Zərdablı şəhid Mənsur Qarayevin bacısı nədən narazıdır? – Müraciət

0

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Zərdab rayonunun Sarıqaya kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılır.

Qeyd edək ki, bu məqsədlə 425 min manat ayrılıb.

Məktəb 1994-cü il fevral ayının 2-də Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Qarayev Mənsur Şirvan oğlunun adını daşıyır.

Şəhidin bacısı Cəbrayılova Rəhilə Şirvan qızı Zerdab.com saytına müraciətində onu narahat edən bəzi məsələlərə toxunub.

R. Cəbrayılovanın sözlərinə görə, məktəbin həyətində – köhnə məktəb binasının qarşısında olan şəhid qardaşının abidəsinin yenilənməsinə ehtiyac var: “Həmin abidə bir vaxtlar məktəbin müəllimlərinin hesabına qoyulub. Fotosundan da göründüyü kimi, daha çox məzar daşına oxşayır. Çox istəyərdik ki, yeni məktəb binasının qarşısında şəhid qardaşımın yeni, müasir büstü qoyulsun. Mən bu barədə məktəbin tikintisini aparan şəxslərə müraciət edəndə bildirdilər ki, yeni büstün qoyulması, yerinin dəyişdirilməsi onların imkanı xaricindədir, gərək müvafiq qurumların bununla bağlı icazəsi olsun. Məktəbin direktoru da deyir ki, yeni büstün hazırlanması onların imkanı xaricindədir.

Zerdab.com saytı vasitəsilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevdən, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyevadan xahiş edirəm ki, yeni tikilən məktəb binası qarşısında qardaşımın büstünün qoyulmasına səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərsinlər, dəstəklərini əsirgəməsinlər. Çünki qardaşımın indiki abidəsi köhnə məktəbin ərazisindədir və belə söz-söhbət gəzir ki, həmin ərazi başqa bir şəxsə veriləcək, arada hasar çəkiləcək. Belə çıxır ki, qardaşımın abidəsi yeni məktəb binasının qarşısında olmayacaq, amma bu necə ola bilər? Qardaşım vətənimizin ən ağır günlərində silaha sarılaraq Qarabağa yollanıb və qəhrəmanlıq göstərərək şəhid olub. Odur ki, istəyirəm qardaşımın adına layiq büst qoyulsun. İnanıram ki, səsimizə səs veriləcək”.

Şəhid bacısı istəyi yerinə yetirilmədiyi təqdirdə Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvalayacaqlarını bildirib: “Amma inanıram ki, bu müraciətə ehtiyac olmayacaq, problem tezliklə həll olunacaq”.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × 2 =