“Qurban varlı adamı xəsislikdən, hərislikdən qoruyur”- kimlər kəsməlidir, şərtləri nələrdir

0
36

Qurban həm varlıya, həm də kasıba səslənişdir. Varlı Allah rizası üçün qurban kəsir, başqalarına yardım edir və kəsdiyi qurbanı möhtac insanlara paylayır. Qurban varlı adamı xəsislikdən, dünya malına hərislikdən qoruyur. Yoxsul da varlı insanlardan qurban əti alaraq, Allaha  şükür edir. Dünya nemətinin yer üzündə bərabər paylanmamasına baxıb bədbinliyə düşmür, əksinə, özünü cəmiyyətin bir üzvü kimi, hiss edir. Dinimizdə qurbanın yeri bəllidir və zənnimcə, mütəxəssislər başda olmaqla xalqımız qurbanın qiymətini, önəmini çox yaxşı başa düşür. Son günlərdə çox tez-tez eşitdiyiniz kimi qurban Allah yolunda malın, canın, hər şeyin fəda edilməsi, Allaha təslim olmaq və ona şükür etmək deməkdir. Qurban kəsmək Kitab, Sünnə və İcmayi-ümmətlə sabitdir. “Qurani-Kərim”in “Rəbbin üçün namaz qıl və qurban kəs”  (“Kövsər” surəsi, 108/2) məallı ayəsinin qurbana işarə etdiyini bir çox İslam alimləri tərəfindən təsdiqlənmişdir. Peyğəmbərimiz (s.ə.s.) də İbn Macədə və Müsnəddə verilmiş bir hədisi-şərifində “İmkanı olub qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın” deyə buyurmuşdur. Bu və bunun kimi hədislərə əsaslanaraq, Hənəfi fiqh  (İslam hüququ) alimləri qurban kəsməyin vacib olduğu qənaətinə gəlmişlər.

Qurbanı kimlər kəsməlidir, qurban kəsməyin şərtləri nələrdir və s. mövzuları elmi  hal kitablarına həvalə edərək, başqa bir məsələni xatırlatmaq istəyirəm. “Qurani-Kərim”in “Maidə” surəsinin 27-29-cu ayələrində bizə Həzrəti Adəmin  (ə.s.) iki övladının əhvalatı bu şəkildə nəql edilir. Cənabi Allah buyurur: “(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun  əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı.  (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər! Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən  (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!” Qurani-Kərimdə və heç bir səhih hədisi-şərifdə Həzrəti Adəmin (ə.s.) bu iki oğlunun adlarından bəhs edilməsə də, “Kütubü-salifə”də  onların adının Habil və Qabil olduğu bildirilir. İki qardaş arasında bir məsələdən ötrü anlaşmazlıq çıxır və nəticədə Qabil qardaşı Habili qısqanclıqla, haqsız yerə öldürür. Quran bu iki qardaş arasında meydana gələn hadisəni ən xırda detallarına qədər izah etmir. Çünki meydana gələn hadisə zaman və məkanla bağlı deyil. Burada  əsas olan adlar deyil, şəxsiyyətlər və onların təmsil etdikləri düşüncə, ortaya çıxan nəticədir. Təfsirlərdə və digər İslami əsərlərdə yazıldığına görə (bu mövzuda məlumatın çoxu yəhudi qaynaqlarından gəlir), Qabil əkinçi, Habil isə çoban idi. Hər ikisinə də Allahdan qurban əmri gəlincə, Qabil qoyun kəsmək istəməmişdi. Məhsulunun yaxşı yerindən də qıymamış, ən pis buğdalardan bir dəstə bağlayaraq qurban etmişdi. Habilin qurbanı qəbul, Qabilin qurbanı isə rədd edilmişdi. Elə o vaxtdan insan Allahın qoyduğu ibadət qaydalarına öz məntiq və ağlını qarışdırmışdır. Qurbana da öz məntiqi ilə yanaşmışdır. Qurban sözünün mənası “yaxınlıq” ola-ola  onu özündən uzaqlaşdırmışdır. Bu gün də qurbana eyni məntiqlə baxanlar var. Ancaq hamı bilməlidir ki, Allaha yaxınlaşmaq üçün bir vasitə olan qurban xüsusiyyətləri təsbit edilmiş bir heyvanı müəyyən edilmiş vaxtda ibadət məqsədi ilə və üsuluna uyğun kəsmək deməkdir. Onun qaydası Allah tərəfindən ortaya qoyulmuşdur. İnsanların bir ibadət yerinə başqa bir ibadəti yerinə yetirmələrinə və yaxud da  şəklini dəyişdirmələrinə heç bir haqları yoxdur.

QURBAN İXLASI ÖYRƏDİR

Qurban ibadəti yalnız Allahın adına kəsilir. Bəli, qurban Allahın əmri olduğuna görə və sırf Allahın adına, Onun rizasını qazanmaq üçün kəsilir. Elə ixlas da budur. Qurbanda Hz. İbrahim və oğlu Hz. İsmail kimi, Hz. Məhəmməd Mustafa da ixlas təlimindən keçir. Allah-Təalanın Qurani-Kərimdə “Rəbbin üçün namaz qıl və qurban kəs” əmri bunu açıq-aşkar ortaya qoyur.

“(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona “Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” deyə vəhy etməyək”. Məhz qurban da daxil olmaqla bütün ibadətlərdə İlahinin muradı budur. Bir halda ki Allah təkdir, o zaman bütün ibadətlər də məhz Ona edilməlidir. Bəli, qurban Allaha yaxınlaşmaq və yalnız Onun rizasını qazanmaq üçün kəsilir. Allahdan qeyrisinin adına heyvan kəsmək haramdır və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Allah Ondan qeyrisinin adına qurban kəsənə lənət etsin,”  – deyə  xəbərdarlıq etmişdir. Qurbanda ixlasın təlimini birbaşa Allah-Təala verir: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”

QURBAN ALLAHIN ƏMRİNƏ TƏSLİMİYYƏTİN VƏ İSTİQAMƏTİN GÖSTƏRİCİSİDİR

Qurban ibadəti möminlərə Hz. İbrahim və Hz. İsmailin təslimiyyətini xatırladır”.

Qurban Allaha təslimiyyətin, təmənnasız sevginin və fədakarlığın ifadəsidir. Qurban ibadəti möminlərə Hz. İbrahim və Hz. İsmailin təslimiyyətini xatırladır. Hz. İbrahim və  İsmailin Qurban əmrinə itaəti qurban ibadətinə əmanət edilən müqəddəs xatirənin elə özüdür, onların adının daim əziz tutulmasıdır, yad edilməsidir. Hz. İbrahimin “Allahım, məni məndən sonra gələnlərə gözəl xatirə et” duasının qəbul olunmuş şəklidir, lakin bizim üçün daim Onu xatırlamaqda bir ibadət tərbiyəsi, bir təslimiyyət dərsi, bir təvəkkül və qədərə razılıq nümunəsi var. Hz. İbrahim Allah-Təalanın  əmrinə təslim olaraq öz oğlunu qurban etməyə,  Hz. İsmail də Allah rizası üçün qurban edilməyə razı olmuşdu. Ona görə də Qurban bayramlarında qurban kəsmək üçün bıçağını götürən hər bir mükəlləf müsəlman Qurbanın  tarixini, əbədi xatirəsini, xatirədəki o möhtəşəm həqiqəti təfəkkür etməli, əsrlərə boylanıb iman və əməllərini kamala çatdırmağa çalışmalıdır. Məlum olduğu kimi,  əyyami-təşrik adlanan təşrik günlərində oxunan təkbirlər Hz.  İbrahim, Hz.  İsmail və Hz. Cəbrailin məşhur Qurban hadisəsində ideal mövqeyini və qulluğunu bəyan edir.

QURBAN QONŞULUQ  HAQQINA RİAYƏTİ QÜVVƏTLƏNDİRİR

Qurban ibadəti qonşuluq haqqını və onun əsl mahiyyətini də öyrədir. Axır zamanda bir-birindən uzaqlaşmış qapı qonşularına qonşuluq haqqını xatırladır, bayram qapıları ilə birlikdə könül qapılarını da bir-birinin üzünə açmasına kömək edir. Qurban eyni binada yaşaya-yaşaya bir-birindən salamı belə əsirgəyən insanlardan ibarət bir toplumda bu sədləri dağıdıb şəxsi işinə, öz dünyasına qapanmış “mən” mərkəzli adamları yenidən insan içinə çıxarır və çıxması üçün şərait hazırlayır. “Ev alma, qonşu al” məsəlinin həqiqətinə bu gün daha çox ehtiyac var. Necə yəni? İnsan ev aldığı kimi qonşularının da könlünü almalıdır. Qurban “yaxşılığın qulu olan insanların” bir-biri ilə ən rahat yaxınlaşması, qaynayıb-qarışması üçün fürsətdir. Qonşuluq bəzən bir bayram süfrəsindən başlayır…