QORİ SEMİNARİYASININ VƏ ODESSA UNİVERSİTETİNİN İLK ZƏRDABLI MƏZUNU
VƏ YA AĞABAĞI AXMAZININ SAHİLİNDƏKİ TƏNHA QADIN MƏZARI KİMİNDİR?

Zərdab rayon Qeydiyyat bölməsinin rəisi Rahim İsgəndər oğlu Nuriyevi—bu sadə, səmimi, təvazökar gənci hər dəfə görəndə istəsəm də, istəməsəm də, onun çoxdan dünyasını dəyişmiş doğma və əzizlərinin bolşevik repressiyalarından min bir əzab çəkmələri təsəvvürümdə canlanır və məni kədər bürüyür.
Başı bəlalar çəkən Nuriyev Şirin Məhəddin oğlu 1884-cü ildə Zərdabın Əlvənd kəndində doğulub və Həsən bəy Zərdabinin qohumu Novruzəli bəyin öz hesabına Əlvənddə açdığı dördsinifli rus-tatar məktəbində, sonra da Qori seminariyasında təhsil alıb. Ardınca da Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Nəriman Nərimanovla birgə Odessa universitetində oxuyub.

Qori-seminariyasi-Zerdab-Agabagi-Sirin-bey

Şirin bəyin atası Məhəddin kişinin çoxlu mal-qarası və mülkü olub.
Yeri gəlmişkən deyək ki, Həsən bəy Zərdabi Əlvəndə–qohumu Novruzəli bəygilə gedəndə Məhəddin bəyin də qonağı olurmuş. Şirin bəyin H.B. Zərdabinin oğlu Midhət bəylə foto-şəkli Zərdabdakı Zərdabi muzeyindədir.
Şirin Nuriyev 1916-cı ildə rus zadəgan qızı Zoya xanımla evlənib, bu ailə həyatı 1937-ci ilədək–Şirin bəy həbs olunan günə qədər davam edib. Onu da deyək ki, sovet hakimiyyətindən əvvəl Kür sahilindəki bütün «qara motor»ları quran və onların sahibi Şirin bəyin qayınatası Petro adlı sahibkar imiş. Ailənin Seyid, İsgəndər, Nuru, Bayram adlı oğulları və Sona adlı qızları olub.
Şirin bəy 1917-ci ildə Məmmədəmin Rəsulzadə ilə tanış olub, milli Azərbaycan hökumətinin yaranmasında iştirak edib, Demokratik Cümhuriyyət dövründə Göyçay qəza idarəsində məsul vəzifələrdə çalışıb. Rus inqilabından əvvəl Rusiya Dövlət Dumasının nümayəndəsi olan Ş. Nuriyev bolşevik təqibinə məruz qalıb, tələbəlik dostu N. Nərimanovun köməyi ilə V. İ. Leninlə görüşüb və repressiyaların ilk mərhələsindən xilas ola bilib.
Sonralar o, Azərbaycanın kənd təsərrüfatı naziri Əhməd Xəlilovla (Kürdəmir rayonu) dost olub və birgə iş qurub, 1930-cu ildə Salyan pambıq zavodunun Əlvənd şöbəsini açıb, pambıq alış-veriş məntəqəsi yaradıb. 1935-ci ildə bolşeviklər Şirin Nuriyevi o illərdə Zərdabın Kürqırağı meşələrində yaşayan məşhur qaçaq Saday bəylə əlaqədə ittiham edərək həbsxanaya salıblar. Şirin bəyin günahsızlığı sübut olunub və həbsdən buraxılıb. Lakin 1937-ci ildə o yenidən həbs olunaraq Rusiyanın qarlı Arxangelsk vilayətinə sürgün olunur və 1942-ci ildə oradakı islah-əmək düşərgəsində əzab-əziyyət içində vəfat edir.
Şirin bəyin atası Məhəddin kişinin indiki Əlvənd, Ağabağı, Mehdililər kəndlərindən tutmuş Bəyimli qəsəbəsi ərazisinədək böyük torpaq sahələri və tikililəri vardı. Bu gün də Ağabağı kəndinin yaxınlığındakı axmazı əhali «Məhəddin axmazı» adlandırır. İndiki Bəyimli ərazisində Musa və Məhəddin qardaşlarının yataq yeri var. Məhəddin bəyin əmlakı müsadirə edilmiş, Əlvənddəki ikimərtəbəli mülkü xəstəxanaya çevrilmişdir.
1937-ci ildə Şirin bəyi həbs edəndə atası Məhəddin kişini də qandallayıb aparırlar. Amma o, ağır şəraitə və əzablara dözməyərək Göyçay həbsxanasında vəfat edir, doğma Əlvənd qəbristanlığında dəfn olunur.
Şirin Nuriyevin oğlu İsgəndər Nuriyev Bakıda Hüsü Hacıyev adına Kənd Təsərrüfatı İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirmişdir. Maraqlıdır ki, İsgəndərin Nuriyevlər ailəsinin bu gün də qoruyub saxladığı venetkasındakı şəkillərdən aydın olur ki, 1935-ci ildə AKTİ-ni bitirən təqribən 100 nəfərdən cəmi 30-35-i azərbaycanlı, çoxu erməni, qismən gürcü, rus və yəhudilərdir. İsgəndər hərbi xidmətə çağırılmış, “Stavropoltikinti”də hərbi mühəndis-hidrotexnik işləmiş, 1943-cü ildə müəmmalı şəkildə həlak olmuşdur.
Şirin bəyin anası Seyid Sonanın tənha məzarı Ağabağı axmazının sahilindədir. Əri və uşaqları repressiya olunduğuna görə bu qadın qəbristanlıqda deyil, axmaz kənarında tək-tənha dəfn edilib. Şirin bəyin arvadı Zoya xanımın məzarı Şəftəhal qəbristanlığındadır.
Sovet dövründə Şirin bəyin bir qayını Yaroslavl şin zavodunun direktoru, arvadı Zoyanın digər qardaşı isə Krasnodar vilayət partiya komitəsinin katibi işləyib.
Nuriyevlər ailəsi 1956-cı ildə SSRİ-nin rəhbərlərindən olan K. Voroşilovun imzası ilə məktub almış, həmin məktubda repressiya olunmuş Nuriyevlərə heç bir günahları olmadığı üçün bəraət verildiyi rəsmən yazılmışdır.
Haqq-ədalət bərpa olunmuşdur… amma çox, lap çox gec…
Şəkillərdə:
1. Şirin bəy.
2. Qori seminariyasının tələbələri. Soldan 2-ci, ayaq üstə duran Şirin bəydir.

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.