Nazirlik Zərdablı şəhid bacısının şikayətinə cavab verdi

0
27

Zərdab rayon sakini, şəhid Mənsur Qarayevin vərəsəsi Cəbrayılova Rəhilə Şirvan qızının şəhid ailələrinə verilən 11 min manat birdəfəlik ödənişi ala bilməməsi barədə məlumat vermişdik. R. Cəbrayılovanın iddiasına görə, birdəfəlik ödəməni almaq üçün sənədlər toplayarkən ona atasının bu pulu guya 1994-cü ildə aldığı bildirilib.
Rəhilə Cəbrayılova deyib ki, qardaşı 1994-cü il fevral ayının 2-də şəhid olub, atası isə 1981-ci il yanvar ayının 1-də rəhmətə gedib: “Deyirlər atan o pulu alıb. Atam guya qardaşım Mənsur şəhid olandan 16 gün sonra müraciət edib ki, oğlumun qan pulunu verin. Kağız rəsmi olaraq əlimizdədir, Zərdab Rayon Hərbi Komissarlığıdan veriblər bizə. O vaxt  50 min manat verildiyini bildirirlər. Məni Hərbi Komissarlığa çağırdılar, dedilər Mənsurun atası pulu alıb. Onlardan soruşdum bu nə deməkdir, axı atam 1981-ci ildə, yəni qardaşım şəhid olandan 13 il əvvəl vəfat edib? Atamın ölüm kağızı də əlimizdədir”.
Rəhilə Cəbrayılovanın sözlərinə görə, həmin açıqlamadan sonra etibarnamə əsasında həyat yoldaşı onun adından Bakıda şəhid ailələrinin keçirdiyi tədbirlərdə iştirak edib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında nazirin qəbulunda olub.
“Eşidən-bilən hamısı məəttəl qalır. Atam rəhmətə gedərkən Mənsurun 5 yaşı var idi. Hamı bilir ki, atam 1981-ci ildə vəfat edib. Ortada bu boyda fakt var, amma deyirlər atanız gəlib o pulu alıb. Məktublarımız, istəyimiz nəzərə alınmadığı üçün Binəqədi Rayon Məhkəməsində bu məsələ ilə bağlı iddia qaldırmışıq. Haqqımızı məhkəmə müstəvisində müdafiə etməyə çalışacağıq”,-deyə şəhid bacısı bildirib.
Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məsələ ilə bağlı bildirib ki, vərəsələr nazirliyə rəsmi müraciət etdiyi təqdirdə, bu kimi şikayətlər araşdırılır.
Fazil Talıblının sözlərinə görə, şəhid Mənsur Qarayevin anası Qarayeva Rəfiqə Əmrah qızı vaxtilə sığorta ödənişini alıb. Onun sözlərinə görə, buna dair sənədlər də mövcuddur.
Nazirlik rəsmisi dediklərinə sübut kimi sənədlərin fotosunu saytımıza göndərib. Həmin sənədlərin fotolarını təqdim edirik.

zerdab-sehid-mensur-qarayev-rehile-qarayeva-odeme
zerdab-sehid-mensur-qarayev-rehile-qarayeva-odeme1
zerdab-sehid-mensur-qarayev-rehile-qarayeva-odeme2