Zərdab rayonunun Əlvənd kəndinin adına bir çox tarixi mənbələrdə rast gəlinir. Bu da ondan qaynaqlanır ki, Əlvənd kəndi nəinki ölkəmizin – Şərqin ən qədim kəndlərindən biridir. Bu baxımdan hesab edirik ki, tarixçilər Azərbaycanımızın tarixini araşdırarkən Əlvənd kəndinə xüsusi önəm verməlidirlər. Məsələn, yaxşı olardı ki, telekanallarımızda bu kəndin keçmişi ilə bağlı məlumatlar verilsin.

Zənnimizcə, ölkəmizin qədim kəndlərinin, qədim adət-ənənələrinin tanıdılması baxımından bu kənddə çəkilişlərin aparılmasına, bu kəndin ümumən ölkə əhalisinə tanıdılmasına çox böyük ehtiyac var. Bu kənddə kimlər olmadı ki? Bu kənd kimləri qarşılamadı, kimləri yola salmadı ki? Şah İsmayıl Xətainimi deyək, Ağası xanımı deyək?

Hələ qədim zamanlarda Kür çayı əlverişli keçid rolunu oynayırdı və bu baxımdan Zərdabın özü də, kəndləri də strateji cəhətdən mühüm əhəmiyyət kəsb edirdi. Tarixi mənbələrdə Şah İsmayıl Xətainin Zərdab rayonunda, həmçinin Əlvənd kəndində olduğu iddia edilir. Hətta Şah İsmayıl Xətainin Zərdaba gəldiyi dövr tarix olaraq dəqiq göstərilir: 1500-1501-ci illər. Şah İsmayılın başçılığı altındakı Səfəvi qoşunları Zərdab ərazisindən keçərək Şamaxıya gedib.

Dəfələrlə xatırlanıb, amma biz də yada salaq ki, A. Bakıxanov “Gülüstani-İrəm” əsərində göstərir ki, Ağası xan 1775-ci ildə Əlvənd kəndində oturaraq bütün Şirvanı idarə edib.

“Əlvənd bazarı” həmin tarixlərdə Şərqin böyük bazarlarından biri sayılıb. Buraya uzaq-uzaq şəhərlərin əhalisi alış-verişə gələrlərmiş. “Əlvənd bazarı”nda təkcə bu kəndin əhalisi deyil, bütün ətraf bölgələrdən gələnlər də çalışarmış. Karvanlarla buraya gələn tacirlər öz mallarını satar, dəyişər, həm də özlərinə lazım olan mal və məhsulları alarmışlar.

O dövrdə bu kənddə yaşayanların əksəriyyəti digər bölgələrdə yaşayanlarla müqaisədə xeyli varlı olublar. Bütün bunlarla yanaşı, əlvəndlilərin istiqanlılığı, mehribançılığı da buraya alış-verişə gələnlərin ürəyincə olarmış. Necə deyərlər, bir gələnlər bir də gəlmək istəyərlərmiş. Əlvəndlilərin sədaqətliliyi, mehribanlılığı, insanlarına olan inam və etibar “Əlvənd bazarı” ilə yanaşı, bu kəndin əhalisinin də şöhrətini artırırmış.

Lakin sonradan bizə məlum olmayan səbəblərdən bu bazarın əgər belə demək mümkünsə, bağlandığı və ya başqa əraziyə köçürüldüyü güman olunur. Amma başqa əraziyə köçürülmə ehtimalı bir qədər azdır. Çünki, strateji cəhətdən Əlvənd ən əlverişli nöqtələrdən birində yerləşirdi ki, bu da tacirlər üçün məqbul sayılırdı. Ola bilər ki, qədim Əlvənd kəndinə edilən hücumlar nəticəsində bu bazar dağıdılıb, yerlə-yeksan edilib.

Qeyd edək ki, zaman-zaman əhali qazıntı işləri apararkən bu ərazilərdən bir çox tarixi nümunələr aşkarlayırlar. El arasında belə bir fikir var ki, bu nümunələr daha çox karvan yolu olduğu ehtimal edilən ərazilərdən tapılır. Bunlardan çini və keramik qablar, mis pulları misal göstərmək olar.

Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayevanın www.zerdab.com saytına verdiyi məlumata görə, həmin əşyaların bir çoxu bu muzeydə qorunub-saxlanılır.

Bundan başqa, 1965-1970-ci illərdə Əlvənd kəndinin şimal-şərdində yerləşən “Dəvəçökəyi” adlanan ərazidə meliorasiya işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılıb. Bundan başqa kənddəki köhnə qəbiristanlığın ətrafında aparılan qazıntı işləri zamanı küp qəbirlər aşkara çıxıb. Lakin bu günədək həmin ərazilərdə rəsmi səviyyədə bu işlə məşğul olan müvafiq institutlar tərəfindən heç bir araşdırma aparılmayıb.

Əlvənd kəndi ilə bağlı məlumatlar kifayət qədərdir. Zaman-zaman bu mövzuda yazılarımız olacaq. Amma hesab edirik ki, “İpək yolu” ərazisindən keçən qədim Əlvənd kəndinə Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutu tariximizin öyrənilməsi, yeni və maraqlı məlumatların aşkarlanması baxımından diqqəti artırmalıdır, gənc alimlərin bu kəndlə bağlı araşdırmalar aparmasına dəstək göstərməlidir. Əlvənd kəndinin ərazisində arxeoloji qazıntıların aparılmasına ehtiyac var.

Əminik ki, bu kəndin ərazisində arxeoloji qazıntılar aparılsa, çox dəyərli maddi nümunələr aşkara çıxacaq.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here