Deputat Jalə Əliyeva Zərdabda seçicilərin növbəti qəbulunu keçirib – Fotolar

0
29

Zərdab-Ucar seçki dairəsindən millət vəkili, professor Jalə Əliyeva Novruz bayramı günlərində təmsilçisi olduğu Zərdab rayonunda seçicilərlə növbəti görüşünü keçirib.
Zerdab.com saytı xəbər verir ki, görüşdə ölkə Prezidenti İlham Əliyevin son aylardakı fərman və sərəncamlarından, ölkənin bütün vətəndaşlarını və təbəqələrini əhatə edən addımlarından, əhalinin güzəranının, yaşayışının yaxşılaşdırılmasına yönəlik qərarlarından məmnuniyyət ifadə edilib.
Eyni zamanda, görüşdə seçicilər tərəfindən bəzi məsələlər qaldırılıb ki, onların həlli üçün deputat tərəfindən addımlar atılıb.

Qeyd edək ki, görüşdə qaldırılan məsələlər əsasən sosial müavinətlərin ödənilməsindəki yeni qaydalarla bağlı yaranan bəzi anlaşılmazlıqların aradan qaldırılmasından, əhaliyə bir daha bu haqda maarifləndirici məlumatlar verilməsindən ibarət olub.

Elə yerindəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli şəxsləri ilə əlaqə saxlanılıb, seçicilərin sualları cavablandırılıb və açıq qalan məsələlərin həlli istiqamətində digər işlər görülüb.

Görüşdə daha sonra millət vəkilinə iş, ev təminatı ilə bağlı müraciətlər olub.

Seçicilər tərəfindən deputatdan şəhidlik statusunun verilməsi ilə bağlı üzə çıxan problemlərin həllinə yardımçı olması xahiş edilib.

Görüşdə millət vəkilindən ötən əsrin 90-cı illərində cəbhə bölgəsində həlak olan vətəndaşlardan, əsgərlərdən bəzilərinin bugünədək şəhidlik statusunu ala bilməməsi, onların şəhid kimi deyil, sadəcə, xəstəlikdən və ya başqa səbəbdən vəfat etməsinin əsas gətirilməsi, şəhidlik statusunun şamil edilməməsi ilə bağlı məsələnin araşdırılması xahiş edilib.

Bununla bərabər, görüşdə bir neçə kəndin qazlaşdırılmasında hələ də problemlərin olduğu dilə gətirilib.

Belə ki, bu günə kimi, Zərdab rayonunun 37 yaşayış məntəqəsindən 32-si qazlaşdırılıb, 5 kəndin qazlaşdırılması isə hələ həyata keçirilməyib.

Yeri gəlmişkən, deputat hökumətin son hesabatında (15 mart tarixində) bu məsələni, yerdə qalan 5 kəndin də qazlaşdırılması məsələsini səsləndirib, hökumətin diqqətinə çatdırıb.

Deputat görüş zamanı bir daha bu məsələnin artıq həm hökumətin, həm də parlamentin diqqətində olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin, məhəlli xarakterli məsələlərin, qonşular arasında əkin-biçin sahələrinin suvarılması zamanı müəyyən gərginliklərin yaşanması ilə bağlı, o cümlədən, yol problemlərinin həlli ilə əlaqədar müvafiq instansiyalara müraciət edilib.

Ümumilikdə görüş (qəbul) zamanı 30-a yaxın vətəndaş qəbul edilib, dinlənilib.

“Ümumi əhval-ruhiyyə, ab-hava bayram ab-havası idi və vətəndaşlarımız, seçicilər böyük bir ruh yüksəkliyi ilə görüşə gəlmişdilər. Onlar görülən bütün işlərdən, ölkədə gedən böyük islahatlardan çox böyük bir məmnunluq ifadə edirdilər. Bir daha qeyd etmək istəyirəm ki, seçicilər, vətəndaşlar bu günə qədər olduğu kimi, bundan sonra da bu ölkənin vətəndaşı  və bu ölkənin prezidentinin hər bir zaman yanında olmaqdan qürur duyduqlarını ifadə edirdilər…”.

Bunu isə qısa açıqlamasında millət vəkilinin özü bildirib.