Gələn il Zərdabda çəltik əkini sahələri 300 hektara çatdırılacaq – FOTOLAR

0

Vətəni Hindistan hesab edilən çəltik hazırda dünyada əsas ərzaq növlərindən biri sayılır. Qabıqdan təmizlənmiş halda düyü adlanan məhsul zəngin tərkibli qidadır. Çəltiyin küləşindən isə keyfiyyətli kağız, karton alınır, habelə heyvandarlıq təsərrüfatında qaba yem kimi istifadə edilir.

Çəltikçilik ölkəmizdə də geniş yayılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, ölkənin daxili istehsal hesabına ərzaq məhsulları ilə tam təmin olunması istiqamətində görülən işlər respublikamızda həm də çəltikçiliyin inkişafına güclü təkan verib. Bu il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı məsələlərinə dair müşavirədə dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələr Zərdabda da çəltikçiliyin inkişafına güclü təkan verib və rayonda bu istiqamətdə perspektivlər müəyyənləşdirilib.

Ötən il rayonda 70,5 hektar, bu il isə üç dəfə çox – 202 hektar sahədə çəltik əkilib və 787,7 ton məhsul istehsal olunub. Hər hektarın məhsuldarlığı 39 sentnerə çatıb. Rayonun bir sıra yaşayış məntəqəsində, o cümlədən Yuxarı Seyidlər, Alıcanlı, Körpükənd, Qoruqbağı, Məmmədqasımlı, Pərvanlı inzibati ərazi dairələrində torpaq mülkiyyətçiləri çəltikçiliyin inkişafına öz töhfələrini verirlər. Təsadüfi deyil ki, gələn il rayonda əkin sahələrinin 300 hektara çatdırılması proqnozlaşdırılır.

Cari mövsümdə 12,5 hektar sahədə çəltik yetişdirən və hər hektardan 40,2 sentner məhsul götürən Burunlu kəndindən ailə-fermer təsərrüfatının başçısı Əziz Peşmanov söhbət zamanı çəltikçiliyin sərfəli, gəlirli sahə olduğunu söyləyərək, gələn mövsümdə əkin sahəsini iki dəfə artıracağını deyib: “Çəltikçilik nəsilliklə məşğul olduğumuz sahədir. Öz keyfiyyəti ilə seçilən bizim yerli sortlar nəinki milli xörəklərin, habelə müxtəlif qənnadı məmulatlarının hazırlanmasında, habelə təbabətdə xüsusi əhəmiyyət kəsb edir. Çəltikçiliyin inkişaf etdirilməsi üçün dövlət dəstəyindən yararlanaraq, gələn il əkin sahəsini daha da artıracağıq”.Azertac

Şərh yaz

Please enter your comment!
Please enter your name here