Yüksək bal yığan Zərdablı qızla bağlı yayılan məlumat YALAN İMİŞ – MÜSAHİBƏ

0
33

Zərdab rayonunun Yarməmmədbağı kənd tam orta məktəbinin abituriyenti Aytən Şirinovanın repetitor yanına getmədən 662 bal toplaması barədə ilk məlumatı “Yeniavaz.com” saytı biz yaymışdıq. Sonradan məsələ ictimailəşdi və onun bu uğurunu telekanallar da yayımlamağa başladılar. Lakin 2 gündür sosial şəbəkələrdə Zərdabın Lələağacı kəndində yaşayan Aytən Şirinovanın kasıb ailənin övladı olması ilə əlaqədar Bakıya gəlib təhsil ala bilməməsi barədə doğru olmayan məlumatlar yayılıb. İddia olunub ki, onun qalmağa yeri, kirayə ev tutmağa imkanı, kitab-dəftər almağa pulu olmadığından, universitetdə oxumaqdan imtina edib.

Halbuki belə bir şey yoxdur və yayılan məlumatların əsası yoxdur. “Yeniavaz.com” saytı olaraq bununla bağlı “facebook” sosial şəbəkəsində ilk paylaşımı edən Aylin İsmayılova adlı xanımla və Aytənin oxuduğu məktəbin direktoru Kamal Soltanovla əlaqə saxladıq. Əvvəlcə Aylin xanımın suallarımıza cavabını təqdim edirik:

– Aylin xanım, necə oldu ki, belə bir paylaşım etdiniz. Axı Aytənin atası saytlara açıqlamasında heç kimin köməyinə ehtiyacı olmadığını bildirir…

– Zərdab rayonundan bununla bağlı bir insan mənə müraciət eləmişdi. Mənə müraciət edən adam sosial şəbəkədə bildirib ki, bu insanların ehtiyacı var ki, qız oxusun. Yoxsa mən haradan tapardım bu ailəni, haradan bilərdim? Yazışmalar hamısı da durur, o insan mənə necə müraciət eləyib, nə yazıb. Mən də insanlıq borcumu yerinə yetirdim.

Dedim ki, mənə bir əlaqə nömrəsi verin, Aytənin dayısının nömrəsini verdi. Çünki ata-anasında telefonu yoxdur, dayısının telefonu var. Mən də dayısı ilə əlaqə saxladım ki, insanlıq borcumu yerinə yetirim. Mənim də övladlarım var, qızlarım var, onlara təhsil verməyi düşünürəm. Düşündüm ki, bu qız da oxusun, təhsildən qalmasın. “Facebook”da paylaşım edib, insanlardan kömək istədim. Amma gördüm ki, hərə özünə necə sərf eləyirsə, o cür yazır.

– Saytlarda həmin xanımın evlərinin qarşısında fotosu da yayılıb…

– Atadır də, istəmir qızının şəkli internetdə olsun. Amma Allah şahiddir ki, mən qızın fotosunu paylaşarkən üzünü gizlətmişdim. Amma başqa səhifələr, jurnalistlər, aparıcılar haradan tapıblar, necə quraşdırıblar, bilmirəm. Dayısı mənə zəng vurdu ki, belə bir şey olubmu? Dedim vallah, mənim xəbərim yoxdur həmin şəkillərdən. Dedi ki, fotoları silin. Yoxsa hər yoldan keçən zəng vurur, narahat edir.

Atasının telefonu yoxdur, mən hamı ilə danışıram. İnanırsınız, peşiman olmuşam həmin xəbəri paylaşmağa. Bilməzdim ki, bu qədər insan zəng vuracaq, hərə bir söz deyəcək. Dayısı yaşlı bir adamdır. Dayısı da yorulub artıq. Deyir gündə zəng vururlar. Dayısı mənimlə danışdı, dedi ki, xahiş edirəm, yığışdırsınlar həmin məlumatları.

Bəziləri özlərini reklam etməkdən ötrü paylaşırlar, özlərinə reytinq yığırlar, amma ortada bir şey yoxdur. Bu düzgün bir şey deyil. Halallıq almadan o qızın üzüaçıq şəklini necə paylaşa biliblər? Mən fotosunu götürmüşəm, amma üzü görünmür…

– Dediyinizdən belə aydın olur ki, sizə sosial şəbəkədə ilk dəfə kimsə məlumat ötürüb. Bəs niyə məhz sizə? Harada çalışırsınız ki, sizə müraciət ediblər?

– Mən heç bir təşkilatda işləmirəm, biz könüllü olaraq xeyriyyə işləri görürük. Rayonlara gedirik, ərzaq aparırıq, geyim aparırıq. Bir neçə rayonda olmuşuq, sabah da Şamaxıya gedəcəyik. Mən və 10-15 nəfər dostum yığışıb belə işlər görürük. Sosial şəbəkədə mənim dostluğumda olan bir insan yazdı ki, belə bir ailə var, ona da kömək edə bilərsinizmi? Mən də bildirdim hə, niyə etmirik? Beləliklə, dayısı ilə əlaqə yarandı. Paylaşım etdim və sonrası da belə oldu…

Aytəş Şirinovanın oxuduğu İ. Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin direktoru Kamal Soltanovun suallarımıza cavabı:

– Kamal müəllim, məlum vəziyyətdən sizin də xəbəriniz var. Nə baş verir?

– Yayılan məlumatlar düzgün deyil. Aytən hələ seçim etməyib. Seçimini etməmiş haqqında məlumat yerləşdiriblər ki, Bakıya gələ bilmir, ev tuta bilmir. Axı bu necə ola bilər? Bütün saytlardan bu gün zəng vurublar. Hətta kanallar da çəkilişə gəlmək istəyiblər, amma ailəsi imtina edib. İnsanın adını bu qədər hallandırmaq doğru deyil. Bir insanın xəbəri olmadan onu bu qədər ictimailəşdirmək olmaz. Bu gün onlar heç kəslə danışmaq istəmirlər. Saytlardan, təşkilatlardan çoxlu sayda zəng olub. Artıq danışmaq istəmirlər. Çünki saytların çoxunda məlumatlar düzgün getməyib.

– Aytənlə əlaqə saxlamısınızmı, nə deyir bu barədə?

– Paylaşımlar, yalan məlumatlar Aytənə pis təsir eləyib. Mən bu gün bir neçə dəfə onunla əlaqə saxlamışam. Məlumatın belə verilməsi onu məyus edib. Bu məlumatlar səngisə, çox yaxşı olar. Aytənin bacısı Aqrar Dövlət Universitetində oxuyur. Gəncədə təhsil alır. Əgər Aytən hələ seçim eləməyibsə, harada oxuyacağını bilmirsə, ev tapa bilmir, Bakıya gələ bilmir yazmaq nə dərəcədə düzgündür? Onlar buna görə narahatdırlar. Hətta saytlar Aytənin balını da düzgün yazmırlar. Rayon təşkilatları da maraqlanırlar bu məsələ ilə bağlı. Soruşular ki, nəyə görə belə məlumat yayılıb? Əgər köməyə ehtiyac olarsa, rayon var, rayon təşkilatları var, köməklik olunacaq. Bax, vəziyyət belədir. Valideynləri də bu doğru olmayan məlumata görə inciyirlər. Mən bütün sosial şəbəkə istifadəçilərindən, saytlardan xahiş edirəm ki, əsası olmayan belə məlumatlar yaymasınlar.

Yeniavaz.com