Zərdabın qəhrəman oğlu – şəhid Kamran Məmmədov yad edilib – Tədbirdən fotolar

0
36

Zərdab rayon Tarix-diyarşünaslıq muzeyində rayonumuzun Böyük Dəkkə kəndindən olan şəhid Məmmədov Kamran Nurəddin oğlunun 50 illiyinə həsr olunmuş “Şəhidlik zirvəsi adlı” tədbir keçirilib.
Muzeydən Zerdab.com saytına verilən məlumata görə, tədbirdə şəhidin qardaşları Rafiq və Məhəmməd Məmmədov, bacıları Zabitə və Gülnar Məmmədova, sinif yoldaşı Telman Cəbrayılov, döyüş yoldaşları Bayram Bayramov, Elçın Məmmədov şəhid haqqında xatirələrini danışıblar.
Tədbirdə Zərdab rayon Hərbi Komissarlığının nümayəndələri, Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər İdman-Şahmat məktəbi, M.F.Axundov adına Gəlmə kənd tam orta məktəbinin müəllimləri və H.Z.B.Zərdabi muzeyinin əməkdaşları iştirak ediblər.
Muzeyin direktoru Şahnaz Mustafayeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edilib.

Şahnaz Mustafayeva çıxışında deyib: “Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvə hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar”.

Tədbirdə digər çıxış edənlər Zərdabın igid oğullarının Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, şəhid Kamran Məmmədovun ömür yolundan danışıblar.

Bildirilib ki, vətənimizin dar günündə canlarından keçən bu qəhrəman oğullar heç zaman unudulmayacaq və daim yad olunacaqlar.

Zerdab.com