Repetitor yanına getmədən yüksək bal toplayan Aytəni xanım həmyerlimiz himayəyə götürdü – FOTO

0
Vəfa Muradzadə

Zərdab rayonunun Yarməmmədbağı kənd tam orta məktəbinin abituriyenti Aytən Şirinovanın repetitor yanına getmədən 662 bal toplaması barədə məlumat vermişdik. Lakin sonradan sosial şəbəkələrdə Zərdabın Lələağacı kəndində yaşayan Aytən Şirinovanın kasıb ailənin övladı olması ilə əlaqədar Bakıya gəlib təhsil ala bilməyəcəyi barədə məlumat yayıldı. Bu xəbər ölkə mətbuatının gündəminə çevrildi və hər kəs Aytənin ali təhsil ala bilməyəcəyi xəbərindən çox məyus oldu.

Nəhayət, bu nigarançılığa son qoyulub. Zerdab.com saytı xəbər verir ki, Aytən Şirinovanı elə öz həmyerlimiz, Azərbaycanın tanınmış xanım iş adamı Vəfa Muradzadə öz himayəsinə götürüb.

Qeyd edək ki, Vəfa Muradzadə “Vəfa collection” sərgi-satış mərkəzinin rəhbəridir, Azərbaycanda öz brendini yaradan sahibkar xanımdır.

Vəfa Muradzadə saytımıza açıqlamasında Aytən Şirinovanın ailəsinin imkansızlığı səbəbindən təhsil ala bilməyəcəyi xəbərini eşidəndə çox narahat olduğunu bildirdi: “Xəbəri eşidən gün Aytənin ailəsi ilə əlaqə saxladım, vəziyyətləri ilə maraqlandım. Həmin dövrdə onlara çoxlu zənglər gəldiyindən düşünürdülər ki, mən də sadəcə zəng vurub maraqlananlardan biriyəm. Lakin mən Aytənin valideynlərinə onu öz himayəmə götürmək istədiyimi, təhsil ala bilməsi üçün lazım olan hər şeyi öz öhdəmə götürə biləcəyimi bildirdim. Dəfələrlə zəng vurub maraqlandığımı, fikrimin qəti olduğunu görən ailəsi dediklərimlə razılaşdı. İnşallah, Aytən üçün lazım olan hər nədirsə, əlimdən gələni edəcəyəm, təhsil alıb vətənimiz, dövlətimiz üçün layiqli bir kadr kimi yetişməsi üçün dəstəyimi əsirgəməyəcəyəm. Vətənini, dövlətini sevən bir insan kimi bu mənim ürəkdən gələn vətəndaşlıq borcumdur. İstəyirəm hər kəs Aytənin artıq himayəyə götürüldüyünü bilsin və artıq-əksik söhbətlərə son qoyulsun”.

Qeyd edək ki, Aytən Şirinova bu günlərdə anası ilə Bakıya gəlib və Vəfa Muradzadə ilə görüşüblər. Aytən və valideynləri bu diqqətə, səmimiyyətə görə xanım iş adamına minnətdarlıqlarını bildiriblər.

Biz də bu münasibətlə Aytəni və onun valideynlərini təbrik edir, xanım iş adamına isə diqqətindən dolayı təşəkkürümüzü bildiririk.

Şərh yaz

Please enter your comment!
Please enter your name here