Lümunə Mirzəliyeva BDU-nun Hüquq fakültəsinə qəbul oldu – Rayonumuzun fəxri

0
14557
lumune-mirzeliyeva-bdu-huquq-memmedqasimli1

Bu il ali məktəblərə qəbul imtahanlarında Zərdab rayonundan yüksək nəticə göstərən abituriyentlər çox oldu. Zerdab.com saytı xəbər verir ki, onlardan biri də Lümunə Mirzəliyevadır. Lakin Lümunəni digərlərindən fərqləndirən bir üstün cəhət də var – Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medala layiq görülüb.

Lümunə Mirzəliyeva Zerdab.com saytına açıqlamasında bildirib ki, qəbul imtahanlarının nəticələrinə əsasən, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinə daxil olub: “N. Nərimanov adına Məmmədqasımlı kənd tam orta məktəbin məzunu olmuşam. Artıq tələbə adını qazandım və BDU-nun Hüquq fakültəsinə (ödənişsizinə) qəbul oldum. Respublika fənn olimpiadasının Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medalını qazanmışam. Təhsil nazirinin əmri ilə təhsildə xüsusi nailiyyətlərim nəzərə alınmaqla gümüş medala layiq görülmüşəm. Rayonumuzun bu sahə üzrə yeganə gümüş medalçısıyam”.

Lümunə Mirzəliyeva ali məktəblərə qəbul imtahanına demək olar özü hazırlaşıb: “Çox qısa müddətdə – cəmi bir neçə ay 3 fəndən hazırlıq keçmişəm. Şükür ki, əziyyətim öz nəticəsini verdi – qəbul imtahanlarında 631 bal topladım”.

Qeyd edək ki, Lümunə Mirzəliyeva 5 uşaqlı ailənin övladıdır: “Ailənin ilk övladıyam. Valideynlərim kənddə yaşayırlar, təsərrüfatla məşğul olurlar. Zəhmətkeş bir ailədə böyümüşəm. İnşallah, bundan sonrakı həyatımda da valideynlərimin mənə göstərdikləri etimadı doğrultmağa, hər zaman onların başını uca etməyə çalışacağam.

Oxuduğum fakültədə yüksək biliklər əldə edərək xalqıma, millətimə, dövlətimə şərəflə qulluq edəcəyəm”.