Tur-aksiyada iştirak edən Zərdablı tələbənin təəssüratları

0
31

Əbəs yerə deməyiblər ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Bəli, insanın biliyi, savadı, dünyagörüşü maraqlı yerlərdə olmaqla, fərqli insanlarla ünsiyyət qurmaqla artır. Mən Zərdab rayon Həzi Aslanov adına 3 saylı tam orta məktəbin X a sinifində təhsil alıram. Var gücümlə çalışıram ki, gələcəkdə ali məktəbə qəbul olum, validəynlərimin, müəllimlərimin başını uca edim. Amma təhsillə yanaşı, insan bəzən gəzmək, arzuladığı yerlərdə olmaq istəyir. Mənim xəyallarımda olan bu arzum özüm də gözləmədiyim anda gerçəkləşdi. Bu yaxınlarda məktəbimizdə mənə ”Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcəyimi dedilər. Sevincimin həddi-hüdudu yox idi, çünki mənə çox böyük etimad göstərmişdilər. Təhsil, məktəblilər həmişə Prezidentimiz cənab İlham Əliyevin, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın diqqətindədir. Gənclərə necə qayğı ilə yanaşdıqlarının bir daha şahidi oldum. Bunun üçün Prezidentimizə, Vitse-prezidentimizə öz minnətdarlığımı bildirirəm. Bu aksiya bizim ölkəmizi çox yaxından tanımağımıza bir şərait yaratdı. İllərdir kitablardan aldığımız məlumatların canlı şahidi olduq. Qəbələ, Şəki və Zaqatala rayonlarının qədim tarixini, mədəniyyətini, sənayesinin inkişafını gözlərimizlə gördük. Qəbələ rayonunda Heydər Əliyev mərkəzinə, Mədəniyyet Evinə, “Beltmann” piano zavoduna, Tarix-diyarşünaslıq muzeyinə, Qəbələ Əyləncə mərkəzinə, Katolik kilsəsinə (Alban məbədi), Şəki rayonunda Heydər Əliyev mərkəzinə, Şəki Xan sarayına, Şəki Tətbiqi-sənət muzeyinə, Zaqatala rayonunda Heyder Əliyev mərkəzinə, Zaqatala qalasına, Zaqatala Tarix-Diyarşünaslıq muzeyinə getdik. Qəbələ rayonunda keçirilən intellektual yarışda iştirak etdik və 2-ci yeri qazandıq. Biz qalibiyyətlə rayonumuza qayıtdıq. Səfər zamanı bizə göstərilən diqqət, qarşılanma, yaradılan şərait hamımızı heyran etdi. Özümə dostlar tapdım. Başqa rayonlardan olan yoldaşlarımızla fikir mübadiləsi etdik, dərslərimizdən danışdıq. Bu üç gün mənim dünyagörüşümün formalaşmasında böyük rol oynadı. Səfərə yollanarkən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bizə uğurlar arzuladı və qələbə ilə geri dönəcəyimizə əmin olduğunu söylədi. Bizə göstərilən bu etimada və qayğıya görə cənab Lütvəli Babayevə öz minnətdarlığımı bildirirəm. Bu aksiyada iştirak etmək hər bir şagirdin arzusudur. Məhz mənə göstərilen bu qayğıya görə məktəbimizin direktoru Rəna müəllimə, bu aksiyada bizimlə birgə olan və əziyyətimizi çəkən Solmaz müəllimə, Kamil müəllimə, Rza müəllimə, Zöhrab müəllimə, Gülağa müəllimə və Xavər həkimə dərin minnətdarlığımı bildirirəm.
Ədibə Abdullayeva, Zərdab rayon Həzi Aslanov adına 3 saylı tam orta məktəbin X a sinif şagirdi