Zərdablı şəhidin bacısından yeni müraciət: “Narahatam”

0
34

Zərdablı şəhid Mənsur Qarayevin bacısı Rəhilə Cəbrayılova yenidən Zerdab.com saytına müraciət edib.

Şəhidin bacısı qardaşının büstü ilə bağlı naməlum vəziyyətin hələ də davam etdiyini bildirib.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Zərdab rayonunun Sarıqaya kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılır.

Bu məktəb 1994-cü il fevral ayının 2-də Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Qarayev Mənsur Şirvan oğlunun adını daşıyır.

R. Cəbrayılovanın sözlərinə görə, məktəbin həyətində – köhnə məktəb binasının qarşısında olan şəhid qardaşının abidəsinin yenilənməsinə ehtiyac var: “Bir müddət öncə bununla bağlı müraciətim Zerdab.com-da ictimailəşdirildi və rayonumuzda hara gedirdimsə, görürdüm ki, hamı saytınızdan bu barədə oxuyub, məlumatı var. Rayon sakinləri mənə təsəlli verirdilər, “inşallah, istəyinə çatarsan” deyirdilər.

Müraciətdən sonra Rayon İcra Hakimiyyətinin rəsmiləri, Rayon Təhsil Şöbəsinin müdiri də mənə bildirdilər ki, qətiyyən narahat olma, bu məsələ həll olunacaq, qardaşına şəhid adına layiq, yeni məktəbin həyətində büst qoyulacaq. Amma hələ ortada heç nə yoxdur. Deyilənə görə, mayın 15-də məktəbin açılışı olacaq, ancaq qardaşımın büstü yeni məktəbin həyətində yoxdur.

Mən buna görə çox narahatam. Başqa heç bir istəyimiz, niyyətimiz yoxdur, istəyirik ki, yeni məktəbin qarşısında qardaşımın təzə büstü qoyulsun, biz də rahat olaq”.

Şəhid bacısı bu məsələ ilə bağlı 2 gün öncə Prezident İlham Əliyevə teleqram vurduqlarını deyib: “Teleqrama hələ cavab gəlməyib. Lazım olsa, yenə vuracağam. Mənim istəyim hamıya aydındır və bunu həll etmək yəqin ki, elə də çətin məsələ deyil. Elə bu yaxınlarda rayonumuzun Fəhlə qəsəbəsində şəhid Etibar Hüseynovun xatirəsinə tikilən abidə-bulaq əsaslı şəkildə təmir olunub istifadəyə verildi. Açılışla bağlı məlumatı Zerdab.com saytından oxuduq və sevindik.

Rayon rəhbərinin belə məsələlərdə həssas olduğunu mən də eşitmişəm. İnşallah, onun diqqəti sayəsində mənim qardaşımın büstü adını daşıyan məktəb üçün tikilən binanın qarşısına qoyular.

Onda yenə elə Zerdab.com saytı vasitəsi ilə əməyi keçən, diqqət göstərən, sözümüzü eşidən hər kəsə təşəkkürümüzü bildirirərik”.