Zərdab Rayon Arıçılar Birliyi yaradıldı

0
34

Zərdab rayon Kənd Təsərrüfatı İdarəsində rayon arıçılarının yığıncağı keçirilib. Zerdab.com saytına verilən məlumata görə, iclası Kənd Təsərrüfatı İdarəsinin rəisi Vidadi Bayramov açıb və kənd təsərüfatının bu sahəsinin inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, sədr müavini Sabir Mustafayev və Təşkilat komitəsinin sədri Şahin Cəfərov çıxışlar ediblər və arıçıları Assosiasiyada birləşməyə çağırıblar.

Çıxışlardan sonra arıçılar Assosiasiyaya üzv olublar və Zərdab Rayon Arıçılar Birliyini yaradıblar. Səsvermə ilə 24 nəfər səs çoxluğu ilə Eldar Xəlilovu özlərinə sədr, 19 nəfərin səs çoxluğu ilə Faiq Məmmədovu isə Nəzarət-təftiş komissiyasının sədri seçiblər. Seçkidə 6 səs toplamış Cahid Məmmədəliyev qalib gələ bilməsə də, yeni seçilmiş sədr Eldar Xəlilov arıçılıqda təcrübəsini, bacarığını və gəncliyini nəzərə alaraq onu özünə müavin təyin edib.

İclasın sonunda sual-cavab olub. Arıçılar rayonda ancaq Kür qırağında arıçılıqla məşğul ola bildiklərini, amma pambıq tarlalarının da yaxında olduğunu və bu səbəbdən də pambığın dərmanlanması zamanı arılarının məhv olduğunu bildiriblər. Eyni zamanda Zərdab rayonunun əsas şossedən kənarda yerləşdiyindən, qonşu rayonlarla kommunikasiyanın zəif olmasında satış məsələsində çətinlik çəkdiklərini bildirdilər. Keyfiyyətsiz dərman məsələsi də qabardıldı. Arıçılar xahiş etdilər ki, Arıçılar Assosiasiyası dərmanların birbaşa istehsalçıdan arıçılara çatdırılmasında yardımçı olsun. Bildirilib ki, bəzi hallarda saxta dərmanlar gətizdirilib arıçılara satılır və sonda keyfiyyətsiz olduğuna görə arıçı ziyana düşür, arıları qırılır. Arıçılar xahiş etdilər ki bu məsələ əsas məsələ kimi birinci həll olunsun. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bütün problemləri qeyd edib və idarə heyətinin icasında onları müzakirə edəcəyinə söz verib.

İclasdan sonra xatirə şəkilləri çəkdirilib. Zərdab rayonu Azərbaycan Arıçılar Assosiasiyasının regionlarda yaratdığı 43-cü şöbəsi olub.

Zərdab Aricilar Birliyi - Eldar Xəlilov