İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edib

0
28

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə hərtərəfli şəkildə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları İqtisadiyyat Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciətləri dinlənilir. İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 22-də Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Zerdab.com-a bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin qısa müddətdə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib. Bu müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı qeyd olunub.

Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi sahələrin inkişafı, müasir heyvandarlıq kompleksinin yaradılması, əkinçilikdə istifadə olunması üçün müasir aqreqat və texnologiyaların gətirilməsi, turizm, sosial və digər məsələlərlə bağlı müraciət ediblər.

Bundan başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bağçılıq, zəfərançılıq, zeytunçuluq, bərk sortluq buğda və püstə istehsalı və sair sahələr üzrə müvafiq göstərişlər verilib. Sahibkarlar ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlardan – lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və sair tədbirlərdən razılıqlarını ifadə ediblər.

Qəbul günü adları çəkilən üç rayondan başqa digər rayonlardan olan vətəndaşlar da nazir Ş.Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülüb. Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli diqqət və qayğıya, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, vətəndaşların Zərdab şəhərində keçirilən qəbul barədə məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrində əvvəlcədən elan verilib və vətəndaşların qəbula yazılmaları üçün müvafiq əlaqə vasitələri göstərilib. Həmçinin vətəndaşların qəbula dair müraciətləri nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, Nazirliyin saytında və “facebook” səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi vasitəsilə qeydiyyatı imkanı yaradılıb.