Zərdabda əhalini qorxuya salan heyvan tapılıb? – RƏSMİ AÇIQLAMA

0
36

Zərdabın Yarməmmədbağı kəndində naməlum canlının insanları təşvişə salması ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar şişirdilir. Həmin canlının guya gecə quraşdırılmış kameraya düşməsi barədə paylaşılan foto isə internetdən götürülüb və kimsə sakinləri qorxutmaq məqsədi ilə belə bir yaramaz addım atıb.

Zerdab.com xəbər verir ki, bu barədə Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sədri Rahim Xəlilov məlumat verib: “Biz özümüz də həmin heyvanın axtarışı ilə məşğuluq. Həmin evin sahibi Bakıda yaşayır, onu da çağırdıq, gəldi. Nə qədər axtarış aparılmasına baxmayaraq, heç bir heyvan tapılmadı. Evin sahibi 3-4 gündür kəndədir, o da yayılan söz-söhbətdən sonra qohum-qonşularla birgə çox axtarış aparıb, amma heç nə yoxdur”.

R. Xəlilovun dediyinə görə, quyu qazdığı iddia olunan həmin heyvanın tapılması üçün həyətə su verilib: “Həyətə su açdıq ki, dolsun, əgər yerin altında nə isə varsa, çıxsın üzə, amma heç bir şey çıxmadı”.

Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sədri internetdə bu mövzunun qəsdən böyüdüldüyünü deyib: “Ağıllarına gələni yazırlar, şəkil qoyurlar, bunların hamısı yalandır, ortada heç nə yoxdur. Nə isə gördüyünü iddia edənlər də hərəsi bir formada deyir, ortada dəqiq bir şey yoxdur. Bu 4-5 gündə məşğul olduq ki, görək nə isə varmı, amma heç nə yoxdur. Evin sahibi də deyir ki, boş söhbətdir. Ev çox köhnədir, alınma evdir, qayınatası verib ona. Gündəlik görüşürük, maraqlanırıq, bu 4-5 gündə ortalığa bir şey çıxmayıb. O söhbəti kənddə müəyyən adamlar yaydılar, amma ortalıqda heç bir şey olmadı. Bu deyir burda gördüm, o deyir orda gördüm – yalandan e, əsaslı bir şey yoxdur. Daha sonra dedilər ki, çöldə bir quyu var, traktor gətirib qazdırdım ki, görək nə quyusudur, amma heç nə tapılmadı. Rayonun özündən başı çıxan adamlar gətirmişdik, dedilər ki, buranı porsuq qazıb, ancaq o ola bilər. Köhnədən qalma çoxlu quyular var, deyirlər ancaq bunu porsuq eşə bilər”.

Rahim Xəlilov məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət olunduğunu deyib: “Camaat narahat idi, ona görə Rayon İcra Hakimiyyətinə müraciət elədik, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub yazdıq ki, əgər lazımdırsa gəlib baxsınlar. Polisə də məlumat verilib, gəlib baxdılar, araşdırdılar, amma heç nə yoxdur”.

“Səhərədək həmin evin həyətində keşik çəkən cavanlar da olub ki, görək nə var, həqiqətən nəsə varmı, amma heç nə görməyiblər. Həmin heyvanın kameraya düşməsi ilə bağlı deyilənlərin hamısı yalandır”, – deyə icra nümayəndəliyinin sədri bildirib.

Nicat İsmayılov