Mərhum doktorun ailə üzvündən göz yaşardan yazı – “Yerin görünür, İman doktor”

0
iman-memmedov-doktor-zerdab

Ramazan bayramını sevirəm. Çünki bərəkət ayıdır, paylaşmaq ayıdır. Olan olmayana yardım edir, küsülülər barışır, hamı sanki bir düşüncə ilə – yaxşılıq etmək hissi ilə yaşayır o bir ayı.
Biz də çox gözəl əhval-ruhiyyə ilə keçirərdik bu bayramı. Hamı ata yurduna – Zərdab rayonunun Aşağı Seyidlər kəndindəki o evə yığışardı. O bayram günləri həyatımızın ən dəyərli günləri olardı.
O günləri dəyərli edən isə, doktor, sən olardın. Bəzən hamıdan qabaq gedər, həyəti gəzər, eyvanda oturub fikrə gedər, bəzən də işin olduğu üçün bir az gec gələrdin. Doktorun maşını görünən kimi uşaqlı böyüklü hamı həyətə – onu qarşılamağa düşərdi.
Çox sevirdi kəndə gələndə o həyatı olduğu kimi yaşamağı.

Palazlar salınar, yastıq-döşəkçə qoyulardı. Dirsəklənib oturar, hamı da ətrafına toplaşardı. Hərə bir iş görərdi: kimi onun sevdiyi yeməklərdən bişirər, kimi meyvə yuyar, kimi də çay hazırlayardı. Axsam olardı, “Mənim yerimi eyvanda, miçətkəndə salın”- deyərdi.
Səhər günəş çıxar-çıxmaz hamıdan qabaq oyanar, həyətə düşər, bağı gəzərdi. Nə isə xəyala dalardı… Keçmişimi – ata-analı günlərimi xatırlayar, yoxsa yeni doğulacaq şeirinin misralarınımı düşünərdi?
Bilmirəm… Bildiyim tək şey – o bunu hər kəndə gəlişində edərdi.
Sonra səhər süfrəsi açılar, samovar çayı dəmlənər, sevdiyi kənd nemətləri (süd, yumurta, pendir, yağ) süfrəyə düzülərdi. Üzündə xəfif bir gülümsəmə görərdim. O gülümsəmə o an onun daxilən yaşadığı xoşbəxtliyinin göstəricisi idi.
Sonra qardaşlarını da yanına alıb kəndə çıxardı, il ərzində kim rəhmətə gedibsə, onun ailəsinə başsağlığı verməyə, sonra xəstə olanları ziyarət etməyə və qəbiristanlığa gedib ata anasını, qohum əqrəbasını, elini gününü ziyarət etməyə.
Evə dönəndə həyətimiz toy məhləsinə dönərdi. Ocağın oğul-qızları, nəvələri, nəticələri, qohumlar… Hamı maşın-maşın doktorun başına yığılardı. Neçə gün kənddə qalsaydı, darvazalar gecə-gündüz bağlanmazdı. Biləndə ki, doktor ata ocağına – Zərdab rayonunun Aşağı Seyidlər kəndinə gəlib, nəinki öz kəndi, qonşu kəndlər, hətta rayon mərkəzindən də gələrdilər ziyarətinə.
Beləcə, o günlər həqiqi bayram günləri yaşayardıq.
Bəzən deyirlər, hər şeyi zamana burax, o hər şeyi həll edər. Zaman-zaman unudarsan ağrılarını, acılarını, itkilərini. Yox, elə deyilmiş. Çox sevdiyin birini itirirsən, günü-gündən yeri daha çox görünür, xatirələri yada düşür, daha çox sızladır qəlbini.
Yenə bayram gəlib çatdı. Bu il ikinci dəfədir ki, Ramazan bayramını sənsiz keçirəcəyik. Keçən ilin Ramazan bayramında səni xəstəxanada qoyub gəlmişdik. Təsəllimiz var idi, “şükür, sağ-salamatdır” deyirdik. Bu il isə. Bu il isə artıq sən yoxsan. Ata ocağının o əvvəlki hay-küyü qərib bir sükut içində əriyib gedir: o əvvəlki səsli- küylü ata ocağın yetim qalıb. O günlər, o anlar daha yaşanmayacaq…
Amma mən bilirəm, sən yenə həyətdə, ağacların altında, ya da qapının ağzında durub gözləyəcəksən bizi. Başqalarını deyə bilmərəm, doktor, amma biz gələcəyik. Mütləq gələcəyik… Sənin yeni evini ziyarət etmək üçün…

Sənin bizi gözləyən qayğılı gözlərini nigaran qoymamaq üçün…
Ruhun şad olsun, doktor.

Aytən Məmmədova (ailə üzvü)

.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

12 + eighteen =