Mən şəhidəm…

0
81

Gözümü açanda öz evimizdə idim. Çox qəribədir. Bu necə ola bilər axı? Axı mən dünən gecə döyüşdə idim. Yox, yox, ola bilməz. Axı bir gecəyə mən bura necə gəlib çıxmışam? Məni buraya kim gətirib? Dünən gecə olanları beynimdə canlandırdım. Ağdərə uğrunda qızğın döyüş gedirdi. Mərmi yağış kimi üstümüzə yağırdı. Hər tərəf duman idi. Göz-gözü görmürdü. Şanlı Azərbaycan əsgərləri “ALLAHU ƏKBƏR” deyə-deyə kafir erməni ordusuna atəş açırdılar. Komandir hərdən “irəli”, hərdən də “təkbir” deyə qışqırırdı. Əsgərlərimizin gözlərini qan bürümüş, cəsarətlə irəli addımlayırdılar. Gözlərim komandirə sataşdı. Sinəsindən güllə yarası almışdı. Düşünmədən mərmi yağışı altında komandirə tərəf qaçmağa başladım. Qollarından tutaraq sürüməyə başladım.

Gerisini xatırlamıram… Yox. Yadıma düşmür. Axı dünən gecə nə baş verdi? Biz qələbə çaldıqmı? Komandir yaşayır, yoxsa şəhid oldu?

Başımı yuxarı qaldırdım. Anam başımın üstündə idi. Bir portreri qucaqlayıb, gözlərini bir nöqtəyə zilləyib. Gözlərindən yavaş-yavaş yaş axır. Deyəsən, qardaşımı düşünür. Axı qardaşım şəhid olub. Vətənə borcunu ödəyərkən snayper gülləsinə tuş gəlib. Dayan… Deyəsən, xatırlamağa başlayıram… Hə. Mən komandiri sürüyə-sürüyə düşərgə istiqamətində aparırdım… Yox… Ola bilməz… Tam sinəmdəm bir güllə dəydi və ayıldığımda burdayam. Tez sinəmə baxdım. Paltarım qan içində idi. Otağa ani nəzər saldım. Bəli, bura mənim doğulub boya-başa çatdığım ev idi. Gözümdə sarayalar qədər qiyməti olan balaca bir daxma. Qoxusu belə əzizdir mənim üçün. Sonra üzümü anama tutdum. “Ana” dedim. Amma cavab gəlmədi. Bir daha təkrar etdim. Deyəsən, fikri uzaqlarda idi. Qəfildən qulağıma bir səs gəldi. Yüzlərlə insan bir səslə qışqırırdı. Yavaş-yavaş anlamağa başladım səsi: “Şəhidlər ölməz, vətən bölünməz”. Kim idi axı şəhid olan? Tez çölə qaçdım. Həyətimizin ortasında üç rəngli bayrağa sarınmış tabut var idi. Köhnəlmiş taxta darvazanın üstünə Azərbaycanın bayrağı asılmışdı. Həyət insanla dolmuşdu. Çöldə yüzlərlə insan var idi. Hamısı bir ağızdan qışqırırdılar: “Şəhidlər ölməz, vətən bölünməz”. Atam tabutun qarşısında dayanmışdı. Gözlərinin yaşını silirdi. Bu nə demək idi axı? Kim idi şəhid olan? Mən? Yox… Ola bilməz… Mən axı sağam. Yavaş-yavaş irəliləməyə başladım. İnsanlar sanki məni görmürdülər. Heç kəs mənə fikir vermirdi. Tabutun önünə doğru addımlayırdım. Ürəyimi heç vaxt bürüməyən bir həyəcan bürüdü. Tabutun önünə keçdim və ordakı şəkilə nəzər saldım. Gözlərim bərəldi, dilim tutuldu. Sanki əcəlin gözünə baxdım o an. Gözlərimdən yaş sel kimi axdı. Özümü topladım, gözümü yumdum, üzümü səmaya tutaraq və qışqıraraq bu sözü deyə bildim: “Mən şəhidəm”

Müəllif: İmran Zərdablı