Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İmişli rayonunda “ASAN Həyat” kompleksinin açılışı olub.

Zerdab.com saytına verilən məlumata görə, bu mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Qeyd edək ki, bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 25 milyona yaxındır.

İmişli kompleksi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 14-cü mərkəzidir. İmişli şəhərinin Heydər Əliyev prospektində yerləşir.

İmişli “ASAN xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 184, könüllülərin sayı isə 45 nəfərdir.

imisli-asan-xidmet

Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölməsi də yaradılıb. Bu bölmədə 3-12 yaşlı uşaqların psixoloji və sosial inkişafına dəstək məqsədilə müxtəlif xidmətlər göstərilir. Mərkəzin 4 saylı Bakı “ASAN xidmət” və Quba, Sabirabad, Masallı, Qəbələ, Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində də bölmələri fəaliyyət göstərir. Bir il ərzində bu bölmələrdə ümumilikdə 18 mindən çox uşağa və yeniyetməyə psixoloji xidmətlər göstərilib.

İmişli “ASAN xidmət” Mərkəzində ilk dəfə olaraq “ASAN Vəkil” bürosu yaradılıb. Belə ki, bu il oktyabrın 3-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında əldə olunan razılığa əsasən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstəriləcək. Bundan başqa, Dövlət Agentliyinin əməkdaşları və “ASAN” könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq.

Zerdab.com