Stalin zərdablılara təşəkkür məktubu göndərmişdi

0
30

II dünya müharibəsinin dəhşətləri elə ilk günlərdən Zərdabı da ağuşunda boğurdu. Baxmayaraq ki, cəbhə xətti, döyüş zonası Zərdabdan çox-çox uzaqlarda idi, bununla belə burada da aclıqdan ölənlər az deyildi. Odlu-alovlu cəbhəyə yollanan 3384 nəfər Zərdab sakinindən 1407 nəfəri qəhrəmanlıq və igidlik nümayiş etdirərək, dünyanı faşist əsarətindən xilas etmək naminə ömrünün gənclik çağında canını qurban verərək həlak olmuş, Vətənə, doğma elə, ailəyə qayıtmaq onlara qismət olmamışdır.
Haşiyə: II  Dünya müharibəsində alman faşist işğalçılarına qarşı vuruşan 700 minə yaxın həmyerlilərimizdən 300 min nəfəri həlak olmuşlar. Müharibədə igidlik göstərdiyinə görə Azərbaycandan 123 nəfər (onlardan 33 nəfəri azərbaycanlı) Sovet İttifaqı Qəhrəmanı, 30 nəfəri-Şöhrət Ordeninin hər üç dərəcəsinə layiq görülmüşlər. 1941-1945-ci illər müharibəsi dövründə Azərbaycanın arxa cəbhədə fədakarlıq göstərən 250 min nəfər oğul və qızı SSRİ dövlətinin orden və medalları ilə təltif olunmuşdu, onların sırasında 2 min nəfərdən çox zərdablı vardı.
Böyük Vətən müharibəsində Zərdab əhalisi uşaqdan – böyüyə arxa cəbhədə yorulmaq bilmədən, gecə-gündüz, yarıac çalışdı, çarpışdı ki, əsgərlərimiz və onların ailələri ac və geyimsiz qalmasınlar. O illərdə Zərdab rayonu cəbhəyə pulla, qızılla, ərzaqla misilsiz kömək göstərdi və bunun müqabilində sovet dövlətinin rəhbəri İ. V. Stalin şəxsən özü zərdablılara təşəkkür məktubu göndərdi. “Əkinçi” qəzetinin xələfi olan “Zərdab Staxanovçusu” qəzetinin 1944-cü il oktyabrın 16-da bazar ertəsi çıxan 4-cü sayında SSRİ dövlətinin başçısı, Ali Baş Komandan, marşal İosif Vissarionoviç Stalinin imzası ilə zərdablılara göndərilən belə bir teleqram dərc olunmuşdur: “Azərbaycan SSR Zərdab rayon partiya komitetinin katibi Nəriman Süleymanov yoldaşa, Rayon icraiyyə komitetinin sədri Abdulla Məmmədov yoldaşa, Rayon icraiyyə komitetinin dövlət təminat və hərbi qulluqçu ailələrinə yardım üzrə müavini Niyazi Abdullayev yoldaşa:
Cəbhəçi uşaqlarına kömək fonduna 800 manat pul və 800 pud taxıl toplayan Zərdab rayon partiya, sovet və kənd fəallarına mənim qardaşlıq salamımı və Qızıl Ordunun təşəkkürünü yetirməyinizi xahiş edirəm! İ. V. Stalin”.