Zərdabda möhtəşəm layihənin icrasına başlanıldı: 10 min hektar ərazi susuzluqdan xilas olacaq – FOTOLAR

0
27

30 yanvar 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasını təmin etmək üçün 160 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi barədə məlumat verib. Bu ərazilərin suvarma suyu ilə təminatını mühüm vəzifə kimi qarşıya qoyub. Hacıqabul və Şamaxı rayonlarında 10 min, Zərdab rayonunda isə 10 min hektar torpağın suvarılmasını reallığa çevirək layihələrin həyata keçrilməsi “Azərsu” ASC-yə  tapşırılıb.

Zerdab.com saytı xəbər verir ki, Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisindəki 10 min hektar torpağın suvarma təminatını həyata keçirmək məqsədilə “Azərsu” ASC real tədbirlərə start verib. Qurumun rəhbərliyi layihənin icra olunduğu əraziyə baş çəkərək icraçı təşkilatlar qarşısında duran vəzifələrə bir daha aydınlıq gətirib. Layihəyə əsasən Kür çayının sahilində Təzəkənd kəndi ərazisində gücü 3 kubmetr/saniyə olan su nasos stansiyası tikilir. Hazırda su qəbuledicinin və su nasos stansiyasının tikintisi üçün torpaq işləri, eləcə də özülün tikilməsi üçün metal payaların quraşdırılması işləri sürətlə davam etdirilir. Əkin sahələrinə suyun nəqlini təmin etmək məqsədilə diametri 1400 mm, uzunluğu 15 km olan magistral su xəttinin tikilməsi nəzərdə tutulub. Boruların 1 km-i əraziyə gətirilərək qaynaq işlərinə başlanılıb. Su nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək məqsədilə layihələndirmə işləri başa çatdırılıb və Zərdab 35/10 kilovoltluq yarımstansiyasından obyektə qədər 6,5 km uzunluqda yeni 35 kv-luq hava xəttinin çəkilişi işlərinə də başlanılıb. Qeyd edək ki, bu mühüm layihə bir neçə icraçı təşkilat tərəfindən yüksək peşəkarlıqla həyata keçiriləcək. Bəyimli qəsəbəsinin ərazisində yeni əkin dövriyyəsinə daxil edilmiş sahələrdə əsasən pambıq və taxıl əkiləcək.

Bundan əlavə Zərdabın Əlvənd və Otmanoba kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 3,4 kilometr nov kanalları şüşə lifli novlarla əvəzlənir. Nov kanalları Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə “Qarabağ-R” MMC tərəfindən çəkilir. Artıq 1,5 kilometr məsafədə işlər başa çatdırılıb. Yeni nov kanalı hər iki kənddə, ümumilikdə, 700 hektardan çox əkin sahəsinin normal su ilə təmin olunmasına imkan verəcək. Təmir-bərpa işlərinin may ayında yekunlaşdırılması nəzərdə tutulub.