldığı üçün Həsən bəy Zərdabinin və Hənifə xanımın Zərdabda digər 9 kimsəsiz qızla bərabər övladlığa götürdüyü, Bakıda təhsil verdiyi, gəlin köçürdüyü Nanə xanımdır (Nanə xanımın Zərdabi ilə qohumluq əlaqəsi yoxdur).
Belə çıxır ki, Nanə xanımla bibimin şərikli məzarlarında dəfn olunan digər qadın Rauf Hacıyevin həyat yoldaşı İra xanımdır. Düzü, inana bilmərəm ki, Rauf Hacıyevin övladları anaları Nanə xanımın və atalarının doğma xala bildiyi, xətrini çox istədiyi Qəribsoltan bibimin guya “şərikli” məzarlarının açılmasına, ruhlarının yenidən incidilməsinə, belə ağlasığmaz üsulla təhqir olunmalarına yol versinlər. Halbuki o qadınların dəfn olunduqları dövrlərdə məzar yeri problemi də yox idi. Azərbaycanın mədəniyyət naziri, SSRİ Xalq artisti Rauf Hacıyev və övladları üçün isə ümumiyyətlə, heç bir problem yox idi. Burda nə isə bizim bilmədiyimiz müəmma var yəqin.
Bir də ki, heç bir əsas olmadan və yaxın qohumlarından razılıq almadan kimisə kiminsə məzarında dəfn etmək harda görünüb,–mən bilmirəm. Onu da bilmirəm ki, təzə cəsədi dəfn edəndə əvvəlkilərin sür-sümüklərini bir küncə yığırlar, yoxsa, torbaya doldurub, hansısa çuxura atırlar?…
Mənə ağır gələn bir də odur ki, görünür, qəbir yerlərinin dəyişdirilməsi zərdabilərin alın yazısıdır. Axı, Həsən bəy Zərdabinin də, həyat yoldaşı Hənifə xanım Aslan bəy qızı Abayeva-Məlikovanın da məzarlarının yeri dəyişdirilib. Özü də H. Zərdabinin məzar yeri üç dəfə dəyişdirilib—1907-ci ildə Bibiheybətdə–Şıx qəbristanlığında dəfn olunub, 1937-ci ildə Hənifə xanımın məzarına köçürülüb, 1957-ci ildə Fəxri Xiyabanda dəfn edilib.
Söhbətimiz zamanı Sara xanım Həsən bəy Zərdabinin böyük oğlu Midhət bəyin qızı Fatma xanımla və H. Zərdabinin kiçik oğlu Səffət bəylə bağlı iki əhvalat da danışdı. Dedi ki, sovet hökumətinin vaxtında qonşu Ucar rayonunun Qazyan kəndinə, müharibə dövrü əsir düşərək, Türkiyəyə sığınan bir kişi gəlmişdi. O atamı tapdı və ona zərfin içində torpaq verdi. Dedi bunu Səffət bəy göndərib və xahiş edib ki, bu torpağı ata və anasının məzarına səpin, ona isə ata yurdundan bir ovuc Vətən torpağı aparım ki, öləndə məzarına səpilsin…
Sara xanım deyir ki, sovet hökuməti Midhət bəyi güllələyəndən sonra qızı Fatma xanımı Sverdlovska–Urala sürgün elədilər. Günlərin birində, biz sürgündən Zərdaba qayıdandan neçə illər sonra xəbər tutduq ki, Fatma xanım Bakıya gəlib, bizi axtarır. Qardaşım, rəhmətlik Məhəmmədəlinin həyat yoldaşı Şərqiyyə xanımla Bakıya getdik. Fatma xanım Azərbaycan dilində danışa bilmirdi, bizə oğlum dilmanclıq edirdi. Görüşdük, hönkür-hönkür ağladıq. Oğlumun yaşadığı ailə yataqxanasında plov, digər ləziz milli xörəklərimizi bişirdim. Fatma xanımla oğlu Əli bu ziyafətdən son dərəcə təsirləndilər. Fatma xanım dedi ki, ata yurdundan ötrü çox darıxıram. İstəyirəm gedib babamın evini ziyarət edim. Razılaşdıq. Səhəri gün Fatma xanımla görüşdük ki, Bakı-Zərdab avtobusu ilə Zərdaba gələk. Fatma xanımın oğlu Əli (Əliyə hamı Alik deyirdi, mənim də oğlumun adı Əlidir, Alik də qızının adını Sara qoyub) də böyük həyəcanla baba yurduna gəlmək istəyirdi. Fatma xanım evdən çıxanda balaca itini də özü ilə götürdü. Dedim ay bacı, bu iti hara aparırsan? Cavab verdi ki, bunu yiyəsiz qoya bilmərəm, həyatda çox insanlardan bunu vəfalı görmüşəm…
Düzü, qaldım pis vəziyyətdə, bir tərəfdən də Fatma xanımın da, oğlunun da Azərbaycan dilini bilməməsi məni narahat edirdi, düşünürdüm ki, camaat Zərdabinin nəvəsinin it gəzdirməsinə və Azərbaycan dilini bilməməsinə necə baxacaq?…

Fatma xanım çox həssas, duyğusal xanım idi. Fikrimdən keçənləri hiss etdi və qəti olaraq Zərdaba getməyəcəyini söylədi, ağlaya-ağlaya ayrıldıq…
O, oglu Əli ilə Bakıda—“Sahil” metrosunun yaxınlığındakı müsadirə olunmuş ata mənzilini geri almaq üçün çox çalışdı, amma hər addımda maneələrlə üzləşdi və sonda Bakıdakı oğlumu çağırıb onunla vidalaşıb və deyib ki, Urala qayıtmaq qərarına gəldik, qohumlara da salamımızı çatdır, bağışlasınlar ki, vidalaşa bilmədik…
Bu bizim son görüşümüz oldu…

İsaməddin ƏHMƏDOV, “Əkinçi” qəzetinin redaktoru