Zərdabın Məlikli kəndi ilə Qəbələnin Məlikli kəndi arasında əlaqə var imiş – Maraqlı fakt

0
Zerdab-Melikli-kendi

Məlikli kəndi Zərdab şəhərindən 18 kilometr qərbdə, Zərdab-Ağcabədi şose yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. Zerdab.com saytı xəbər verir ki, bu kənd rayonun Müskürlü adlanan 4 kəndindən biridir. Məlikli kəndində əhali əsasən heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq, balıqçılıq və meyvəçiliklə məşğul olur. Kənddə icra nümayəndəliyi, bələdiyyə, kitabxana, orta məktəb, dəyirman, xəstəxana, mədəniyyət evi, mişar sexi, uşaq bağçası, rabitə şöbəsi, ATS, xidmət obyektləri və s. var.

Tarixi mənbələrdə qeyd olunan məlumatlara görə, Məlikli kəndinin adı Məlik adlı nüfuzlu bir şəxsin adı ilə bağlıdır.
Bu gün Məlikli kəndinin yetirməsi olan neçə-neçə insan müxtəlif vəzifələrdə, dövlət əhəmiyyətli işlərdə ölkəmizi qürurla təmsil edirlər. Onlar bu gün də doğma torpağa – Zərdab rayonuna və Məlikli kəndinə öz sadiqlikləri ilə seçilirlər…

Qeyd edək ki, Azərbaycanda 4 Məlikli kəndi var:

1) Qəbələ rayonunun Məlikli kəndi. Göyçayın sahilində, düzənlikdədir. Kənd Məlikli nəslinin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılıb. Bəzi məlumatlara görə, bu kəndin ilk sakinləri Zərdabın Məlikli kəndindən köçüblər. Hazırda Qəbələnin Məlikli kəndində yaşayan bəzi şəxslər böyüklərindən eşitdiklərinə əsasən onların məhz Zərdabın Məlikli kəndindən köçdüklərini təsdiqləyirlər. Belə ki, qışda Zərdabda yaşayan, yayda Qəbələyə köçən Zərdabın Məlikli kəndinin sakinlərinin bəziləri ev-eşit tikib elə o kənddəcə qalıblar. İddialara görə, beləcə, Qəbələdə Məlikli kəndi salınıb.

2) Zəngilan rayonunun Məlikli kəndi. Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi Məlikli nəsli saldığı üçün belə adlanmışdır.

3) Zərdab rayonunun Məlikli kəndi. Kür çayının sahilində, Şirvan düzündədir. Kənd məlikli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Həmin nəslin adı ilə kəndin yaxınlığında Məlikli arxı, Məlikli əkini, Məlikli bağları adlı yerlər də var.

4) Yardımlı rayonunun Məlikli kəndi. Buzovar silsiləsinin ətəyindədir. Yerli məlumata görə kəndi vaxtilə Məlik adlı şəxs və onun övladları saldığına görə belə adlandırılmışdır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 3 =