Həsən bəy Zərdabi ateist olmayıb – Onun mübarizəsi dinlə deyildi…

0
12578

Zərdabişünasların fikrincə, Azərbaycan zərdabişünaslığının tarixini üç mərhələdə araşdırmaq daha doğru olardı. Birinci mərhələdə diqqət əsasən Zərdabi şəxsiyyətinin öyrənilməsinə və “Əkinçi” qəzetini nəşr etməsinə yönəlmişdir.  Zərdabişünaslıq tarixində ikinci dövr sovet hakimiyyətinin ilk illərinə təsadüf edir. Bu illərdə Zərdabi irsinin öyrənilməsində bir çox nailiyyətlər əldə edilsə də, sovet dövrünün ilk illərində H.Zərdabi irsinə, yaradıcılığına münasibət heç də yaxşı olmayıb. H.Zərdabinin məzarının dəfələrlə köçürülməsi, 1935-ci ildə oğlu Midhətin həbs edilib güllənməsi, kiçik qızı Qəribsultan xanıma “ruhi xəstə” adı verilərək, cəmiyyətdən uzaqlaşdırılması, böyük qızı Pəri xanımın Parisdə mühacir həyatı yaşaması (çünki həyat yoldaşı Əli Mərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən idi), oğlu Səffətin qürbətdə vətən həsrəti ilə əbədiyyətə qovuşması və s. bu kimi faktların uzun illər sovet tədqiqatlarında öz əksini tapmamışı, oxucuya yalnız birtərəfli, qeyri obyektiv məlumatın verilməsinə səbəb olub. Buna baxmayaraq görülən işləri də inkar etmək haqsızlıq olardı. Bu tədqiqatlarda Zərdabinin həm “Əkinçi” qəzetindəki, həm də digər sahələrdəki geniş ictimai-siyasi fəaliyyəti və dünyagörüşü tədqiq edilmişdir. Özünün kəmiyyət və keyfiyyət göstəricilərinə görə fərqlənən bu tədqiqatlarda əsas qüsur onların sovet-kommunist ideologiyasının prinsiplərinə uyğunlaşdırılması idi. Amma bu dövr, Azərbaycan zərdabişünaslığının inkişafında mühüm mərhələ olaraq qalmaqdadır.Üçüncü dövrə aid araşdırmalar sistemli xarakter daşımasa da, zərdabişünaslığın inkişafında özünəməxsus xidmətləri olmuşdur. Hər şeydən əvvəl H.Zərdabi şəxsiyyətinə hörmət, sevgi, sayğı yeni bir fazaya qədəm qoymuşdu. Onun uğurları da, qüsurları da, olduğu kimi təqdim olunur, tendensiyalılığa, boşluqlara daha az yer verilirdi. 

Mirzə İbrahimov başlayıb, Heydər Hüseynov davam etdirib

H.Zərdabinin “Əkinçi” ilə bağlı fəaliyyətini çox geniş olmasa da, ilk tədqiq edənlərdən biri də yazıçı Mirzə İbrahimovdur. O, 1939-cu ildə “Böyük demokrat” kitabını çap etdirmişdir. Kitab Cəlil Məmmədquluzadədən bəhs edir. M.İbrahimov 1957-ci ildə yenidən ədibin yaradıcılığına qayıtmış, ilkin tədqiqatını dərinləşdirib əsəri təzə variantda oxuculara çatdırmışdır. Kitabın “Molla Nəsrəddin”ə qədər Azərbaycan mətbuatı” bölməsində ilk dəfə “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”un məramnamə və amalı, ictimai, ədəbi-estetik fikir tarixindəki rolu göstərilir. Müəllifin “Əkinçi” qəzeti və H.Zərdabi haqqında yazdığı fikirlər Zərdabi şəxsiyyəti və irsinin öyrənilməsində qiymətlidir.M.İbrahimov “Əkinçi”nin və onun müəllifinin ideyalarını əsas götürərək yazırdı: “Bu böyük işləri görmək üçün Həsən bəy orta əsr zehniyyətinin nə  qədər böyük bir əngəl olduğunu öz acı təcrübəsində hiss edirdi”.H.Zərdabinin dünyagörüşünə həsr edilmiş ilk elmi material akademik Heydər Hüseynova məxsusdur. 1949-cu ildə H.Hüseynovun gərgin yaradıcılıq illərinin bəhrəsi olan “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tariximizdən”  adlı qiymətli əsəri işıq üzü gördü. Kitabda XIX əsrdə Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində mühüm xidmətləri olmuş xalqımızın beş böyük ziyalısının A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, M.Kazımbəy və H.Zərdabinin simasında Azərbaycan maarifçiliyi problemlərinin öyrənilməsinin əsası qoyulmuşdur. H.Hüseynov yazıçılarımızdan Axundovun, Zərdabinin və  Bakıxanovun fəlsəfi fikirlərini araşdırıb, ilk dəfə onları filosof kimi təqdim edib. H.Hüseynovun kitabında M.F.Axundzadə və H.Zərdabi haqqındakı fəsillərdə istifadə olunmuş materiallar yeniliyinə və zənginliyinə görə xüsusi seçilirlər. O, yazırdı: “Əkinçi” qəzetinin nəşri bütün müsəlman Şərqi üçün böyük əhəmiyyətə malik idi. Təsadüfi deyil ki, şərqşünaslıqdan bəhs edən bütün ədəbiyyatlarda “Əkinçi” qəzeti, onun yaradıcısı, ilk Azərbaycan publisisti, maarifçisi Zərdabi haqqında məqalələr çap olunurdu. Son illər şərqşünas ədəbiyyat sahəsi “Əkinçi”nin əhəmiyyətini yüksək qiymətləndirdi”.Müəllif bu sözləri deyərkən, Rusiyanın “İslam dünyası” şərqşünaslıq cəmiyyətinin orqanının öz səhifələrində yerləşdirdiyi “Qafqazda ilk müsəlman qəzeti” adlı məqaləsini əsas gətirir. H.Hüseynovun “XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” əsəri yeni dövr azərbaycanşünaslığına qiymətli bir töhfədir və bu sahə üzrə tədqiqatçı alimlərimizin əksəriyyətinin istinadgah mənbəyidir.Tədqiqatçı alim Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan mətbuatı tarixindən” adlı əsərində H.Zərdabinin bu yolda çəkdiyi əziyyətlərdən, mətbuatın o zaman xalqı oyatmaq üçün oynadığı roldan və s. məsələlərdən çox geniş bəhs edir. Sovet dövründə Həsən bəy Zərdabini tədqiq edən tədqiqatçılardan biri də Zaman Məmmədovdur. Onun 1957-ci ildə nəşr edilən “Həsən bəy Zərdabi” kitabı bu cəhətdən səciyyəvidir. Kitabda Həsən bəy Zərdabinin dövrü, həyat və yaradıcılığı, maarifçilik fəaliyyəti, elmi görüşləri və başqa bölmələr var. Kitabın “Həsən bəy Zərdabinin dövrü” adlanan birinci bölməsində H.Zərdabinin yetişdiyi dövr, mühit öz əksini tapıb. İkinci bölmədə H.Zərdabinin həyat və yaradıcılığı oxucuların nəzərinə çatdırılır.

Bu əsərlər sovet-kommunist ideologiyasının prinsiplərinə uyğunlaşdırılmışdı

Artıq 60-cı illərin əvvəllərindən başlayaraq H.Zərdabinin müxtəlif elmi sahələrə aid fikirləri, ictimai fəaliyyəti alimlərimizin tədqiqatlarının, o cümlədən dissertasiya tədqiqatlarının obyektinə çevrilir. Bu dövrdən başlayaraq H.Zərdabinin zəngin ədəbi-elmi irsinin toplanıb nəşr edilməsi istiqamətində bir sıra əməli addımlar atılır. Bu sahədə xüsusi  xidmətləri olan alimlər arasında birinci növbədə görkəmli Azərbaycan filosofu, Həsən bəy Zərdabi irsinin tədqiqatçılarından biri olan professor Ziyəddin Göyüşovun adını çəkmək lazımdır. Z.Göyüşov H. Zərdabinin qələmindən çıxmış əsərləri, məktubları, məqalələri toplayıb sistemləşdirmiş və onları “Seçilmiş əsərləri” və “Избранные статьи и письма” adları altında çap etdirmişdir.H.Zərdabinin dünyagörüşü indiyə qədər təsəvvür edildiyindən daha geniş və zəngindir. Bu zənginliyi tədqiqatçı alim İzzət Rüstəmovun 1969-cu ildə oxuculara təqdim etdiyi “Həsənbəy Zərdabi” kitabın da bir daha görürük. Kitabda Həsən bəyin dünyagörüşünün mühüm cəhətləri və xüsusiyyətləri şərh olunur, onun həyat və yaradıcılığının mərhələləri müəyyən ardıcıllıqla təhlil edilir. Amma İ.Rüstəmov da yuxarıda adlarını çəkdiyim müəlliflər kimi dövrün tələbinə uyğun olaraq, H.Zərdabiyə sosialist-kommunist nöqteyi-nəzərdən yanaşdığı üçün təhlillərində zəmanəsinin ideologiyasına uyğun qiymətləndirmələrə üstünlük verir. İ.Rüstəmov H.Zərdabini darvinist, materialist və ateist kimi təqdim edir. Əlbəttə, bu sovet dövrü üçün təbii idi. Kitabın müəllifi də bu səbəbdən Zərdabini ateist adlandırır. Əslində H.Zərdabi ateist olmamışdır. Onun mübarizəsi dinlə yox, dahi Mirzə Cəlil kimi “din” xadimləri ilə olmuşdur. Kitabda bu kimi qüsur və nöqsanlar olsa da, sovet dövrü Zərdabişünüslıq tarixini öyrənmək üçün çox əhəmiyyəti və qiymətli mənbələrdəndir. H.Zərdabinin Azərbaycan xalqı qarşısında xidmətləri çoxtərəflidir. Amma sovet dövründə onun fəaliyyətini tədqiq edərkən tədqiqatçılar ən çox onun “Əkinçi” qəzeti ilə bağlı fəaliyyətini araşdırıblar. Bu tədqiqatçılardan biri də Vəli Məmmədovdur. Onun 1976-cı ildə Azərbaycan dilində, 1977-ci ildə isə rus dilində “Əkinçi” qəzeti” adlı kitabı nəşr edilmişdir. Həsən bəyin “Əkinçi”dəki fəaliyyətindən bəhs edən müəllif yazırdı: “H.Zərdabinin bir qayəsi, bir məqsədi vardı: xalqı maarifləndirmək, onun tərəqqisinə kömək etmək. Harada olursa-olsun, hansı sahədə çalışırsa-çalışsın, maarifpərvər alimi bu amal, bu arzu düşündürürdü”. “Əkinçi”nin əsas qayəsi “Köhnə qaydaları yeni qaydalarla əvəz etmək idi” söyləyən tədqiqatçı alim, mətbuatşünas Ağarəfi Zeynalzadə H.Zərdabini daha çox maarifpərvərliyindən, xeyriyyəçiliyindən bəhs edib. Digər tədqiqatçılarımıza nisbətən, A.Zeynalzadə daha çox dərinliklərə müraciət edərək “Əkinçi”nin yaranmasına daima əngəl törədən çar senzurasından, onun şovinist məmurlarından bəhs edib. Zəngin arxiv sənədləri ilə əhatə edilən əsərlərdən biri də professor Nazim Axundovun “Sənədlərin dili ilə” kitabıdır. Kitabın “Azərbaycan milli dövri mətbuatının yaranması və “Əkinçi” qəzeti” adlı bölməsində alim, H.Zərdabinin fəaliyyətini Azərbaycan xalqının ictimai fikir tarixində “mühüm hadisə” adlandırır. Nazim müəllimin kitabında da dövrün tələb və təklifi açıq-aydın özünü büruzə verir və H.Zərdabi daha çox ateist, darvinist alim kimi təqdim edilir.Azərbaycan mətbuatı haqqında ilk dərs vəsaitinin müəllifi tədqiqatçı, mətbuatşünas alim Nəriman Zeynalovdur. O, 1973-74-cü illərdə 2 hissədən ibarət “Azərbaycan mətbuatı tarixi” adlı ali məktəblər üçün dərslik nəşr etdirib. Kitab gərgin zəhmət sayəsində tədqiq olunmuş, uzun illər jurnalistlərə tədris olunan sanballı vəsaitdir. Dərsliyin I hissəsində Azərbaycan mətbuatının qaranquşu olan “Əkinçi” qəzetinə böyük yer verilmişdir. Kitabda “Əkinçi” qəzetinin nəşr olunduğu tarixi dövr, Zərdabinin zəhmətləri, qəzeti hansı çətinliklərlə nəşr etməsi, qəzetlə əməkdaşlıq edən publisistlər, qəzetdə dərc olunan məqalələrin mövzusu öz  əksini tapmışdır. Bu dövrdə “Əkinçi” qəzetinin bütün sayları Turan Həsənzadə tərəfindən tərtib edilərək kitab şəklində 1979-cu ildə Əziz Mirəhmədovun redaktəsi və ön sözü ilə nəşr edilmişdir. Sovet dövründə Zərdabi irsinin öyrənilməsi sahəsində müəyyən əhəmiyyət kəsb edən digər kitablar, monoqrafiyalar, məqalələr, dissertasiyalar da yazılmışdır. Bu əsərlər də 1930-40-cı illərdə yazılan tədqiqatlar kimi sovet-kommunist ideologiyasının prinsiplərinə uyğunlaşdırılmışdı. Odur ki, çağdaş zərdabişünaslığa ehtiyac yaranırdı.

Zərdabi irsinə yenidən baxış, mütləq vacibdir

Çağdaş zərdabişünaslıqda Vilayət Quliyevin 2001-ci ildə nəşr etdirdiyi “Böyük əkinçi” kitabı da əhəmiyyətlidir. “Əkinçi” qəzetinin ilk sayının işıq üzü görməsinin 125 illiyinə həsr olunmuş bu kitabda Zərdabi haqqında sənəd və materiallar toplanmışdır. “Böyük əkinçi”ni tanıyan adamların qələmə aldıqları yazılar, Zərdabiyə ünvanlanan məktublar, onun barəsindəki xatirələr əslində, Həsən bəyin kimliyini öyrənmək üçün ən dəqiq, ən səhih məlumatlardır.V.Quliyev H.Zərdabinin dəfn mərasim haqqında yazır: “Mənə elə gəlir ki, azərbaycanlılar XX yüzillikdə ilk dəfə 1907-ci ilin soyuq noyabr günlərində xalqın böyük oğlu Həsən bəy Zərdabini torpağa tapşıranda birləşmişdilər. Yalnız onda “qara qızılın” işığında Bakıya axışanlar, Azərbaycan torpağının qanını sormaqla öz ocaqlarını abad edənlər görmüşdülər ki, bu torpağın həqiqi sahibləri var, bu torpağın qeyrətini çəkənlər olub”.Bunlarla yanaşı, Zərdabi irsini öyrənmək cəhətdən 2010-2011-ci illərdə 2 cilddə nəşr edilən “Azərbaycan mətbuat tarixi antologiyası” da vacib mənbələrdəndir. “Azərbaycan mətbuat tarixi antologiyası” müstəqillik dövründə kütləvi informasiya vasitələrinin milli-tarixi kontekstdə inkişafına təsir edəcək dəyərli vəsaitdir. Antologiyada H.Zərdabinin “Əkinçi” qəzetində nəşr edilən “Daxiliyyə” adlı məqalələrinin bəziləri, “Həyat” qəzetində dərc olunan “Rusiyada əvvəlinci türk qəzeti”, “Dil və din”, “İttihadi-lisan”, “Açıq məktub” məqalələrinə yer verilmişdir. Kitabda Ə.Topçubaşovun “Əkinçi” qəzetinin 50 illiyi münasibəti ilə Həsən bəy Zərdabiyə həsr etdiyi “Azərbaycanın mayakı” adlı məqaləsi, H.Vəzirovun H.Zərdabinin vəfatı ilə əlaqədar “Tazə həyat” qəzetində dərc etdiyi “Həsən bəy Məlikov” və “Həsən bəy Məlikov yadigarlığı” məqalələri, F.Köçərlinin “Azərbaycan dövri mətbuatının qısa icmalı” və “Həsən bəy Məlikov” adlı yazıları öz əksini tapıb.Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas Eldəniz Həsənovun 2013-cü ildə çap olunan “Həsən bəy Zərdabi irsi-keşməkeşli həyat yolu” adlı əsərində ilk dəfə olaraq H.Zərdabinin nəsil şəcərəsi tərtib olunmuşdur. Əsərdə Zərdabi ocağından çıxanların, habelə bu nəsildən olan insanların xalqının, millətinin tərəqqisi, rifahı naminə gördükləri elmi işləri, ideyaları, tövsiyələri və xeyriyyəçilik əməllərindən geniş bəhs edilir.Tədqiqatçı alim, yazıçı-publisist Sona xanım Vəliyevanın “İşığa gedən yol” (2016) romanında H.Zərdabinin həyatı, yaradıcılığı, xeyriyyəçiliyi  və maarifçiliyi ilk dəfə olaraq oxucuya sadə, bədii dillə və bütün əhatəliliyi ilə təqdim edilir. Azərbaycan tarixinin olduqca ziddiyyətli dövrünün, Rus imperiyasının tərkibindəki illərin əks olunduğu əsərdə xalqımız üçün bugünkü müstəqilliyinin nə qədər önəmli olduğu bütün aydınlığı ilə özünü büruzə verir. Bütün bunlar H.Zərdabi irsinin öyrənilməsindən, Zərdabişünaslığının uğurlarından və Azərbaycan mətbuatşünaslığında görülən işlərdən də xəbər verir.Sonda belə bir sual meydana çıxır: Bu gün Zərdabi ilə bağlı bütün məsələlər həllini tapmışdırmı? Onun həyatının və irsinin tam, milli tələblər baxımından tədqiq edildiyini söyləyə bilərikmi?. Əlbəttə yox! Milli mətbuatımızın banisi H.Zərdabinin həyatı, irsi, “Əkinçi”si, digər mətbu orqanları ilə əməkdaşlığı, maarifçilik görüşləri, Dumadakı fəaliyyəti, çıxışları daha dərindən, diqqətlə araşdırılmalı və elmi ictimaiyyətin ixtiyarına verilməlidir. Çünki həmin çıxışlarda qoyulan problemlər bu gün çox vacib və aktual məsələlərin həllindən xəbər verir. Deməli, hələ Zərdabi irsinə yenidən baxış, mütləq vacibdir.

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist