Milli Mətbuat 143: Zərdabi həm də bir çox elmlərin əsasını qoyub

0
Zərdabi muzeyi

Azərbaycan Milli Mətbuatının 143 yaşı tamam olur

Həsən bəy Zərdabi Azərbaycanda aqrar elmlərin banisi, əkinçilik

mədəniyyətinin yaradıcısıdır

Dahi mütəfəkkir, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmuş Həsən bəy Zərdabi yaradıcılığı dövründə Azərbaycanda bir çox elmlərin əsasını qoymuşdur. Onun xalqının, millətinin tərəqqisi yolunda elmi, nəzəri, təcrübi işləri, ideyaları, tövsiyələri ilə göstərmiş olduğu xidmətlər hər bir Azərbaycan ziyalısına yaxşı məlumdur. Həsən bəyin və eyni zamanda, onun ailə üzvlərinin göstərmiş olduğu xidmətlər bu gün də öz aktuallığı ilə müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməkdədir.

Həsən bəy Zərdabinin çoxsahəli fəaliyyəti, çoxşaxəli elmi bilik sahibi olması respublika alimlərinin və ziyalılarının diqqətini cəlb etmiş, 1944-cü ildən başlayaraq ayrı-ayrı illərdə onun fəlsəfi, siyasi, hüquqi, iqtisadi görüşləri, materialist düşüncə tərzi, coğrafi görüşləri, demokratlığı, mədəni həyatımızda rolu, jurnalistliyi və çoxşaxəli elmi fəaliyyəti araşdırılmış, ölkənin tanınmış alim və ziyalılarının bütün bunlara dair bir çox dəyərli elmi məqalələri və qiymətli elmi-tədqiqat əsərləri işıq üzü görmüşdür.

Həsən bəy Zərdabinin bu günədək 40-dan çox tədqiqatçısı olmuş, onun həyat və yaradıcılığı ilə bağlı bir çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Lakin qeyd etmək lazımdır ki, obyektiv və subyektiv səbəblərdən Həsən bəy Zərdabi irsi, xüsusilə, aqrar elmlər-əkinçilik, bitkiçilik, torpaqşünaslıq, aqrokimya, yerquruluşu sahəsindəki fəaliyyəti bu günə kimi mükəmməl araşdırılıb tədqiq edilməmişdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar 1875-1877-ci illər ərzində Həsən bəy Zərdabinin dərc etdiyi elmi-təcrübi işlər və bir sıra müəlliflər tərəfindən yazılan tədqiqat əsərləri, onun kənd təsərrüfatının bütün sahələrini dərindən təhlil edən ensiklopedik biliyə malik alim olduğunu bir daha təsdiq edir.

Həsən bəy Zərdabi təkcə Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq, əkinçilik, aqrokimya, bitkiçilik, meyvəçilik və digər elmlərin deyil, eyni zamanda, bu elmlərlə sıx əlaqədə inkişaf edən yerquruluşu elminin də banisidir. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1865-ci ildən ilk əmək fəaliyyətinə Tiflisdə “Mejavaya Palata” İdarəsində yerquruluşçusu-torpaq islahatçısı kimi başlayan H.Zərdabinin bu sahədəki tarixi xidmətləri tədqiq olunmamışdır. Onun aqrar elmlərin və əkinçilik mədəniyyətinin banisi olmasının tarixi reallıqları barədə aparılan tədqiqatlarını, elmi, hüquqi və təcrübi məsələlərini az da olsa işıqlandırılmağa çalışmışıq.

Çar məmurlarının hədə-qorxularına məhəl qoymayan Zərdabi bəylərin, mülkədarların əsarəti altında aclıq və yoxsulluqdan əzab çəkən insanların acınacaqlı halına dözməyərək “Əkinçi” qəzeti vasitəsilə onları öz hüquqlarını müdafiə etməyə, azadlıqları və xoşbəxt gələcəkləri uğrunda mübarizəyə səsləyirdi.

O, “Əkinçi” qəzetinin 1876-cı ildəki sonuncu sayında yazırdı: “Niyə taqətimizi kəsirsiniz, niyə həvəsimizi öldürürsünüz? Niyə macal vermirsiniz dilini, sirrini bildiyimiz torpağı əzizləyək, oxşayaq, əvəzində ondan geyim, yemək, başucalığı alaq? Vallah-billah, torpaq onun dilini bilənindir. Bizim torpaq-Bizimdir!”. Və yaxud da “Əkinçi”nin 3-cü sayında yazırdı: “Necə ki, lal yavrunun dilini anası bilər, torpağın da qədir-qiymətini dərk edənlər anlayar”.

Bəli, vətənini, torpağını ana məhəbbətindən belə üstün tutan Həsən bəy Zərdabi millətinin xoşbəxtliyini, xoş gələcəyini ana torpağına bağlılıqda görür və insanları torpağın qədrini bilməyə, ondan doğru, düzgün, səmərəli istifadə etməyə səsləyir. Həsən bəy “Əkinçi” qəzetinin digər bir nömrəsində yazırdı: “Insan! Atadan, anadan küsər, amma torpaqdan inciməz, ona bivec münasibət bəsləməz. Çünki sümüyü onun içində, qoynunda dinclik tapacaq”.

H.Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kənd təsərrüfatında bir çox məsələlərlə yanaşı, torpağın elmi qaydada əkilib-becərilməsi, ondan daha səmərəli istifadə edilməsi haqqında bir çox izahlar və şərhlər vermişdir.

Torpağın məhsuldarlığının artırılması, torpağın keyfiyyətini, məhsuldarlığını və münbitliyini təyin etməyin, yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması yollarını, qaydalarını elmi əsaslarla kəndlilərə başa salır və bunun üçün birinci növbədə kompleks torpaq-yerquruluşu tədbirlərinin həyata keçirilməsini tövsiyə edirdi. Bu dövrdə Həsən bəy Zərdabi tam şəkildə əkinçilik, bitkiçilik, meyvəçilik, torpaqşünaslıq və aqrokimya elmlərinin nəzəri və təcrübi məsələlərini kütlələrə çatdırır və kompleks torpaq yaxşılaşdırıcı tədbirlərin tətbiqi üçün tövsiyələr irəli sürürdü.

Bütün bunlarla yanaşı, Həsən bəy o dövrdə Azərbaycanın kənd təsərrüfatının inkişafında, torpaqların əkilib-becərilməsində, məhsulun yığılmasında, istehsalında, eləcə də, müstəqil sənaye sahələrinin yaradılmasında və inkişaf etdirilməsində maşın- mexanizmlərin, texnika və texnologiyaların inkişafının və tətbiqinin böyük əhəmiyyətindən, dünya ölkələrində yaranan texniki yeniliklərin öz ölkəsində də həyata keçirilməsi zərurətindən söhbət açır, öz xalqını bu məsələlərin vacibliyinə inandırır, həmin sahələrdə milli mütəxəssis kadrlarının hazırlanmasının əhəmiyyətini ön plana çəkirdi.

Həsən bəy Zərdabda yaşadığı 1880-1896-cı illər ərzində əkinçilik və bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmış, təcrübələr qoymuş, yeni meyvə çeşidləri yetişdirmiş, müxtəlif kənd təsərrüfatı məhsulları istehsal etmişdir.

H.Zərdabi hələ rəsmi olaraq Tiflisdə torpaq idarəsində bir yerquruluşu mütəxəssisi kimi fəaliyyət göstərərkən 1861-ci ilin kəndli islahatının, 1864-cü ilin zemstvo islahatının məqsəd və məzmununu bilərək, bir kəndli ideoloqu olaraq, torpaq bölgüsü işinin aparılmasında, eyni zamanda, burada “8-ci mejavaya torpaq palatası”nda məhkəmə üzvü kimi kəndlilərin mənafeyini güdmüş və onların hüquqlarının müdafiəçisi olmuşdur.

Həsən bəy Zərdabi doğulduğu və hələ ilk ibtidai təhsil aldığı Zərdab kəndində zəhmətkeş kəndlilərin əsas məşğuliyyətinin torpaqla bağlı olduğunu yaxşı bilirdi. O dövrdə çarizmin ağır iş rejimində torpağı əkib-becərmək, məhsul yetişdirmək, halal zəhmətləri, alın tərləri ilə qazandıqları və çatacaq məhsulun hesabına ailələrini güclə dolandıran əhalinin dərdli-sərli problemlərini görmüş və bu məsələlər onu heç vaxt rahat buraxmamışdır.

Harada yaşamasından, təhsil almasından, işləməsindən asılı olmayaraq, xalqının iztirablı həyat tərzi, əsarət altında olması Həsən bəyi daim narahat etmişdir. Həsən bəy ömrünün sonunadək torpaqla bağlı problemlərin zəhmətkeş kəndlilərin xeyrinə həll olunması yolunda alovlu bir vətənpərvər, təcrübəli torpaq işçisi-yerquruluşçusu olaraq bəylərə, xanlara, mülkədarlara qarşı kəskin mübarizə aparmış, xalqına mənəvi dayaq olmuşdur. Torpaqların dilini-sirrini, hər qarışının qədrini bilən kəndlilərə verilməsi yolunda çox böyük xidmətlər göstərmişdir.

Həsən bəy Zərdabi təbiətşünaslıq, torpaqşünaslıq və bu elmlərlə, xüsusilə yerquruluşu ilə əlaqədar sahələrin mühüm nailiyyətlərini əsas etibarı ilə 1875-1877-ci illərdə redaktoru, naşiri, korrektoru, bəzən də mürəttibi olduğu “Əkinçi” qəzetində “Əkin və ziraət xəbərləri”, “Əf Ali-Əhli-Dehat” başlıqları altında dərc etmişdir. Zərdabinin fəaliyyəti Azərbaycanda yerquruluşu, təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya, əkinçilik, bitkiçilik elmlərinin inkişafında başlanğıc mərhələdir. Onun torpaqşünaslıq elmi haqda fikirləri əsasən dağ süxurlarının aşınması prosesindən, torpaqəmələgətirən amillərin rolundan, torpağın əmələ gəlməsindən, onun bir sıra fiziki-kimyəvi xüsusiyyətlərindən, münbitliyinin artırılmasından, torpaq analizlərinin əhəmiyyətindən, yararsız torpaqları yaxşılaşdırmaq üçün yerquruluşu və digər müvafiq tədbirlər sisteminin həyata keçirilməsindən, torpaqəmələgəlmə prosesində insanın istehsalat fəaliyyətindən və s. ibarət olmuşdur.

Azərbaycanda torpaqşünaslıq elminə ilk nəzəri və təcrübi baxış Həsən bəy Zərdabiyə məxsusdur. O, torpağı təbiətin yaratdığı ən dəyərli və müqəddəs hadisə hesab etmişdir. Torpaq biosferin əsas komponenti hesab edilir, insanlar maddi nemətləri torpaqdan alır. Həsən bəy Zərdabi bir təbiətşünas, torpaqşünas alim kimi torpağı əmələ gətirən amilləri göstərmişdir. 130 ilə yaxın bir dövrün keçməsinə və bu müddətdə torpaqşünaslığın bir elm kimi formalaşmasına baxmayaraq, Həsən bəy Zərdabinin torpaq haqda dedikləri öz aktuallığını itirməmişdir.

Rus torpaqşünaslıq elminin banisi hesab edılən V.V.Dokuçayevdən əvvəl torpaq elmi haqda Həsən bəy Zərdabi fıkir söyləmişdir. Məlum olduğu kimi, rus torpaqşünaslıq elminin banisi hesab edilən V.V.Dokuçayev torpağın əmələgəlməsi haqqındakı qiymətli fıkirlərini 1883-cü ildə “Rus qaratorpağı” adlı əsərində söyləmişdir. O, 1885-ci ildə yazırdı ki, “… torpaq a) ana süxurların, b) yerli bitki və canlı orqanizmlərin, v) yerli iqlimin, q) ərazinin relyefinin və d) ərazinin yaşının birgə fəaliyyətinin nəticəsidir”.

Dokuçayevin göstərdiyi torpaqəmələgətirən amillərə sonradan V.P.Vilyams tərəfındən insanın təsərrüfat fəaliyyəti də əlavə olunmuşdur. Qeyd etmək lazımdır ki, V.V.Dokuçayevdən 8 il əvvəl, hələ 1875-1876-cı illərdə H.Zərdabi torpağın əmələ gəlməsini izah etmiş və bu prosesdə dörd amilin: a) ana süxurun, b) bitki və canlı orqanizmlərin, v) iqlimin və q) insanın təsərrüfat fəaliyyətinin rolunu göstərmişdir.

Həsən bəy Zərdabi ilk dəfə torpaq təsnifatı haqda fikir söyləyərək, torpaqları mexaniki tərkibinə görə üç qrupa (qum, gil və əhəng adlandırdığı karbonatlı birləşmələr) bölmüşdür. Göründüyü kimi, Həsən bəy Zərdabi dövrün məşhur rus torpaqşünas alimləri olan N.M.Sibritsevdən və N.A.Kaçinskidən xeyli əvvəl mexaniki tərkibinə görə torpaqların təsnifatını vermişdir.

O, torpaqların meliorasiyasına, eroziyasına, becərilməsinə, münbitliyinin artırılmasına, səmərəli istifadəsinə, meşələrin salınmasına böyük diqqət yetirirdi. Lakin Zərdabi birinci növbədə burada torpaqların eroziyasında, münbitliyinin artırılmasında, meşəquruluşu işlərinin aparılmasında, torpaqdan səmərəli istifadə olunmasındayerquruluşutədbiriəri sisteminin tətbiqinin ön planda olduğunu göstərmişdir. Onun bu sahədəki elmi nəzəriyyələri indi də öz aktuallığını və əhəmiyyətini itirməmişdir.

Həsən bəy Zərdabi torpaq eroziyasından danışarkən onların qorunması yollarını göstərmişdir. Qeyd etmək lazımdır ki, dinamik proses olan eroziya respublikanın dağ və dağətəyi, eləcə də düzən zonalarını bürümüşdür.

Torpağın məhsuldarlığının artırılması ilə bağlı şumun hansı qaydada və nə qədər dərinlikdə aparılmasmı Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kəndlilərə çatdırırdı. Həmçinin yeni yerquruluşu tədbirlərinə və yeni inkişaf mərhələsinə qədəm qoyan torpaqşünaslıq, aqrobiologiya, aqrokımya, aqrotexnika elmlərinin naliyyətlərinin praktiki tətbiqi işlərinə əsaslanaraq, torpaqlardan necə və hansı yollar ilə daha səmərəli və düzgün istifadə olunması haqqında tövsiyələr verirdi.

Qeyd edək ki, ilk universitet təhsili alan azərbaycanlı, fitri istedad sahibi, çoxşaxəli elmi biliyə malik dünya şöhrətli alim, millət fədaisi Həsən bəy Zərdabi 1875-1877-ci illərdə “Əkinçi” qəzetindəki və 1899-1903-cü illərdə yazdığı “Torpaq, su və hava” əsərindəki elmi fikirlərilə Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya və digər aqrar elmlərlə bağlı olan bugünkü yerquruluşu elminin təməlini qoymuşdur.

Burada onu da diqqətə çattırmaq istərdik ki, Həsən bəy Zərdabinin “Torpaq, su və hava” əsəri ilk dəfə ayrı-ayrı məqalələr şəklində, müəllif tərəfindən “Həyat” qəzetinin 1905-ci il 11, 14, 18, 21, 25, 30, 35, 38, 54, 72, 76, 79-cu nömrələrində dərc olunmuşdur. 1907-ci ildə Həsən bəyin vəfatından sonra Yusif bəy Vəzirov (Çəmənzəminli) tərəfindən rəhbərlik edilən Kiyev islam tələbələrinin nəşriyyat heyəti İsa bəy Aşurbəyovun “Kaspi” mətbəəsində bu məqalələrin bir qismini toplayıb çap etdirmişdir. 1912-ci ildə həmin heyət, əsəri “№ 2” işarəsi altında ikinci dəfə çap etmişdir. Lakin bu əsər tərtib edilib işıq üzü görərkən həm 1907-ci il, həm də 1912-ci il nüsxələrinin bəzi hissələri nəzərdən qaçırılmışdır. Bu çapda Zərdabinin öz sağlığında çap etdirdiyi məqalələri əsas götürülmüş və buraxılmış, aşkar olunmamış və nəzərdən qaçırılmış hissələri orijinalda olduğu kimi bərpa edilmişdir.

Həsən bəy Zərdabi torpağın məhsuldarlığının artırılması, əkin yerlərinin daha qüvvətli olması məqsədilə torpağa yemləmə-kübrəverilməsinin əhəmiyyətini və onun tətbiqi üsullarını əhaliyə başa salır, bununla da süni münbitlik yaratmaqla torpaqdan səmərəli istifadə etməyin yeni yollarını göstərirdi. Eyni zamanda, Həsən bəy Zərdabi torpağın münbitliyinin təmin edilməsi və bərpası məqsədilə istifadə edilən kübrələrin hazırlanma və tətbiqi qaydaları haqqında da xalqına dəyərli tövsiyələr vermişdir.

O, hələ “Əkinçi” qəzetinin 20 sentyabr 1875-ci il tarixli, beşinci nömrəsində “Əkin və ziraət xəbərləri” bölməsində torpağa ilbəil eyni bitki əkildiyindən torpağın gücdən düşməsi, az məhsul verməsi səbəblərini, bir əkinin digər əkinlə əvəz olunmasını, əkiləcək bitkiyə tələb olunan qida maddələrinin verilməsinin zəruriliyini və bununla da növbəli əkin sisteminin tətbiqinin vacibliyini göstərərək yazmışdır: “Bir yerdə bir neçə il dalbadal əkin əkiləndə zikr olan otlara xörək olan şeylərin qədəri azaldığına əkin də ilbəil az bəhrə verir. Ona binaən belə yerə genə mərkur şeyləri qarışdırmaq gərək ki, əkin irəliki kimi bəhrə versin. Və bir də hər heyvan bir qisim xörək yeməyən kimi, hər əkinin də öz xörəyi var. Məsələn, bir yerdə küncüd bir neçə il dalbadal əkilsə, o yerin küncüdə lazım olan xörəyi azaldığına orada küncüd az bəhrə gətirir. Ona binaən o yerdə ya gərək qeyri əkin əkəsən, ya küncüdə lazım olan şeyləri o yerə qarışdırıb sonra küncüd əkəsən ki, küncüd genə yaxşı bəhrə versin”.

Zərdabi mexaniki tərkibə görə, qumu çox olan torpağı qumlu, əhəngi-karbonatlı birləşmələri çox olan torpaqları əhəngli, gili çox olan torpaqları isə gilli  torpaqlar adlandırırdı.

Həsən bəy Zərdabi torpaq əmələgəlmə prosesi ilə əlaqədar “Torpaq, su və hava” əsərində dağ süxurlarının aşınması, torpaq əmələ gətirən amillər barədə mülahizələrinin, tövsiyələrinin elmi əsaslarla şərhini vermişdir.

O, torpaqəmələgətirən süxurlardan yaranan torpağın mineral hissəsini, yəni qum, gil və əhəng kimi karbonatlı birləşmələri əkin üçün yararlı torpaqlar qrupuna daxil etmişdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Həsən bəyin bu sahədə elmi irsini dərindən tədqiq etdikdə məlum olur ki, dahi alim o dövrdə əkinə yararlı olan yalnız bu torpaqlar haqda deyil, eyni zamanda, qara torpaq adlandırdığı torpaqlar haqda da fikir söyləmişdir.

Misal üçün, “Əkinçi” qəzetinin 18 avqust 1887-ci il tarixli on yeddinci sayında qara torpaq adlandırdığı əkin sahəsi barədə yazır: “Qaratorpaq əkin yerində, həmçinin bağ, bostan yerində nazik qırmızı qurd olur ki, ona suvalcan (soxulcan) deyirlər. Bu qurd yağışdan sonra yerin altından üzünə çıxdığına ona yağış qurdu da deyirlər. Bir yerdə bu qurd çox olanda adam elə bilir ki, o, əkinə zərər edər, amma indi təcrübə olunub ki, onun əkinə nəfi çoxdur. Bu qurd yer altında bir arşın dərinlikdə özünə dəmək qayırır. Bu dəməklərin içi onun nəcisindən qüvvətlənir və bu dəməklərə əkinin kökü düşəndə çox dərinə gedir. Belə də əkin dəxi yaxşı əmələ gəlir”.

Həsən bəy Zərdabi torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsaslanaraq, torpaqların keyfiyyət xüsusiyyətlərinin şərhini müfəssəl şəkildə vermişdir. “… hər bir əkin yerinin hissələrini bilmək olur və əkin yerinin xasiyyəti onun hissələri ilədir” deyən Zərdabi əkin sahələrinin xarakterik nöqtələrindən torpaq nümunələri götürmüş və göstəricilərini müəyyən etmişdir, onun xüsusi çəkisini, mexaniki tərkibini, burada onun bəzi su-fiziki-kimyəvi xassələrinin göstəricilərinimüəyyənləşdirmişdir. Torpaqda karbonatların, rütubətin miqdarını təyin etmiş, 100 qram torpaqda suyun, humusun, gilin, əhəngin, qumun miqdarını müəyyən etmiş və mahiyyətini açıqlamışdır.

Bütün bunlarla Həsən bəy Zərdabi torpaqdan tam səmərəli, dolğun şəkildə istifadə etmək, onun münbitliyinin, məhsuldarlığının artırılması, ölkədə əkinçilik mədəniyyətinin yüksəldilməsi sahəsində misilsiz xidmətlər göstərmiş, bugünkü torpaqşünaslıq və aqrokimya elmlərinin inkişafına təkan vermişdir. Eyni zamanda, torpaqlar haqqında, onların münbitliyinin bərpası, mühafizəsi, meşələrin qorunması, yeni meşələrin salınmasını, torpaqların rekultivasiyasını tövsiyə etmiş və ekoloji durumun tənzimlənməsi yollarını göstərmişdir.

Həsən bəy Zərdabinin Azərbaycanda torpaq eroziyası prosesi və onu əmələ gətirən amillər, onunla mübarizə tədbirləri işinin təşkilində yerquruluşu tədbirləri sisteminin tətbiqi barədə dəyərli elmi-təcrübi işləri indiyədək kifayət qədər tədqiq edilməmişdir.

H.Zərdabi dünyanın fəlakətli hadisələrindən biri olan torpaq eroziyasından, xüsusilə, Abşeronda və Azərbaycanın digər zonalarında külək eroziyasının səbəblərindən və onun qarşısını almaq tədbirlərindən ətraflı bəhs etmişdir (“Əkinçi” qəzeti, 1875-ci il, № 1,4; 1876-cı il, № 26, “Kaspi” qəzeti, 1899, №  172 və s.). Abşeronda külək eroziyasının əkinləri məhv etməsinin qarşısını almaq üçün bitkiləri “xəndək içində əkmək” qaydalarına qəti etiraz edərək göstərir ki, əkin yerinin ətrafında ağac və digər bitkilər əkmək daha əlverişlidir. Bununla əlaqədar olaraq, Zərdabi yazır: “Əlbəttə, bizim xəzri küləyimiz və susuzluq təzə əkilmiş ağacları qurudub tələf edir. Amma insan elm səbəbi ilə sahibidünya olduğuna nə ki, xəzriyə və susuzluğa, bəlkə hər bir şeyə əlac tapar”. Lakin Zərdabinin bu qiymətli təşəbbüsünə uzun illər səs verən olmamışdır. Yalnız XX əsrin ikinci yarısından etibarən Abşeronun müxtəlif yerlərində yaradılan yaşıllıqlar Zərdabinin elmi tədbirlərinin düzgünlüyünü sübut etmişdir.

Azərbaycanda, xüsusilə, Abşeron yarımadasında küləklərin olması, onların vurduğu ziyanlar haqda tarixi ədəbiyyatda xırda məlumatlar olmuşdur. Lakin külək eroziyası və ona qarşı elmi əsaslarla mübarizə tədbirləri ilk dəfə Həsən bəy Zərdabi tərəfindən ictimaiyyətə çatdırılmışdır. Küləklər vasitəsilə qum və torpağın sovrulması yarımadada xalq təsərrüfatına böyük ziyanlar vurur. Qumlar dəmir və şose yollarını örtür, evlərin və tikililərin ətrafında toplanır, relyefi dəyişir. Torpağın münbit və qidalı hissəsi sovrulur. Küləklər sahildə olan duz hissəciklərini ətrafa yayır, torpaqların duz balansını pozur, toz və duz qalıqlarını ətraflara yayaraq ekoloji tarazlığı pozur, texnogen çirklənmə əmələ gətirir. Həsən bəy Zərdabi bütün bunları görərək mübarizə tədbirləri, o cümlədən fitomeliorasiya, xüsusilə, meşə meliorasiya tədbirlərini tətbiq etməyin zəruriliyini göstərmişdir. O hakim küləklərə qarşı meşə zolaqlarının və başqa bitkilərin əkilməsini məqsədəuyğun hesab etmişdir.

Azərbaycanda eroziya hadisəsinə qarşı planlı və əsaslı mübarizə hələ XX əsrin ortalarında elmi tədqiqat eroziya bölməsinin yaranmasından sonra həyata keçirilmişdir.

H.Zərdabi Abşerondakı külək eroziyasının qarşısını almaq məqsədilə torpağın eroziyadan mühafizə olunması üçün yerli şəraitdə inkişaf edən ot bitkilərindən də istifadə etməyi təklif etmişdir. “Bizim uyezdinqumustanındatəkdəbirələfiyyatlar var. Onlar özbaşına hər il əmələ gəlirlər. Bu otlar bizim xəzriyə və susuzluğa vərdiş ediblər. Ona binaən xəndək qazmaqdan o otlardan əkin hasar çəkmək yaxşıdır”.

Zərdabi belə ot və kol bitkilərini əkmək və küləkdən mühafizə edib böyütmək yollarını aqrotexniki qaydada göstərmişdir. Daha sonra Zərdabi yazır: “… otlar bina tutandan sonra onların yanında bizim qumustandapərvəriş tapan incir, nar, tut, söyüd və qeyri ağacları əkəndə otların yanında o ağaclar həmçinin bina tutar …onları bitirəndən sonra… kölgəsində təzə ağaclar əkmək ilə tamam Badkubəuyezdində bağat eləmək olar”.

H.Zərdabi Azərbaycanın digər yerlərində, xüsusilə, düzənlik rayonlarında küləklərin törətdiyi eroziya prosesini kədərlə təsvir edir. O, bunun səbəbini haqlı olaraq, meşə sahələrinin azalmasında görürdü. Zərdabi 1899-cu ildə “Kaspi” qəzetində dərc etdirdiyi “Zaqafqaziya bozqırlarının meşələşdirilməsi” məqaləsində yazırdı: “Meşələrin və digər ağacların sahəsinin azalması ilə demək olar ki, bütün il boyu torpağı örtən otlar yalnız ilin müəyyən qısa müddətində olur, digər vaxtlarda isə torpaq çılpaq qalır, quruyur. Torpaqlar isə hər yerdə eyni deyildir: bir yerdə qumlu, digər yerdə gilli və s. olur, külək isə bir-biri ilə zəif birləşmiş torpaq hissələrini havaya qaldırır, beləliklə, torpağın səthi dəyişilir, yarğanlar əmələ gəlir, havaya qalxmış gillicəli qum isə bərk cisimlərin ətrafında təpəciklər əmələ gətirərək qonşu tarlalara hücum edir və yaşayışla ölümün mübarizəsi başlayır. Yaşayış güclü olmadığı üçün qeyri-bərabər mübarizədə məhv olur, ölüm isə öz amansız əlini daha uzaqlara uzadaraq çox böyük tələfatlar verir. Belə bir acınacaqlı hadisə artıq yalnız Rusiya quberniyalarında deyil, bizdə, Zaqafqaziyada da başlamışdır və bu amansızlığa qarşı az əmək və vəsait sərf edilmir”.

H.Zərdabi külək eroziyası ilə bərabər su eroziyasından da bəhs edir. Lakin onun sonuncuya aid olan fikirlərini eroziya prosesindən bəhs edən əsərlərində deyil, çay və sel sularının gətirdiyi aşınma materiallarından bəhs edilən yazılarında oxumaq olar. O, “Əkinçi” qəzetinin 1875-ci il 1-ci və 1876-cı il 21-ci saylarında bu məsələdən ətraflı bəhs etmişdir, həm də bu fikir sellərin gətirdiyi aşınma materiallarından lillərdən gübrə kimi istifadə etmək məqsədilə söylənmişdir. Zərdabinin “səthi su və ya sellər gələndə xırda daşları, yəni torpağı apardıqda lilli olur…” fikri torpağın üst qatının niyə eroziyaya uğramasnı izah edir.

Həsən bəy Zərdabi sellər haqda dəfələrlə öz məqalələrində danışır. Qeyd etmək lazımdır ki, sellər əsasən, dağ zonasında dağılmış meşələrdə, bitki örtüyü pozulmuş dağ otlaqlarında formalaşır, bitki örtüyü dağılmış yamaclarda güclü axın əmələ gətirərək əkinləri, heyvan yataqlarını, yol və körpüləri, evləri, ümumiyyətlə, infrastrukturu dağıdır. Bütün bunlar insan və heyvan tələfatı ilə nəticələnir. Sellərin vurduğu ziyanları öz yazılarında işıqlandıraraq onlara qarşı mübarizə tədbirlərinin tətbiqini zəruri sayırdı. O, xüsusilə, meşə meliorasiya tədbirlərinə böyük əhəmiyyət verirdi. Həsən bəy Zərdabi həm də irriqasiya eroziyasından danışmışdır. O, respublikanın düzən əkinçilik zonasında suvarmanın düzgün aparılmaması nəticəsində torpaqların yuyulub dağılmasını göstərmişdir.

Həsən bəy Zərdabi tərəfindən 130 il bundan öncə söylənilən və elmi əsaslara söykənən tövsiyələri bu gün də çox böyük aktuallıq kəsb edir.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 3 mart 1877-ci il tarixli 5-ci sayında yazır ki, “Əkin yeri sulanır isə gərək onu duzlayasan və su gələn tərəfini bir az hündür edəsən ki, su axsın. Bizlərdə yeri suya basdırırlar, amma belədə yerin bir tərəfinə az və bir tərəfinə çox duz dəyir və bir də belədə su axan zaman torpağı apardığına yeri nahamar edir, əkinə lazım olan şeyləri aparıb ol yerin ayağını qüvvətli edir, amma başını qüvvətdən salır. Ona binaən bir yeri düşəndə bir suya basdırmaq olur ki, onun zəhməti azdır, amma həmişə basdırmaq olmaz.

Qeyri vilayətlərdə bir neçə tövr ilə əkini sulayırlar. Əzon cümlə su gələn tərəfdən 10-15 sajen bir-birindən aralı kotan ilə arxlar qayırırlar ki, onların başı, yəni su gələn tərəfi dərin və əyağı, yəni əkin yerinə çıxan ucu dayaz olur. Bu aralara birdən suyu buraxanda gedib onların kotan ilə köndələn kiçik arxlar qayırıb (bir-birindən 3-4 arşın aralı), onları su ilə doldururlar. Belədə su arxlardan çıxmayıb yerin altı ilə gedib əkini sulayır”.

O dövrdə Həsən bəy əkin yerindən səmərəli istifadə olunmasında, su eroziyasının qarşısının alınmasında yerin relyefinə, quruluşuna fikir verməyi tövsiyə edirdi ki, su bir yerdə yığılıb qalmasın və relyefdən asılı olaraq, torpağın tərkibində olan qida maddələrini yuyub aparmasın, əkin sahələrinin bir hissəsi məhsuldar, digər hissəsi qeyri-məhsuldar olmasın.

Həsən bəy Zərdabi o dövrdə elmi fikirləri ilə torpağın relyefindən asılı olaraq, suvarma eroziyası nəticəsində torpağın narın hissəciklərinin, torpağın üst münbit qatının yuyulub aparılmasını, torpağın su-fiziki xassələrinin və torpağın münbitliyinin aşağı düşməsini açıqlamışdır.

O göstərir ki, əkin sahələrinin suvarılmasında suyun normadan artıq və selləmə üsulu ilə sahəyə verilməsi zamanı suyun bir hissəsi torpağa hopur, qalanı isə yamac uzunu axaraq torpağı yuyur və suvarma eroziyası yaradır.

Mürəkkəb relyef quruluşuna malik olan əkin sahələrinin suvarılmasında eroziyaya qarşı mübarizə tədbiri olaraq arxların mənbəyi istiqamətindən dərin, əkin yerinə çıxan hissəsinin isə dayaz qazılmasını və bu qaydada suyun tədricən axıdılaraq torpağın sulanmasını tövsiyə etmişdir.

Digər tərəfdən, yerin relyefindən asılı olaraq, torpaq eroziyasının qarşısının alınması məqsədilə əkin sahələrinin köndələn istiqamətlərində kiçik arxlar qayırıb, həmin arxlara su verilməsi vasitəsilə torpağın üst, münbit-məhsuldar qatının yuyulmaması üçün yeraltı suvarma üsulunu “Əkinçi” qəzeti vasitəsilə kəndlilərə çatdırmışdır. Bu gün də Həsən bəyin bu kimi tövsiyələri, səmərəli təklifləri suvarma əkinçiliyində tətbiq olunmaqla öz əhəmiyyətini itirməmişdir.

Şorlaşmaya məruz qalmış torpaqları yaxşılaşdırmaq üçün Zərdabi belə bir təklif irəli sürür: “O yeri suya basdırmaq gərək ki, su duzu əridib, axıdıb aparsın”. Torpaqları duzlardan yumaq üçün sahənin qabaqcadan hazırlanmasına xüsusi fikir verməyi tövsiyə etmişdir. O göstərirdi ki, şorlanmış əkin yerini yaxşılaşdıran zaman sahə düz və bir az meyilli olmalıdır ki, torpağı suvaran zaman suyun bir yerdə dayanmayıb tədricən axıb getməsinə və duzları da yuyub aparmasına şərait yaransın. Məlumdur ki, H.Zərdabi bu kimi təkliflərin həyata keçirilməsində birinci növbədə müvafiq yerquruluşu işlərinin aparılmasını zəruri hesab etmişdir.

Zərdabi göstərir ki, torpaq eroziyasının genişlənməsinə, quraqlığa və məhsul qıtlığına səbəb meşələrin amansızcasına məhv edilməsidir. Onun göstərdiyi kimi, hələ keçən əsrin əvvəllərində Kür çayının hər iki sahili sıx meşələrlə örtülü idi, bu meşələr ətraf düzlərin iqliminə müsbət təsir göstərirdi. Lakin ağaca olan ehtiyacın artması ilə əlaqədar olaraq, bu meşələrin xeyli hissəsi məhv edilmişdir.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 6 noyabr 1876-cı il tarixli 21-ci sayında eroziyanın yaranmasında, ən başlıca amillərdən biri olan suyun azalmasında, torpaqların eroziyaya məruz qalmasında, odun bahalandığından çayların başında sakin olan kəslər tərəfindən orada olan meşələrin qırılmasını, burada eroziyanın yaranmasında insanın düzgün olmayan təsərrüfat fəaliyyətini göstərərək yazırdı ki, suyun olmamasına ah çəkmək yox, meşə salmaq gərəkdir ki, su artsın. Təzə meşə gəlib meşə olunca, eroziyanın qarşısının alınması və su mənbəyi yaradılması məqsədilə yerquruluşu tədbirləri görməyin, əkin yerinin məhsuldarlığını artırmağın yollarını əkinçilərə başa salırdı. O, hələ 1875-ci ildə yazmışdı: “Bizim Qafqaz vilayətinin abu havası dəyişilməyi məlumdur. Keçmişdə yayımız belə isti və qışımız belə soyuq olmayıb. Buna ümdə səbəb meşələr azalmaqdır”.

Zərdabi ömrünün sonuna qədər meşələrin qırılmasına, bunun nəticəsində baş verən eroziya prosesinin sürətlənməsinə, suyun azalmasına və iqlimin quraqlaşmasına acımışdır. Ona görə də, Zərdabi bu fikrini 24 il sonra “Kaspi” qəzetində yenidən şərh etmişdir. O, Böyük Qafqazın şimal-şərq yamacındakı meşələrin Bakı, Şamaxı qəzaları və Dağıstan üçün odun və kömür məqsədilə qırılıb məhv edilməsinə qəti etiraz edərək yazırdı: “Bu meşələrin qorunmasına qayğı göstərmək lazımdır, əks təqdirdə, Quba qəzası susuz səhraya, yaxud daha sərfəsiz sulu səhraya çevriləcəkdir”.

Zərdabi mal-qara otarılan yerlərdə müxtəlif bitkilər arasında təbii yol ilə əmələ gələn nisbətlərin pozulmasını və bunun heyvandarlıq üçün zərərini göstərirdi. Zərdabi biologiyanın nəzəri əsaslarından heyvandarlıqda istifadə etməyin yollarını öyrədirdi. O, kəndlilərə otlaqlardan elmi üsulla istifadə etməyin əhəmiyyətini başa salırdı: “Bunun sayəsində bizim otlaqlarımızda faydalı otların sayı getdikcə daha da azalır, hazırda demək olar ki, tamamilə süddöyən və ya digər zərərli otlaq basmış otlaqlara rast gəlmək olar”. Zərdabinin fikrincə, maldarlıqda məhsuldarlığın get-gedə aşağı düşməsinə səbəb olan amillər çoxdur. Bunlardan biri mal-qaranın artımı ilə otlaqların sahəsi arasında getdikcə artan ziddiyyətdir. Əhalinin həyatında maldarlığın çox böyük iqtisadi rolu olmasına baxmayaraq, onun inkişafı üçün ölkədə şərait yaradılmır. O, otlaqlarda süni olaraq yem otları əkilməsini təklif edirdi. Zərdabi bu otlardan yoncanın, xaşanın adlarını çəkirdi: Otlaqların səmərəli istifadə edilməsi üçün heç olmazsa, bir neçə ildən bir torpağı çevirməli, yumşaltmalı və onun toz halına keçməsinə yol verilməməlidir: “…buna görə də, otlaqları gübrələmək, yəni həmin bitkilərə lazım olan maddələri torpağa qaytarmaq lazımdır…”

Həsən bəy Zərdabi eroziya prosesləri ilə yanaşı, aqrokimyəvi problemlər haqda da fikir söyləmişdir. O, eroziya nəticəsində deqradasiyaya uğramış otlaqların bərpası üçün başqa tədbirlərlə yanaşı, gübrələrdən istifadə edilməsini tövsiyə edirdi. O, göstərirdi ki, bitkilər tərəfindən torpaqdan ixrac olunan qida maddələrini gübrə şəklində torpağa qaytarmaq zəruridir. Həsən bəy Zərdabinin hələ yüz otuz il bundan əvvəl söylədiyi fikirlər bu gün də müasir aqrokimya elminin əsasını təşkil edir. Beləliklə, Həsən bəy Zərdabi bitkilərin qida sisteminin qurulmasının labüdlüyünü tövsiyə edirdi və bununla əlaqədar proqnozlar verirdi. Göründüyü kimi, vətənin bu dahi oğlu elmin, xüsusilə, təbiət elmlərinin Yer kürəsində və biosferdə yerini göstərmiş, insan cəmiyyətinin inkişafında onların rolunu üzə çıxarmışdır. Eyni zamanda, Həsən bəy Zərdabi həm də Azərbaycanda aqrokimya elminin banisi olmuş və onun əhəmiyyətini xalq arasında təbliğ etmişdir.

Həsən bəy heyvandarlığın inkişafında otlaq-biçənəklərin əhəmiyyətini, güclü yem bazasının yaranmasında onların rolunu göstərmişdir. O, bitkilərin növü, məhsuldarlığı, yemin keyfiyyəti haqda, otlaq və biçənəklərin ot durumunun yaxşılaşdırılması haqda da tövsiyələr vermişdir. Əsərlərindən göründüyü kimi, Həsən bəy həm də geobotanikanı dərindən öyrənmişdir və bu sahədə də onun elmi görüşləri diqqətəlayiqdir.

Həsən bəy heyvandarlığın inkişafında müstəsna əhəmiyyət kəsb edən, təbii yem bazası hesab olunan örüş-otlaq sahələrində müşahidələr-tədqiqatlar aparmaqla hələ o zaman otlaqların bitki aləminə, botaniki tərkibinə, məhsuldarlığına və məhsulun keyfiyyət göstəricilərinə eroziya prosesinin təsirini müəyyən etmiş, antropogen amillərin otlaq eroziyasının əmələ gəlməsinə təsirini, mal-qaranın sistemsiz və normadan artıq otarılması, torpaqqoruyucu yerquruluşu tədbirlərinin tətbiq edilməməsi nəticəsində otlaq eroziyasının geniş yayılması səbəblərini, təbii yem sahələrində bitkilərin botaniki tərkibində dəyişiklik əmələ gələrək şirin, şirəli, qidalı (faydalı) bitkilərin quru, tikanlı, zəhərli, alaq otları ilə əvəz olunduğunu göstərmişdir. Otlaqlardan səmərəli istifadə olunmasını və onların yaxşılaşdırılmasını elmi əsaslarla əhaliyə başa salmışdır. Belə ki, otlaqlarda zəhərli və ziyanlı bitkilərin məhv edilməsi, yem bitkilərinin toxumunun səpilməsi və sahələrdə yaxşılaşdırma məqsədilə aqrotexniki tədbirlərin aparılmasını, gübrələmə tətbiq olunması və sair tövsiyələri örüş-otlaq sahələrində təbii və antropogen amillərin təsirindən baş verən eroziyanın qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.

Heç şübhə etmirik ki, Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, elmi irsi müstəqil respublikamızın alim və ziyalıları tərəfindən bundan sonra daha da dərindən, diqqətlə öyrəniləcək, onun kimliyi və gördüyü çox böyük işlər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq və bu dahi şəxsiyyətin arzuları,amalları, elmi bilikləri daima yaşayacaqdır.

 Eldəniz Həsənov,

 Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və Ali Media Mükafatı laureatı.

 

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here