Həmyerlimiz, professor Məhərrəm Məmmədovun 60 yaşı tamam olur

1
meherrem-memmedov-zerdab-Elvend-BDU

Görkəmli dilçi alim, tanınmış türkoloq, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Məhərrəm Əvəz oğlu Məmmədovun 60 yaşı tamam olur.

M. Məmmədov 1958-ci il oktyabrın 10-da Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur. 1975-ci ildə Göyçay şəhərində 6 saylı orta məktəbi, 1980-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1980-1986-cı illərdə İsmayıllı rayonunun İstisu və Aşağı Cülyan kəndlərində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində işləmişdir. 1986-1989-cu illərdə “Azərbaycan dili” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olmuş, 1989-cu ildə görkəmli dialektoloq Musa İslamovun rəhbərliyi altında yazdığı “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsində elmi işçi vəzifəsində çalışmış, 1998-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. M.Məmmədov 2006-cı ildə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” mövzusunda elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2012-ci ildə professor elmi adlarını almışdır. Professor M.Məmmədov 2007-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya bölməsində ekspert olmuşdur. 2015-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının üzvüdür. O, 2008-ci ildən BDU-nun Filologiya fakültəsinin Tədris Metodiki Şurasının sədridir.
M.Məmmədovun elmi fəaliyyətinin əsas istiqamətini Azərbaycan dili şivələrinin müasir vəziyyətinin öyrənilməsi təşkil edir. Bu baxımdan, onun qələminə məxsus “Azərbaycan dilinin Təbriz dialekti” (2008), “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” (2003) adlı monoqrafik tədqiqatları özünün yüksək elmi keyfiyyəti ilə seçilir. “Azərbaycan dilinin Təbriz dialekti” əsəri Azərbaycan dilinin bu dialektinə həsr olunmuş ilk monoqrafik tədqiqatdır. Burada tədqiq olunan şivənin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri barədə müfəssəl məlumat verilir. Keçən əsrin 80-ci illərində belə mövzu üzərində işləmək həddindən artıq çətin bir iş idi. Təbrizə gedib material toplamaq imkanı olmayan tədqiqatçı Təbrizdən Şimali Azərbaycana gəlmiş mühacirlərin danışığı, Təbriz dialektinə aid xarici türkoloqların çap etdirdiyi dialektoloji materiallar əsasında araşdırma aparmış, Azərbaycan dilinin bu dialektinin xarakterik xüsusiyyətlərini aşkara çıxara bilmişdir. “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” əsəri isə tədqiqat metodunun fərqli olması ilə diqqəti çəkir. Bu əsərdə təsviri metod tarixi-müqayisəli, bəzən də tipoloji metodlarla birgə tətbiq olunur, Azərbaycan dilinin dialekt materialları Ural-Altay dillərinin materialları ilə müqayisədə verilir. Bu, Azərbaycan dialektologiyasında yeni istiqamətdir və M.Məmmədovun adı ilə bağlıdır. Bu əsər, eyni zamanda dil materiallarının təsvir olunması deyil, müqayisə olunaraq ümumiləşdirilməsini də özündə əks etdirdiyindən sonrakı dialektoloji tədqiqatlar üçün də xüsusi əhəmiyyətə malikdir. Onun əsərlərində Azərbaycan dili şivələrində müşahidə olunan ikiqat hallanma, mənsubiyyət şəkilçisinin ikiqat işlənməsi, qədim cəmlik və hal şəkilçilərini özündə hifz edən relikt formalar və digər bir çox dil təzahürlərinin mənşəyi izah olunmuşdur.
M.Məmmədov Azərbaycan dilinin ayrı-ayrı şivələrinin dialektoloji atlas və lüğətlərinin hazırlanmasında da yaxından iştirak edir. Onun həmmüəllif olduğu “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” (2015), “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti” (2017) Azərbaycan dilçiliyin müasir səviyyəsini əks etdirir.
Azərbaycan dialektologiyasına həsr etdiyi əsərlər içərisində “Gəncədə yaşayan təbrizlilərin bəzi dil xüsusiyyətləri” (1989), “Azərbaycan dili şivələrində ikiqat mənsubiyyət şəkilçisinin işlənməsi” (1998), “Qarabağ dialekti mənbələrdə” (2003), “Zərdab şivəsinin morfoloji xüsusiyyətləri” (2011), “Güney Azərbaycan şivələrinin tədqiqi, təsnifi və əsas xüsusiyyətləri” (2014), “Azərbaycan dialektologiyasının inkişaf mərhələləri” (2015), “Azərbaycan dialektologiyası: son nailiyyətlər və problemlər” (2015), “Zaqatala-Şəki bölgəsi şivələrində qərb elementləri (fonetik xüsusiyyətlər)” (2016), “Cənubi Azərbaycan şivələrində feilin zaman formaları” (2017) məqalələri yüksək elmi keyfiyyətinə görə xüsusi seçilir.
M.Məmmədovun əsərlərinin müəyyən qismi Azərbaycan dili tarixinin bir sıra mübahisəli məsələlərinə həsr olunmuşdur. Onun “Gəncə – Yelizavetapol – Kirovabad – Gəncə” (1998), “Kitabi-Dədə Qorqud” abidəsində mənsubiyyət anlayışının ifadəsi” (1999), “Kitabi-Dədə Qorqud” və Azərbaycan şivələri (ismin qrammatik kateqoriyaları nümunəsində)” (2000), “Etnoqrafik yaddaşımızı yaşadan sözlər” (2005), “M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri və “Azərbaycan dili” (2009), “Əkinçi” qəzetində dil məsələləri” (2013), “Y.Seyidov və dil tarixi məsələləri” (2017) adlı əsərləri buna nümunə ola bilər.
Bir sıra əsərləri müasir türk dillərinə, həmçinin Ural-Altay dillərinin türk dilləri ilə qohumluğu probleminə həsr olunmuşdur. Qeyd olunmalıdır ki, M.Məmmədov az tədqiq olunmuş türk dillərini öyrənir, bu dillərin türk dilləri içərisində tutduğu yeri müəyyənləşdirir. Onun Krım-tatar və urum dillərinə həsr etdiyi əsərləri məhz bu baxımdan öz aktuallığı ilə seçilir: “Krım-tatar dilində oğuz xüsusiyyətləri” (2010), “Azərbaycan və Krım-tatar dillərinin ortaq xüsusiyyətləri” (2013), “Urum dilinin mənşəyi, mövqeyi və əsas xüsusiyyətləri” (2017). Müasir türkoloji dilçiliyin aktual problemləri (ortaq türk ədəbi dili, türk əlifbalarının unifikasiyası, türk dillərinin müqayisəli öyrənilməsinin xüsusiyyətləri və s.), Altay dilləri fərziyyəsinin tarixi və perspektivləri kimi məsələlər də onun diqqət mərkəzində olmuşdur: “Türk dilçiliyinin müasir problemləri” (2004), “Ural-Altay dillərində velyar n səsi” (2006), “I Türkoloji qurultayda Altay dilləri məsələsi” (2009), “Evenk dilinin əsas xüsusiyyətləri” (2010) və s.
M.Məmmədov 20 ildən artıq bir müddətdə səmərəli pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan dialektologiyası, Cənubi Azərbaycan dialektləri, Türkologiyaya giriş, Qədim türk dili, Altayşünaslığın əsasları fənlərindən dərs deyir. Onun hazırladığı “Azərbaycan dilinin Təbriz dialekti” (2008), “Azərbaycan dili şivələrində ismin mənsubiyyət kateqoriyası” (2000) dərs vəsaitləri, “Azərbaycan dialektologiyasına dair mühazirələr” (2011) adlı metodik vəsait, “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” (2002), “Türkologiyaya giriş (qiyabiçi tələbələr üçün)” metodik göstərişləri, “Mətnşünaslıq fənninin proqramı” (2003), “Linqvistik mətnşünaslıq fənninin proqramı” (2008), “Türk dilçiliyinin əsasları fənninin proqramı” (2016), “Cənubi Azərbaycan dialektləri fənninin proqramı” (2016), “Altayşünaslığın əsasları fənninin proqramı” (2016) həm metodik, həm də elmi baxımdan böyük əhəmiyyət kəsb edir.
M.Məmmədovun dialektologiya və türkologiyanın müxtəlif problemlərinə həsr olunmuş dərin nəzəri əsasa malik əsərləri onu respublikamızın hüdudlarından kənarda da tanıtmış, ona nüfuz qazandırmışdır. Onun əsərləri Ufa, Simferopol, Ankara, Qars,Tehran şəhərlərində çap olunmuşdur.
M.Məmmədov ixtisaslı elmi kadrların hazırlanmasında da yaxından iştirak edir. Onun rəhbərliyi altında iki fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. 7 dissertasiya işinin müdafiəsində o, rəsmi opponent kimi çıxış etmişdir.
Görkəmli alim və pedaqoq Məhərrəm Məmmədovu anadan olmasının 60 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Elbrus Əzizov
Filologiya üzrə elmlər doktoru, professor

Məmmədəli Qıpçaq
Filologiya üzrə elmlər doktoru, professor

1 comment

  1. Bu münasibətlə Məhərrəm müəllimi təbrik edir, ona uzun mənalı ömür, elmi işlərində yeni- yeni yğurlar arzulayırıq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here