Azərbaycanda ilk dəfə – “”Poliqon” Strateji İntellekt oyunu üzrə Universiada” keçirilir

0

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “”Poliqon” Strateji İntellekt oyunu üzrə Universiada” keçirilir. “Yeniavaz.com” saytına verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etmək, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, milli intellektual oyunlar hərəkatını genişləndirmək və bu fəaliyyətin ənənəvi forma almasını təmin etmək, gənclərin intellektual və strategiya qurmaq potensiallarını üzəçıxarmaq, özünə inam, özünü dərk hissini aşılamaq və inkişaf etdirmək, gəncləri zərərli vərdişlərdən çəkindirmək və onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, müxtəlif tələbə təşkilatları və intellektual klublar arasında əməkdaşlığın genişlənməsinə imkan yaratmaq, gənclər arasında sağlam rəqabət mühiti yaratmaqla onları daha da inkişafa sövq etməkdir.

Xüsusilə qeyd edək ki, yeni yaradılmış milli intellektual bilik yarışı olan “Poliqon” Strateji İntellekt oyunu (Poliqon SİO) gənclərin intellektual inkişafına dəstək olmaqla yanaşı, hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması və strategiya qurmaq qabiliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyan yeganə intellektual oyundur.

Artıq Bakı şəhərində yerləşən ali təhsil ocaqlarında “”Poliqon” Strateji İntellekt oyunu üzrə Universiada”nın seçim turlarına start verilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində, Qərb Universitetində, Azərbaycan Univesitetində və Azərbaycan Kooperasiya Universitetində 50-dən çox komandanın iştirak ilə keçirilən seçim turlarına yekun vurulub. Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və digər universitetlərdə seçim turları davam edir.

Universiadanın seçim turları başa çatdıqdan sonra 36 komanda final mərhələsinə vəsiqə qazanacaq və final oyununda I, II və III yerin qalibi olmuş komandalar mükafatlandırılacaqlar.

Qeyd edək ki, “Poliqon Strateji İntellekt oyunu üzrə Universiada”nın seçim turlarına qatılmaq istəyən komandaların qeydiyyatı davam edir. Layihədə iştirak etmək istəyən komandalar www.facebook.com/Poliqonsio/linkində qeydiyyatdan keçə bilərlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here