Nizami Gəncəvi, I Şah Təhmasib Zərdaba niyə gəliblərmiş? – TARİXİ FAKTLAR

0

I Şah Təhmasib öz ordusu ilə Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçib, Zərdaba gəlib, buradan Qəbələyə, sonra Şamaxıya yürüş edib. Professor Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazır ki, I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) indiki Zərdab ərazisinin yaxınlığından Kürü keçdi.

Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da, rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq Muzeyində eksponat kimi nümayiş etdirilir. Ümumiyytlə, 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir.

Həzər Əlinin (ə) mübarək ayağının dəydiyi yer…

N. Zeydlisin “Bakı quberniyası” kitabındakı Zərdab sözünün izahatı maraqlıdır. N. Zeydlis yazır ki, ilk vaxtlar Zərdab sözü soyuq su mənasında işlədilmişdir. Həmin kitabda qeyd olunur ki, müəllifə yer adlarının izahında Mirzə Fətəli Axundov kömək etmişdir. Başqa bir mənbədə Zərdab sözünün qızıl (zər) və su (ab) mənasını verdiyi bildirilir.

Çünki, o vaxtlar Kür və Qarasu çayları daşırdı. Çökəklərdə – axmazlarda qalan su əkinlər və əkinçilər üçün qızıl qədər əhəmiyyətli idi. Hər il öz bəndlərini aşıb daşan sular torpaqları yuyaraq həm həqiqi, həm də məcazi mənada təmizləyirdi. Ola bilsin ki, bəzi tədqiqatçıların Zərdabı “Beynəlnehreyn” (aydan arı, sudan duru) adlandırması da məhz bundan irəli gəlib.

Elə bu təmizlik bir sıra müqəddəs insanları bu torpağa çəkmişdir. Bunu bu torpaqda uyuyan neçə-neçə övliyalar, seyidlər, şıxlar da sübut edir. “Allahın dostları” kitabında göstərilir ki, Hicrətin 30-cu ilində (Miladi 650-ci illər) Həzrəti Əli əleyhissalamın başçılığı ilə ərəblər islamı yaymaq üçün Azərbaycana gəliblər, Tuqay meşələri yaxınlığındakı Suffin şəhəri ərazisində Suffin döyüşü olmuşdur. Bu ərazi Zərdabın indiki Yuxarı Seyidlər kəndinin yerində mövcud olmuş Yasər şəhərində baş vermişdir. Peğəmbərimizn müridi Veysəl Qərani də burada şəhid olmuşdur.

Nizami Gəncəvi Zərdabın Əlvənd kəndində Qızıl Arslanla görüşübmüş

İbn Cövşən və Əli İstəxrinin kitablarında Bərzəng (Bərzənd yaxud Bərdic) adlı şəhərdən söz açılır ki, bu da XII-XIII əsrin ən böyük şəhərlərindən hesab edilmişdir. Bu şəhər Zərdabın indiki Körpükənd kəndinin ərazisində olmuşdur. Zərdabın diğər kəndi – Əlvəndin də qədim tarixə malik olub. Şərqdə ilk ipək, biyan kökü və qənd ustehsal edən sexləri bu kənddə açılıb. Əjdər Fərzəli özünün “Nizami zirvəsi” əsərində Nizaminin Qızıl Arslanla bu kənddə görüşdüyünü yazır. Biz bu fakta əsaslanıb dahi Nizami Gəncəvinin Zərdab torpaqlarında olması ilə fəxr edə bilərik.

Zərdab xanlıqlar dövründə iri yaşayış məntəqəsi olub

Tarixin sonrakı səhifələrində də Zərdab rayonunun adına rast gəlinir. “Bakı quberniyası” adlı kitabda göstərilir ki, Zərdab kəndi xanlıqlar dövründə iri yaşayış məntəqəsi olub və zərdablılar əkinçilik, ipəkçilik, maldarlıqla məşğul olublar. XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir. Hazırda Zərdabın ərazisi – 860 kv.km-dir. İnzibati mərkəzi – Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xaməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı, İkinci Alıcanlı, Cilovxanlı, Dəliquşçu, Dəkkəoba, İsaqbağı, Qaravəlli, Böyük Dəkkə, Nəzəralı, Şıxbağı, Gəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba kəndlərini özündə birləşdirir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen − twelve =