Zərdabda çiyid səpini başlayıb

0
26
ciyid-sepini-pambiq-zerdab

Zərdab rayonunda çiyid səpini kampaniyasına başlanıb və qısa vaxtda 400 hektaradək sahədə əkin aparılıb.

Zerdab.com saytına verilən məlumata görə, cari mövsümdə 487 nəfər istehsalçı ilə bağlanan müqaviləyə əsasən 2255 hektarda çiyid səpini aparılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verdiyi tövsiyə və tapşırıqların icrası ilə əlaqədar rayonda  2018-ci ildə 3232 hektarda pambıq əkini aparılmaqla “MKT İK” MMC-nin və “P-Aqro” MMC-nin  Zərdab filialları ilə 702 torpaq mülkiyyətçisi arasında müqavilə bağlanılmışdı.

Ötən il 5 min tona yaxın pambıq tədarük olunmuşdu ki, bu da ötən ildəkindən 800 ton çox idi.  2514 tondan çox pambıq maşınla yığılmışdı. Məhsuldarlıq 15,4 sentner olmuşdu ki, bu da keçən ilki göstəricidən 2,5 sentner çoxdur.

Pambıq istehsalçılarına  təhvil verdikləri pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına 418,9 min manat subsidiya verilmişdi. Fermerlər tərəfindən pambıq tədarükünün səmərəliliyini artırmaq üçün İcra Hakimiyyəti Başçısının çoxsaylı müraciətləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Zərdab rayonunun Çallı bələdiyyəsi ərazisində, “P-Aqro” MMC-yə məxsus, 4 min ton qəbul gücünə malik yeni pambıq qəbulu məntəqəsi tikilib və ilk məhsul qəbuluna 27.09.2018-ci il tarixdə başlanılmışdı.