Zərdabın gizli tarixi – Gənc alim nələr üzə çıxarıb? – Araşdırma

0
87
zerdab-kur-cayi-tarix-arasdirma

Türyançayın aşağı axarında Zərdab ərazisində Yuxarı Seyidlər kəndində Qanlıca gölünün yaxınlığında arxeoloji tədqiqatlar nəticəsində şəhər tipli yaşayış yerinin olması haqqında fikir söyləmək mümkündür.

Bu barədə Zerdab.com saytına AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Taleh Əliyev məlumat verib:

“Əvvəlcə bu haqda yazılı mənbələrə nəzər salaq. Strabonun məlumatlarından aydın olur ki, Türyançayın orta və aşağı axarında çoxlu əhali yaşayır. Bu əhali əkinçilik, bağçılıq və maldarlıqla məşğul olurdu. O həmçinin yazır ki, bu əhali Türyançaydan gəmiçilik məqsədilə də istifadə edir. IX-X əsr ərəb coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərdic şəhəri vardır, karvanlar bu şəhərdən keçib gedirdi.

Salman ibn Rəbiənin fəthini təsvir edən müəlliflər yazır: “Qədim Şəmkir şəhərini ələ keçirən Səlman ibn Rəbiə əl-Bəhili on minlik qoşunla Bərdican arxasından Arazla Kürün qovuşduğu yerə gedərək, Kür çayını keçib Qəbələni tutdu, Şəkkan (Şəki) və Kamibəran (Kambisena) hakimləri ilə xərac vermələri şərtilə sülh imzaladı”.

İbn Həvqəl X əsrdə “Yollar və məmləkətlər” əsərində yazır: “Bərdədən Bərzəncə 18 fərsəx (hər fərsəx 6-8 km-dir) yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəx yol var…”. Minorskinin fikrincə, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında – Bərdədən təqribən 35 km. şərqdə mövcud olmuşdur. Lakin bu fikri daha da dəqiqləşdirərək şəhərin buradan şimala doğru uzanan ərazidə Bərzənd deyil, Bərdicin yerləşdiyi qənaətindəyik. N.M.Vəlixanlı yazır: “bəzi tədqiqatçılar Bərdiclə Bərzənci eyniləşdirirlər. Maraqlı burasıdır ki, qismən adların oxşarlığından doğan bu dolaşıqlıq ərəb müəlliflərinin bu yerlər haqqında məlumatında da özünü göstərir. Bərdic şəhəri, Yaqutun məlumatına görə, Bərdənin 14 fərsəxliyində, Kürün suları ilə əhatə olunmuş bir yerdə (görünür, Kürün əyintili yerlərindən birində) yerləşmişdi. Mənbənin orijinalına nəzər saldıqda Bərdic şəhərinin Kür çayının əyintili sahilində yerləşdiyi qənaətinə gəlirik. Daha doğrusu, sahildən uzaqlaşdıqca şəhərin əsas hissəsinin yerləşdiyini söyləmək olar. Yaqut əl-Həməvi Bərdic şəhərindən olan və Xilafətdə yaxşı tanınan, 301/913-914-cü ilin ramazan ayında vəfat etmiş məşhur hədis alimi əl-Hafiz Əbu Bəkr Əhməd ibn Harun ibn Ruh əl-Bərdicinin adını çəkir. Bərzənc şəhəri isə, onun təsdiq etdiyinə görə, Bərdənin 18 fərsəxliyində idi”.

Məlumata əsasən, qeyd etməliyik ki, Kürün əyintili sahilləri də məhz müasir Ağdaş və Zərdab rayonlarının qovşağında – Körpükənd-Yuxarı Seyyidlər-Yerağzı istiqamətindədir.

İbn əl-Fəqihdə Bərdic adı ilə göstərilən keçidin isə tədqiq etdiyimiz əraziyə uyğun gəldiyini söyləyə bilərik. Mənbələrdən aydın olur ki, ərəblər oradan çayı keçərək Qəbələni fəth etmişlər.

Lakin Salman ibn Rəbiənin Şəmkirdən qayıdaraq birbaşa Bərdicdən keçib Qəbələyə getməsi yazılır. Belə olduğu halda ordunun yuxarıda deyildiyi kimi uzun yolla Arazla Kürün qovuşduğu yerə gəlib, buradan geri qayıtması mümkün deyil. Ərazinin düzənlik relyefi baxımından ən qısa yol məhz Türyançay sahilindən ola bilərdi. Mühüm məsələ qeyd olunan Qarasu çayının lokalizəsidir. Bəllidir ki, həm Kürün, həm də Arazın sol qollarından biri Qarasu adlanır. Qarasu və Ağsu adları Fəzlullah Rəşidəddində də var. Ağsu, eyni zamanda monqolca “Çağan Muran” kimi də adlanmışdır. Girdimançay hər zaman bu adı daşımışdır. F. Rəşidəddində Girdimanın sahilindəki səhra Dəşt-i Girdiman adlanır. Abaqa xan 1265-ci ildə Cuci ulusu xanları ilə (Qızıl Orda – T.Ə.) döyüşlərində Delan-Navurda düşərgə salmışdı. Delan-Navur indiki Kürdəmir, Zərdab və Ucar əraziləridir. Bir sözlə, qədim Əcəri vilayətini orta əsrlərdə monqollar bu cür adlandırdı. Həmin gölün yanında Qara Küdəri adlı bir yer də göstərilir. Delan-Navurun qərb sərhəddi də məhz Türyançay, yəni Qarasudur. Araz çayının qolu olan Qarasu  yaxınlığında isə Neolit dövrü abidəsi olan Kamaltəpə öyrənilmişdir. Ərazidə XI – XIII əsrlərə aid yaşayış yerinin olduğu məlum olsa da bu abidənin kəndtipli olduğu qeyd edilir.  

XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri «Tarix-e Şeyx Uveys» əsərində Hülakü hökmdarlarının tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265-1282) Hülakülər dövləti lazımi qədər möhkəm idilər, 1266-cı ildə “Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun (Girdman – T.Ə.) səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu…” Əsərdə haqqında danışılan Delan Naur monqol dilində «Yetmiş göl» deməkdir, monqollar Kürün şimalında Hacıqabul – Kürdəmir – Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar. Müasir toponimiyada bu adın Dərnəgül toponimində saxlanıldığı güman edilsə də ərazi coğrafi baxımdan daha çox Zərdab – Ucar – Kürdəmir – Hacıqabul bölgəsinə uyğun gəlir.

2013-cü ildə Yuxarı Seyyidlər kəndinə yaxın ərazidə Qanlıca gölünün qərb hissəsində iki təpəlikdə – Yer ağzı yaşayış yeri qeydə alınmış və arxeoloji tədqiqat işləri zamanı iki mədəni təbəqənin olduğu müəyyən edilmişdir. Əkin sahələrinin kənarında yerləşən yaşayış yerində əvvəlki illərdə də şumlama işləri zamanı maddi mədəniyyət nümunələri və Atabəylər dövrünə aid mis pullar tapılmışdır. Təpələr arasında 200 m məsafə var. Onlardan birinin sahəsi 300 kv.m, digərinin isə 200 kv.m olmaqla yaşayış yerinin ümumi sahəsi təxminən 500 kv.m-lik bir ərazini əhatə edir. Arxeoloji tədqiqat içləri zamanı həm ilk orta əsr, həm də IX – XIII əsrlərə aid saxsı nümunələri, şirsiz və şirli gil qab nümunələri, çıraqlar və s. əldə olunmuşdur. XII əsrin sonu – XIII əsrin əvvəllərində hazırki kəndin ərazisinə Quba ərazisindən Seyyid Şahmərdan və ailəsi, o cümlədən, onlarla birlikdə beş ailə köçmüş və Yuxarı Seyyidlər kəndinin əsasını qoymuşdur. Hazırda kənd qəbiristanlığında Seyyid Şahmərdan və yaxınlarının məzarları qalmaqdadır. Elmi tədqiqatlar burada ilk orta əsrlərdə kənd tipli yaşayış yerinin, IX – XIII əsrlərdə isə bu zəmin əsasında şəhər tipli yaşayış yerinin olduğunu deməyə imkan verir. Ehtimal ki, yuxarıda qeyd etdiyimiz məlumatlar məhz Yerağzı yaşayış yerinə uyğun gəlir və orta əsr Bərdic şəhərinin burada olması mümkün idi”.