Zərdabda hesabat yğıncağı keçirilib

0
29

Zərdab rayonunda 2017-ci ildə ümumi məhsul buraxılışının həcmi 107 milyon 715 min manat olub ki, bu da əvvəlki ildəkindən 10 milyon 244 min manat çoxdur. Buraxılan məhsulun 65 milyon 400 min manatı və ya 60,7 faizi bölgə iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür.

Bu məlumatlar dekabrın 9-da Zərdabda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən hesabat yığıncağında səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin məruzəsində, eləcə də çıxışlarda əvvəlcə aqrar sektorun ayrı-ayrı sahələrində görülən işlərdən, qazanılan uğurlardan danışılıb. Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı, xüsusən ixracyönümlü məhsulların istehsalı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqların icrası istiqamətində konkret tədbirlərin görüldüyü diqqətə çatdırılaraq bildirilib ki, hesabat ilində 480 qutu (9120 qram) inkubasiya olunan baramaqurdu toxumundan 27 ton 55 kiloqram barama istehsal edilib. Bu, əvvəlki ildəkindən 4 dəfə çox olmaqla, respublikada ən yüksək göstəricidir. Baramaqurdunun bəslənilməsində 611 nəfər rayon sakini çalışıb, təhvil verilən baramaya görə kümçülər 243 min manat vəsait alıblar. Prezident İlham Əliyevin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə Məlikli kənd sakini Abbasov İsrayıl İsmayıl oğlu yüksək nəticəyə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Hesabat ilində 19 min 753,5 hektar sahədən 58 min tondan çox taxıl istehsal olunub ki, bu, rayon tarixində ən yüksək nəticədir. Keçən il adambaşına taxıl istehsalı 1017 kiloqram olub. 2017-ci ildə 3232,3 hektardan 3199,3 ton pambıq, 202 hektardan 788 ton çəltik istehsal edilib. Hesabat ilində aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr yaxşı olub. Süni mayalandırma yolu ilə inişilkindən 159 baş çox olmaqla, 1083 baş cinsi yaxşılaşdırılan sağlam bala alınıb.

Ötən il rayonda əkinəyararlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə 10 min hektar ərazinin suvarma suyu ilə təminatı üçün Kür çayından 15 kilometr su xətti çəkilib.

Məruzə və çıxışlarda tikinti-quruculuq və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, məktəb tikintisi və təmiri, qazlaşdırma sahələrində həyata keçirilən layihələrdən, görülən işlərdən geniş bəhs olunub. Əhalinin içməli su ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərdən də ətraflı danışılıb. Bildirilib ki, Prezidentin 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən Dəkkəoba, Salahlı və Gəlmə kəndlərinə içməli su xətti çəkilib və 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb.

Müzakirələrdə iqtisadiyyatın ayrı-ayrı sahələrində görüləcək işlər geniş müzakirə olunub, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışılıb.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və həyata keçirilən islahatlardan, cari ildə qarşıda duran konkret vəzifələrdən və bu vəzifələrin həlli yollarından danışıblar.