Zərdabda ömürdən oğurlanmış günün nağılı

0
26

Ürfan Məmmədli

O gün – ayrıldığımız gün 17 yaşımız var idi. Bu gün yenidən görüşürük, artıq 57 yaşımız var. O gün yeniyetmə bir şagird, həyata atılmağa hazırlaşan gənc idik, bu gün ahıl çağını haqlamış adamlarıq. Hamımız həyəcanlıyıq. Məni “birdən kimisə tanımaram, ayıb olar” düşüncəsi ağuşuna alıb.

Səhər tezdən vədələşdiyimiz yerdə – Ağahüseyngilin həyətinin qarşısında toplaşmağa başladıq. Bir neçə nəfər məndən əvvəl gəlmişdi. Hamısı oğlanlar idi. Qızlar gözə dəymirdi (Sözə baxın: 57 yaşlı oğlan, 57 yaşlı qız). Bu görüşün şərəfinə kənd camaatından da buraya gələnlər var idi. Bir-bir salamlaşıb öpüşdüm. Tanımadığım iki kişinin, sadəcə, əlini sıxdım. Bir azdan qızlar Ağahüseyngilin həyətindən çıxıb bizə qoşuldular. Sədiyar müəllim görüşün ilk atributunu – üstündə “40” rəqəmi yazılmış emblemi yaxamıza sancmağa başladı. Bayaq kənd camaatından saydığım və sadəcə, əllərini sıxdığım kişilərin də yaxasına emblem taxılanda başımı əllərimlə tutdum: deməli, bunlar da mənim sinif yoldaşlarımdır. Qorxduğum başıma gəldi. Amma özümü o yerə qoymadım, onları göstərib yanımdakı Şahinə tərəf əyildim: “Bunların adını unutmuşam”,- dedim. Şahin məni çətinlikdən qurtardı: bu, voleybolçu Nizami, bu da dərsə velosipedlə gələn Mustafa.

Qızlardan da ikisinin yaxasındakı “40” “mən də sizdənəm” deyirdi. Çoxluğa hiss etdirmədən onların da adlarını öyrəndim: Mahizər və Gülxar. Nizamini də, Mustafanı da, Mahizəri də, Gülxarı da 40 il idi görmürdüm. O birilərlə ara-sıra görüşmüşəm.

Cəmi 24 nəfərik. 14 oğlan, 10 qız. Görüşə gəlməyənlərimiz var. Bəzilərini tapa bilmədiyimizə görə xəbər verə bilməmişdik. 7 nəfər isə biz istəsək də gələ bilməzdilər. Aidə, Fatma, Qarakişi, Ağabala, Vahid, Arif və Sovet Haqq dünyasına qovuşublar. Allah onlara rəhmət eləsin.

Sovet yazığa heç orta məktəbi qurtarmağa imkan vermədilər. Bizdən bir az yaşlı idi. Oxumaq üçün Kürün o üzündən – İmişlidən bizim məktəbə gəlirdi. Yaxşı oxuyurdu. Amma görünür, sənədləri qaydasında deyilmış ki, buraxılış imtahanları ərəfəsində gecə evlərindən götürüb zorla əsgərliyə aparmışdılar. Ondan sonra görüşə bilmədik.

Ağabala dənizçi olmaq istəyirdi. Sonralar eşitdim ki, elə dənizdə boğulub.

Arif ən yaxşı oxuyanlarımızdan idi. Avtomobil qəzasında dünyasını dəyişib.

Aidə və Fatma da bu dünyadan çox gənc yaşlarında köçüblər.

Görüşün əvvəlində həyəcan qarışıq kövrəklik var idi. Axı sonuncu dəfə hamımız bir yerdə olanda biz bığ yeri təzəcə tərləməyə başlamış, qızlar bulağından yenicə su içmış gənclər idik. İndi isə saçı-saqqalı ağarmış ağsaqqallar, ağbirçəklərik.

40 il əvvəlki kimi məktəbə sarı yeriməyə başladıq. Binanın girəcəyində əllərində gül-çiçək olan balaca məktəblilər düzülmüşdülər. Onlara lap yaxınlaşdıq. Bu balaca məktəblilər bizi gözləyirlərmiş kimi bir ağızdan: “Xoş gəlmisiniz, əziz məzunlar” deyəndə həyəcanım pik nöqtəsinə çatdı. Uşaqlar əllərindəki çiçəkləri bizə təqdim etdilər. Nə edəcəyimi bilmədim. Yaxşı ki, cibimdə bir qələm var idi. Onu mənə gül verən məktəbliyə uzadıb: “Sənə ən böyük şagird silahı verirəm” deyib, vəziyyətdən çıxdım.

Sonra məhz bu görüş üçün Bakıdan gəlmiş riyaziyyat müəllimimiz Tahir müəllim, “A” sinfinin rəhbəri Vahıb müəllim, “B”sinfinin rəhbəri Təhminə müəllimə və məktəbin hazırkı müəllimləri ilə görüşdük.

İdman zalında bizim üçün hazırlanmış dəyirmi stol arxasında əyləşərkən artıq qırışığımız açılmışdı. Biz məzun olarkən 2-ci sinifdə oxuyan, indi isə məktəbin direktoru olan Sədiyar müəllim bizi salamlayaraq qısa çıxış etdi. Onun çıxışı qurtaran kimi, istirahət günü olmasına baxmayaraq, çöldən zəng səsi gəldi. Vahib müəllim: “Uşaqlar, sakit olun, dərs başlayır”, deməklə bizi yenidən 40 il əvvələ qaytardı, xatirələr çözələnməyə başladı.

O gün 57 ili 17 ilə sığışdırmağa çalışanların qayğısız günü idi. Xatirə xatirəyə calandı, söz sözü gətirdi.

Bu günə ad qoymaq istəyirəm. Amma bu görüşün mənasını bütün çalarları ilə özündə əks etdirə bilən ad tapmaqda çətinlik çəkirəm. Rasim müəllim çıxış eləyəndə birdən pauza verib: “Bu gün biz sizinlə birlikdə ömrümüzdən oğurlanmış günü yaşıyırıq”,- deyəndə elə bil gözlərim açıldı. Doğrudan da, biz 40 il sonra ömrümüzdən bir günü oğurlayıb 10 illik sinif yoldaşlarımıza hədiyyə edirdik.

Mən bir qəzetçi kimi boynuma düşən missiyanı yerinə yetirmək – ömürdən oğurlanmış günün nağılını yazmaq istəyirdim. Bunun üçün sinif yoldaşlarımın rəyini öyrənməli idim. Amma mümkün olmurdu. Hamının ürəyi dolu olsa da, heç kim göydən üç almanın düşməsinə tələsmirdi. Razılaşdıq ki, görüşdən sonra, həyəcanlar keçəndən sonra söhbətləşək. Bəzilərinə görüşün sonunda, bəzilərinə də bir neçə gün sonra: “Biz istəməsək də göydən üç alma düşdü. Bu almaların dadı necə idi?” sualı ilə müraciət etdim.

Mahmud Hüseynov: “Biz tarix yazmadıq, biz tarix yaratdıq. Biz bu qərara gələrkən, əfsanəvi Bermud üçbucağında olan müəmmalardan çox müəmmalar içərisində idik. Amma inanırdım ki, bu tilsimi qıra biləcəyik. Şükürlər olsun ki, biz bu işi görə bildik. 22 may 2016-ci il tarixi 1976-ci ildə Şəftəhal kənd orta məktəbini qurtarmış məzunların “Cənnət Bağına” ziyarəti oldu. Mən həyatımda bu qədər həyəcanlı və sevincli olmamışam. 22 may 2016-ci il saat 08:00-da həyəcandan Sakit okeanın dərinliyində, saat 10:00-da isə sevincdən Himalayın zirvəsində – Comolunqmada idim. Mənə görə, o gün məktəbin divarlarından şəkər-bal süzülürdü, qaranquşlar sevinclərindən bayram edirdilər, foyedə və idman zalında uçuşurdular, mən də onların arasında idim”.

Zərifə Məmmədova: “Keçmişə qayıtmaq mümkün deyil; o keçmiş nə qədər saf, təmiz və qayğısız olsa da. Amma ürəyimiz qanadlanıb o illərə uçmaq istədi. 40 il əvvələ qayıtmaq istədik, xəyalən qayıtıq da. Xatirələri yenilədik. Təəssüratları bölüşməyə çalışdıq. Amma mən inanıram ki, heç birimiz hisslərimizi sözə çevirə bilmədik. Hamımızın gözündən sevinc süzülürdü. Amma heç birimiz bunu olduğu kimi əsaslandırıb deyə bilmədik. Söz aciz qaldı bizim görüşümüzü təsvir etməyə. Bir şey mənə çılpaqlığı ilə aydın oldu: o illər çox qayğısız, yaşanmalı illər imiş.

Dayandur Sevgin: “40 il əvvəl bu məktəbin şagirdi idim. İndi burada hamı mənə şair deyir. Ona görə də təəssüratımı qısa da olsa şeirlə bildirməliyəm:

Getdi gəncliyimiz daha babayıq,

İndi pəs deyirik biz zildən sonra.

Ömür də su kimi axmağındadı,

Baxın, görüşürük qırx ildən sonra.

Tarixə çevrilər bu görüşümüz,

Tanrı şəfa versin hər gələn dərdə.

Allah cansağlığı versin, yaşayaq,

İnşallah, görüşək əllidə bir də.

Sabir Cavadov: “Bu görüş ömrümün sonuna qədər unuda bilməyəcəyim bir xatirə oldu, qəlbimdə və yaddaşımda isə heç vaxt silinməyəcək iz buraxdı. Təəssüratlarım o qədər zəngin, geniş və sonsuzdur ki, onları adi sözlərlə ifadə eləməyə çətinlik çəkirəm. İnsan həyatında bəzən elə anlar olur ki, onu yalnız yaşamaqla anlatmaq mümkündür. Bizim görüşümüz də həmin hadisələrdən biri idi”. O gün mənim yaşadığım sevincli, duyğulu, ləziz, şirin və xoş hisslərin bütün gələcək məzunların qismətinə yazılmasını arzulayıram.

Qətibə Məmmədova: “Məndən təəssüratımı soruşursan. Mənsə çaşıb qalmışam. Təəssüratlarımı ifadə eləməyə söz tapa bilmirəm. Ya mən acizəm, ya da söz. Elə bil illər öncə ayrıldığm doğmaların arasına düşmüşdüm. Mən o günün uzandıqca uzanmasını istəyirdim. Çünki 58 yaşımda yeniyettmə bir qızın duyğularını yaşayırdım. Bu günün qayğıları ürəyimdən, beynimdən qaçıb gizlənmişdilər. Onların yerini izahını verə bilmədiyim hisslər tutmuşdu”.

Sifayəddin Sadıqov: “Bu görüş mənim 40 il öncəki məktəb həyatımı bir anlığa gözlərim önündə canlandırdı. Mən o çılğın, qayğısız, şən günlərə döndüm. Yoldaşlarımı gördükcə, o illərin pionerlərinin məktəbə necə həyəcanla tələsdiklərini, 1 May zəhmətkeşlər günündə, “Qələbə” günündə parada yığışdığımız anları xatırladım. Biz bu gün də o pionerlərə dönmüşdük, ancaq 40 illik ayrılıqdan sonra baş tutan görüşün həyəcanıyla, coşqusuyla bir araya yığışan, həyatda öz yerini tutan yetkin insanlar kimi”.

Gülxar Əhmədova-Qarayeva: “Bu görüşə gələndə çox həyəcanlanırdım. İndi həyəcanlarım geridə qalıb. Özümü 17 yaşımda hiss etməyə başladım. Sözlərimi mübaliğə kimi qəbul etməyin. Mən bu gün, həqiqətən də, cavanlaşdım. Bu görüşün təşkilatçılarına, 40 il əvvəl ayrıldığım sinif yoldaşlarıma, müəllimlərimə təşəkkür edirəm. Onların sayəsində bütün dərd-sərimi unudub cavanlaşdım”.