Zərdabda 2017-ci ilin 1-ci rübündə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib

0
30

Zərdabda cari ilin birinci rübündə rayonda  görülən işlər və qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabatına dair geniş şura yığıncağı keçirilib. Zerdab.com saytı xəbər verir ki, yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, 2017-ci ilin birinci rübü ərzində respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər Zərdab rayonunun da sosial-iqtisadi həyatında özünü göstərib: “Ötən müddət ərzində Zərdabda xeyli işlər görülüb və bu işlər hazırda da davam etdirilir. Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi bütövlükdə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına və makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərib. Rüb ərzində rayon iqtisadiyyatının əsas sahələrində 15 milyon 825 min 300 manatlıq məhsul istehsal edilib. Həyata keçirilən tədbirlər nəticəsində rayonda 130-u daimi olmaqla 328 yeni iş yeri yaradılıb. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam edib. 2017-ci ilin məhsulu üçün 19753,5 ha sahədə payızlıq taxıl əkilib, sahələrdə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri görülüb və digər aqrotexniki tədbirlər həyata keçirilib. Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq pambıqçılığı daha da inkişaf etdirmək məqsədilə əlverişli və münbit torpaq sahələri müəyyənləşdirilib. 3153,7 ha sahədə pambıq əkini üçün müqavilə bağlanılıb, birinci rübün sonunadək 3175,2 hektarda şum, 2600 hektardan çox sahədə arat suvarması aparılıb, rüb ərzində emal müəssisələri tərəfindən fermerlərə vermək üçün 93 tondan çox çiyid tədarük edilib. Səpinin optimal müddətdə başa çatdırılması üçün bütün mövcud imkanlardan səmərəli istifadə olunur”.

İcra başçısı qeyd edib ki, rayonda bütün işlər uğurla icra olunur və bunlar deməyə əsas verir ki, zərdablılar 2017-ci ildə də əvvəlki illərin ənənəsini qoruyub saxlayacaq, hər bir sahədə yeni uğurlara imza atılacaq. Bunun üçün hər bir sahədə nizam-intizamın yüksəldilməsi, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi üçün konkret tədbirlər görüləcək.

Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olunub.

Yığıncaqda Rayon İcra Hakimiyyəti Başçısının Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabit Heydərov, Gəlmə bələdiyyəsinin sədri Abdul Orucov, Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev və digərləri çıxış ediblər.

Sonda müvafiq qərar qəbul edilmiş və yığıncaq iştirakçıları adından ölkə Prezidentinə müraciət ünvanlanıb.

Zərdab-hesabat