Xatirəsi qəlbimizdən silinməyəcək

0
41
Müzəffərov Gülməmməd - Zərdab

Rayonumuzda gözəl və xeyirxah ziyalı, mütəxəssis kimi tanınan, uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış Müzəffərov Gülməmməd bir müddət öncə haqq dünyasına qovuşub. Çoxumuz onu qiyabi olaraq tanısaq da, həyat yolu haqqında dərin bilgiyə sahib deyilik.
Məlumat üçün bildirək ki, Gülməmməd Nurəhməd oğlu Müzəffərov 1951-ci il aprelin 14-də Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuşdu. Orta məktəbi doğma kənddə bitirmiş, Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Kənd Təsərrüfatı Akademiyası) baytar həkimi ixtisasına yiyələnmişdi.
1975-ci ildən təyinatla Məmmədqasımlı kəndində – o vaxtkı H. Zərdabi adına kolxozda baytar həkimi işləyən G. Müzəffərov gənc mütəxəssis kimi üzərinə düşən işlərin öhdəsindən bacarıqla gəldiyi üçün 1979-cu ildə daha məsul vəzifəyə Zərdab rayon Ətlik mal-qara qəbulu idarəsinə müdir təyin edilmişdi. 1989-cu ildən isə ona respublikamızın ən böyük damazlıq təsərrüfatı olan Zərdab rayon Camışçılıq sovxozunun direktoru vəzifəsi etibar olunmuşdu.
Gülməmməd Müzəffərov 1993-1995-ci illərdə Zərdab rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra etmişdir.
G. Müzəffərov bütün ömrü boyu rayonumuzun, o cümlədən doğma Məmmədqasımlı kəndinin inkişafı üçün əlindən gələni etmişdir. O, hər zaman sadə vətəndaşlarla ünsiyyətdə olur, onlara dəyərli məsləhətlər verirdi. Amansız ölüm bu gözəl və xeyirxah insanı sıralarımızdan aparsa da, onun unudulmaz xatirəsi qəlbimizdən heç vaxt silinməyəcək.
Allah rəhmət eləsin!