Zərdabın Şahhüseynli kəndində seçicilərlə görüş keçirilib

0
33

Referendum üzrə “Bələdiyyə” Təşviqat Qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 19.09.2016-cı il tarixdə Zərdab rayonunun Şahhüseynli kəndində seçicilərlə görüş keçirib.
Zerdab.com saytına verilən məlumata görə, görüşü Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, Referendum Aktı haqqında geniş məlumat verib. Təşkilat sədri Konstitusiya İslahatlarının zərurətdən qaynaqlandığını və inkişafa xidmət etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən millət vəkili Elman Nəsirov bildirib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial-siyasi və iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir.
Görüşdə millət vəkilləri Cavid Osmanov Konstitusiya İslahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, seçiciləri fəal olmağa və sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.
Millət vəkili Jalə Əliyeva isə bildirib ki, Konstitusiya İslahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: “Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək”.
Görüşdə çıxış edən Zərdab Bələdiyyə təşviqat qrupunun üzvü, Şəhər bələdiyyəsinin sədri Əyyub Babayev qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır: “Bu inkişaf və tərəqqi yolunda isə zamanın tələbi olaraq müəyyən dəyişikliyə getmək zərurəti yaranır və sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində bütün seçiciləri fəal olmağa çağırıram”.
Daha sonra Bələdiyyə təşviqat qrupunun üzvü Möhübbət Osmanov, Otmanoba kənd sakini Gülanə Bayramova çıxış edib seçiciləri Referendum aktı layihəsinə səs verməyə çağırıblar.

Zerdab.com