Zərdabda bayram tədbiri keçirilib

0
Zerdab-Novruz

18 mart 2018-ci il tarixdə Zərdabda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

www.zerdab.com saytına verilən məlumata görə, öncə Rayon İcra Hakimiyyətində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla, o cümlədən aztəminatlı ailələrlə görüş keçirilib. Görüşdə sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısı barədə məlumat verilib. Tədbirin sonunda həmin ailələrə bayram sovqatları paylanılıb.
Daha sonra Heydər Əliyev parkında ümumrayon şənliyi təşkil olunub. Meydan boyu açılan bayram süfrələri, yerli müəssisələrdə istehsal olunan məhsulların sərgisi, milli adət-ənənələrimizin qədimliyindən soraq verən palaz, kilim, cəhrə, dördayaq, nehrə kimi əşyalarla tanışlıq şənlik iştirakçılarında xoş hisslər yaradıb. Bayram tonqalı alovlandırıldıqdan sonra Dədə Qorqudla Bahar qızı Oğuz igidlərinə, xatınlarına əmin-amanlıq, bol ruzi arzulayıblar.

Zərdab ictimaiyyətinə bayram təbriklərini çatdıran Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Novruz adətlərinin zənginliyindən, insanlara xoş hisslər aşılamasından söz açıb. Bildirib ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı son illər təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşüb.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız öz adət və ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutur, onları qoruyub saxlayır və daha da inkişaf etdirir. Rayon rəhbəri vurğulayıb ki, artıq hər il Novruzun yeni nailiyyətlərlə qeyd edilməsi ənənəyə çevrilib. Respublikamızın hər yerində olduğu kimi builki Novruz bayramı Zərdabda da böyük sevinclə, yüksək təntənə ilə qeyd olunur.
Son dövrdə ölkəmizdə bütün sahələrdə qazanılan uğurlar Zərdab rayonundan da yan keçməyib, rayonun sosial-iqtisadi inkişafı, aqrar sahənin inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, insanların sosial problemlərinin həlli istiqamətində konkret tədbirlər görülüb.
Daha sonra Novruz bayramına həsr olunmuş əl işlərindən ibarət sərgi, rəqs qruplarının, musiqi kollektivlərinin nümunəvi çıxışları, keçəl və kosanın məzəli oyunları, idmançıların nömrələri, at yarışları maraqla qarşılanıb. Məktəblilər qədim oyunlarımızı nümayiş etdiriblər. Meydan boyu yuxa, kətə, aş, qutab, şəkərbura, paxlava bişirilib. Əli xonçalı qızlar şənlik iştirakçılarına Novruz sovqatları paylayıblar.
3000 ədəddən yuxarı səməni ilə bəzədilən parkda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası da təşkil olunub, yarmarkada satılan məhsullar alıcılara bazar qiymətlərindən 15-20 faiz ucuz təklif olunub.
Zərdabda Novruz şənlikləri el gəzintisi və bayram konserti ilə davam etdirilib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 + 2 =