Əsir ağacın hekayəti

0
esir agacin hekayeti

Bu iki çinar ağacını dostu və adaşı Məhəmməd dayı Qoruqbağı kəndinin yuxarı hissəsinə 1982-ci ilin bir yaz günündə əkmişdi. Məhəmməd dayı onlara qonaq gedəndə bu ağacları aparıb öz kəndlərində əkməsi üçün çıxarıb ona vermişdi.

Ağacları götürüb öz kəndinə – Kəlbəcərin Sarıdaşına gəlmişdi. Həmin gün səhərdən axşama qədər həyətdə vurnuxsa da, axşamtərəfi hansısa qeyri-adi bir hissin təhriki ilə həmin ağacları kəndin yuxarı başına əkmək qərarına gəlmişdi. O gün Məhəmməd dayı üçün həm də ona görə fərqli gün idi ki, həyat yoldaşı Yasəmən xanımın vəfatının bir ili tamam olurdu. Məhəmməd dayı Yasəmən xanımı tələbəlik illərində sevib seçmişdi. Eşidənlər, bilənlər: “Yasəmən şəhər qızıdır, kəndə gəlməz”, – deyib, onu bu sevgidən daşındırmağa çalışsalar da bir şey alınmamışdı. Sonralar Yasəmən Məhəmmədin “məni sevirsənsə, kəndə köçməlisən” fikri ilə razılaşmış və onlar ailə qurmuşdular. Birgə yaşadıqları bu illər ərzində bir dəfə də olsun aralarında söz olmamışdı Məhəmmədlə Yasəmənin. Kənddə mehriban, xoşbəxt ailədən söz düşəndə hamı onları misal göstərirdi. Ancaq bu evlilik uzunömürlü olmadı. Evliliklərinin 11-ci ilində Yasəmən ağır xəstəlikdən dünyasını dəyişdi.

Kəndin yuxarı başına bu ağacları əkəndə, nədənsə, Məhəmməd dayıya elə gəlmişdi ki, o bununla həm də özünün və Yasəmənin sevgisini torpağa əkir…

***

İllər sonra bu çinar ağaclarının altı kənd cavanlarının görüş yerinə çevrildi. Çinar ağacları nələrə şahid olmurdu ki…

İlk görüşün həyəcanından dili söz tutmayan kim, baxışları ilə dünyanın ən xoş sözlərini sevdiyinə deyən kim, çinarların dibində sevgi məktubunu gizlədən kim…

Kənd sakinləri bu ağacların əkildiyi yerə “Çinarlı” adını vermişdilər…

***

Bəzən insanlara elə gəlir ki, sevgi hissi ancaq onlara məxsusdur. Məsələn, insanlar hələ də ağacların da sevdiklərini, ailə qurduqlarını, hətta övladlarının olduğunu bilmirlər. Məhəmməd dayının əkdiyi bu iki çinar ağacı da bir-birilərini sevirdilər. Bu iki ağacın arasındakı boş yerdə boy atmaqda olan balaca çinar isə onların övladı idi…

***

Bu çinar ailəsinin xoşbəxtliyi 1993-cü il, aprel ayının 2-nə, Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunan günə qədər davam etdi. Kəlbəcərin işğalı təkcə bu rayonda yaşayanların ailələrinə yox, “Çinarlı” ailəsinə də bədbəxtlik gətirmişdi.

Həmin dəhşətli günü Ata Çinar unuda bilmirdi. Çəkdikləri narkotikin təsirindən gözləri qızmış erməni əsgərləri Kəlbəcərli 63 yaşlı Sona xalanı Ana Çinara bağlamış və tankla üstündən keçmişdilər.

Tank geriyə hərəkət edəndə isə “Çinarlı” ailəsinin yeganə övladı balaca çinar ağacını da tapdalamış, üstündən keçmişdi. Daha sonra erməni əsgərləri tanka doluşub Laçına doğru hərəkət etmişdilər. Ancaq Ata Çinara toxunan olmamışdı.

***

Sonradan nələrin şahidi olmadı, hansı faciələrlə üzləşmədi ki, Ata Çinar. Yanında baş kəsdilər, insan gözü çıxardılar, hamilə qadının qarnını yardılar, bələkdəki körpəni vəhşi itlərə atıb parça-parça etdilər, yenicə ailə qurmuş gənclərin əl-ayağını bağlayıb qayadan atdılar, əsir götürülmüş kəlbəcərli əsgərin gözləri önündə anasını tikə-tikə doğradılar…

Belə hadisələrin birini Ata Çinar uzun müddət unuda bilmədi.

…Kəlbəcərin işğalından bir həftə əvvəl 19 yaşlı Vüsal əsgər getməsi münasibətilə hamıdan gizlin sevdiyi qızı, Aliyəni “Çinarlı”ya gətirmişdi. Elə şirin, elə səmimi söhbət edirdilər ki…

Ayrılmağa bir neçə dəqiqə qalmış Vüsal əlindəki bıçaqla Ata Çinarın üzərinə ürək şəkli çəkdi. Bıçağın yeri ağrıtsa da Ata Çinar dözürdü. Onsuz da üzərində sevənlərdən yadigar qalan bu cür yazıların sayı-hesabı yox idi.

Ürək şəkli hazır olandan sonra Vüsal Aliyənin, Aliyə isə Vüsalın adının baş hərfini oraya yazdı…

Bu xoşbəxt anlardan bir neçə gün sonra elə həmin yerdəcə erməni əsgərləri Aliyənin gözü qarşısında Vüsalın başını kəsdilər.

Ən dəhşətlisi o idi ki, Vüsalın başı bədənindən ayrılsa da, gözləri bir neçə gün əvvəl çinarın üzərinə çəkdiyi ürəyə zillənmişdi…

***

2008-ci il… Həmin vaxtdan illər ötürdü. Bu illər ərzində Ata Çinar əməlli-başlı qocalmışdı. Yəqin elə buna görə idi ki, ermənilər Kəlbəcərdəki əksər ağacları qırıb daşısalar da, meşələri yandırsalar da, ona toxunan olmamışdı…

***

“Kəlbəcər bizim tarixi torpaqlarımız olub. Biz artıq neçə illərdir dünya ictimaiyyətinə bunu izah etməyə çalışırıq”. Erməni Avanesyanın Kəlbəcərə səfərə gəlmiş avropalı tədqiqatçı, tarixçi alimə verdiyi bu yalan və iftira dolu məlumatlar Ata Çinarı dəhşətə gətirdi. Yəqin dili olsaydı, hər şeyi açıb danışar, Avanesyanın dərsini verərdi.

Dili olsaydı, kəndə gələn Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə azərbaycanlı əsirlərin yerini deyərdi…

Avanesyan tarixçi alimi aldatmaqda davam edirdi: “Qazıntılar zamanı Kəlbəcərdə erməni mədəniyyətinə aid çoxlu sayda qədimi əşya tapılıb”.

Ata Çinar bu dəfə səbrini basa bilmədi və ən iri budaqlarından biri qırılaraq şaqqıltı ilə Avanesyanın başına düşdü.

Avanesyan yerə yıxılıb ağrının təsirindən bar-bar bağırırdı. Ən böyük budaqlarından birinin sınması Ata Çinarı incitsə də, Avanesyanın dərsini verdiyi üçün rahatlıq tapdı.

Avanesyanı köhnə “Moskviç”ə mindirib sınıqçıya apardılar. Yolda Avanesyanın başını “Moskviç”in pəncərəsindən çıxarıb, erməni dilində Ata Çinara “Mən sənə göstərərəm” deməsi bu dilsiz-ağızsız əsiri yaxında daha böyük faciələrin gözləməsindən xəbər verirdi…

***

Kəlbəcər işğal olunandan sonra Ata Çinar kəlbəcərli əsirlər qədər əzab-əziyyət çəkmişdi. Və bu, bir daha təsdiq edirdi ki, əsirlik təkcə insanlara aid olan faciə deyil. Əslində ağaclar da əsir olur.

***

Avanesyanın vəziyyəti yaxşılaşsa da, əsəbdən özünə gələ bilmirdi. Onun səhər tezdən birbaşa dəmirçi Karapetyanın sexinə gəlib, balta sifariş verməsi də buna işarə idi. Karapetyan: “Qonşu, səhər tezdən xeyir ola, baltanı neynirsən?” sualını verəndə əsəbdən Avanesyanın gözləri qızardı: “Gərək Kəlbəcərdə azərbaycanlılardan bir dənə də əsər-əlamət qalmasın. Hətta qoca bir ağac olsa belə”…

***

Məhəmməd dayı Kəlbəcəri tərk edəndən sonra Bakıda məcburi köçkünlər üçün ayrılmış yataqxanaların birində məskunlaşmışdı. Yasamal rayonunda yerləşən bu yataqxanada onu, demək olar ki, hamı tanıyırdı. Əməllərinə, səmimiyyətinə, xasiyyətinə görə böyükdən kiçiyə hər kəsin sevgisini qazanmışdı Məhəmməd dayı.

Ancaq bir neçə gün idi ki, xəstə yatırdı. Ürəyindəki şiddətli sancılar ona nəfəs almağa belə imkan vermirdi. Xəstələnməmişdən bir gün əvvəl yuxuda “Çinarlı”nı görmüşdü Məhəmməd dayı. Ancaq qonşuların təkidinə baxmayaraq, yuxuda nə gördüyünü danışmırdı.

Xəstə yatdığı bu üç gün ərzində xeyli zəifləmişdi, gözləri zəif görür, qulaqları çox ağır eşidirdi. Hər dəfə gözünü yumanda “Çinarlı”nı, açanda isə dumanlı da olsa başına toplaşmış qonşularını görürdü. Ona görə də gözünün tutulmasını, xəyalən də olsa, “Çinarlı”ya doyunca tamaşa etməyi arzulayırdı Məhəmməd dayı.

Birdən ona qəribə bir darıxma gəldi. Elə bir darıxma ki, yataqxanadakı bütün qonşular gəlsəydilər, onu yataqda saxlaya bilməzdilər.

Darıxması bir az da artdı. Ancaq dili söz tutmadığı üçün içindəkiləri qonşulara çatdıra bilmirdi.

Qonşular onun can verdiyini düşünüb molla çağırdılar. Molla Yaqub “Quran” oxuyur, ara-sıra Məhəmməd dayının üzünə baxırdı və baxdıqca da tükləri biz-biz olurdu. Molla Yaqub çox can verənlər görsə də, beləsinə ilk dəfə rast gəlirdi.

Yarım saat sonra Məhəmməd dayının başının üzərində duran qonşular gördükləri mənzərədən dəhşətə gəldilər. Öləcəyini zənn etdikləri Məhəmməd dayı yataqda yarıoturaq vəziyyətdə uşaq kimi hönkür-hönkür ağlayırdı. Kəlbəcərli qonşuları Məhəmməd dayının halından anladılar ki, bu dəqiqələrdə “Çinarlı”da nə isə qeyri-adi, dəhşətli bir hadisə baş verir…

***

Səhər saat 10 idi. Avanesyan artıq Ata Çinarı doğrayıb yük maşınının kuzovuna yığmışdı…

Müəllif: Nicat İntiqam

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here