1858-ci ildə Həsən bəy Zərdabiyə güllə atdılar, amma divara dəydi…

0
35

www.zerdab.com saytı Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə bağlı daha bir maraqlı yazını təqdim edir:

– Həsən bəy Zərdabinin ilk müəllimi atası Səlim bəy idi. Əmisi Rəhim bəy general Paskeviçi qarşılayarkən erməni məktəbliləri göstərib demişdi ki, “Biz yaşayacağıq və yalnız uşaqlarımız bu məktəblilərin sırasında dayananda bizimlə hesablaşacaqlar!”. Bu sözlər Həsən bəyin yaddaşından pozulmurdu. Rəhim bəy Şirvanın əsilzadələri ilə birgə İran şahzadəsi Xosrov Mirzəni Peterburqa yola salmaq üçün Qarabağ sərhəddində qarşılayarkən bahalı atlasa və daş-qaşa bürünmüş gənc şahzadəyə baxıb yanındakı bəyə demişdi: “Mən bunun əyninə gödək və rahat arxalıq geyindirib yəhərli atın belinə mindirər, ölkəsinin vəziyyətini öyrənməyə göndərərdim. Bu onda əsl padşah olardı. Yoxsa, arvad kimi bəzənib, tumarlanıb… Arvaddan artıq olmayacaq”…
Söhbətin onun barəsində getdiyini hiss edən şahzadə Rəhim bəydən dediklərini təkrar etməyi tələb edir və Rəhim bəy sözlərini olduğu kimi şahzadənin üzünə deyir.
Zərdabi varlılara babası Rəhim bəyin sözlərini daim xatırladırdı: “Yalnız maarif sizi xilas edəcək”. 1867-ci ildə bəylər Həsən bəyə kəndliləri müdafiə etdiyinə görə narazılıqlarını  bildirdilər. Zərdabi onlara belə cavab verdi: “Baxın, görün siz bəylər nə qədər azsınız, bədəncə və ruhca sağlam olan bu kəndlilər isə nə qədər çoxdur! Onlar sizin əbədi qullarınız olmayacaqlar, nə vaxtsa öz azadlıqlarını tələb edəcəklər”.
Torpaq məsələlərində aldadılan kəndliləri müdafiə edərək onlara hüquqlarını başa salan Həsən bəyə çalışdığı torpaq palatasının rəisi ultimatum vermişdi ki, ya rəislərə dərs verməkdən və kəndliləri “korlamaqdan” əl çək, ya da işdən get. “Məndən dövlət məmuru olmaz”, deyən Zərdabi istefaya çıxdı. Fikri doğma kəndinə qayıdıb xalqı oyatmaq idi. Lakin o zaman məhkəmə və inzibati orqanlar yenidən qurulurdu və bu yeni qaydalar savadsız, öz hüququnu və rus dilini bilməyən kəndliləri pis vəziyyətə salırdı. Zavallı kəndlilərə kömək naminə Həsən bəy quberniya idarəsinə işə girdi. Burada süründürməçilik hökm sürür, şikayətlərə aylarla cavab verilmirdi. Avam kəndliləri vicdansız məmurlar aldadıb soyurdular. Zərdabi bu işlərdə məmurlarla vuruşduğuna görə Bakı qubernatoru Kulibyakin tələb etdi ki, quberniya idarəsində ya mən qalmalıyam , ya da Həsən bəy… Zərdabi bu işindən də çıxdı.
Həmin dövrdə mahal və dairə məhkəmələri yaradılırdı, bu qurumlarda xalqın qanını soran tərcüməçi-zəlilər, fırıldaqçı vəkillər, polis və b. cəmləşirdilər. Həsən bəy ona böyük hörmət bəsləyən S. adlı Qubanın məhkəmə hakiminin yanında məhkəmə katibi işləməyə başladı və xalq arasında hüquqi maarifləndirmə apararaq onlara yeni qanunları səbrlə izah  etməyə başladı. Bu isə fırıldaqçı vəkillərin, vicdansız tərcüməçilərin, acgöz polislərin xoşuna gəlmirdi. Bu səbəbdən də 1858-ci ilin martında gecə kabinetində işləyərkən Həsən bəyə güllə atdılar, güllə onun başından bir verşok yuxarı, divara dəydi…
Zərdabi istəyirdi ki, səsini bütün xalq eşitsin. Ona görə də qəzetdə işləmək fikrinə düşdü. Lakin o zaman türk dilində qəzet yox idi və o “Bakınski listok” adlı rusdilli kiçik qəzetə məqalələr yazdı. Onun ilk məqaləsi məktəb açmaq işinə laqeyd olan varlı Quba boyaqçılarına qarşı idi. Rüşvətxorluğu, acgözlüyü, yalançı mollaları ifşa edirdi. Həsən bəy tək idi və bu onu qorxudurdu. O, qəzet yaratmaq və ruslaşdırma siyasətinə xidmət edən dövlət məktəbləri əvəzinə müsəlmanlar üçün ayrıca məktəb açmaq fikrində idi. Amma hökümət ona heç adi müəllimliyə də icazə vermirdi. Zərdabi deyirdi ki, bu zəmanədə xalqa məktəb vasitəsilə təsir göstərmək olar. O zaman Bakı gimnaziyasında müsəlman uşaqlar lap az idi və valideynləri onların da ruslaşacağından qorxaraq dərsə buraxmırdılar. Bunun üçün gimnaziyada mütləq müsəlman müəllimlər də olmalı idi, – Zərdabi bunu tələb edirdi. Nəhayət, əsl ziyalı olan direktor Çermak Həsən bəyə gimnaziyada işləməyə imkan yaratdı, məktəbin ziyalı kollektivi də onu çox sevirdi. Şagirdlər Zərdabiyə dərin məhəbbət bəsləyirdilər. İndi müsəlmanlar uşaqlarını gimnaziyaya həvəslə göndərirdilər. Azərbaycan xalqının ziyalı nəsli yətişirdi. Həsən bəy uşaqlara doğma xalqa vicdanla və ləyaqətlə, təmənnasız xidmət etməyi öyrədirdi. Deyirdi ki, xalqın içərisinə gedin, elə edin ki, sizi əməllərinizə görə sevsinlər, sizə inansınlar. Gimnaziyada yalnız varlıların uşaqları oxuyurdu. Zərdabi məhəllələrdə, kəndlərdə gəzərək kasıbları uşaqlarını oxutmağa sövq edirdi. Xüsusən çayçıda, dəmirçixanada, dəllək və çəkməçi dükanlarında oturub camaata elm öyrənməyin vacibliyindən danışırdı. Bir dəmirçini çox çətinliklə uşağını gimnaziyaya göndərməyə razı salmış, xərcini dövlət vəsaitindən ödətdirmişdi. Demişdi ki, çəkic-zindanını satmaqla da olsa uşağını oxut… Sonralar o uşaq görkəmli alim oldu…
Müsəlmanlar uşaqlarının təhsilinə pul xərcləmək istəmirdilər. Həsən bəy bunu nəzərə alaraq 1872-ci ildə müsəlman şagirdlərə yardım cəmiyyəti təsis etmək qərarına gəldi, bu barədə məqalələr dərc etdirdi, lakin səsinə səs verən olmadı.  Onda Zərdabi şagirdləri Nəcəf bəy Vəzirov və Əsgər Adıgözəlovla birgə bütöv bir yay Azərbaycanı gəzib dolaşdı, yardım cəmiyyətinə üzvlər qəbul etdi, təxminən 1600 manata yaxın pul topladı, bu pulla bir-iki kasıb tələbəni oxutmaq mümkün idi.
1872-ci ildə “Kavkaz” qəzetində Tiflis Müqəddəs Nina qız məktəbinin məzunlarının siyahısında Tersk mahalındakı Nalçik şəhərinin sakini Hənifə xanım Aslanbəy qızı Abayevanın da adına rast gəlinir. Müsəlmanlar üçün yeni, daha ağıllı və faydalı prinsiplər üzrə ailə qurmaq istəyən Həsən bəy bu ziyalı müsəlman qızla görüşmək üçün Tiflisə gəldi və tanışlıqdan sonra hər ikisinin fikir və əqidələrinin eyni olduğu bilindi, evlənmək və birlikdə xalq üçün işləmək qərarına gəldilər. Onlar əvvəl mənzillərində 2 müsəlman tələbə saxladılar. Sonralar yenə də təmənnasız olaraq 10 tələbəyə evlərində yer verdilər. Hənifə xanım onları qəbul imtahanlarına hazırlayırdı. Bu uşaqları saxlamaq çox çətin idi. Yardım cəmiyyəti isə hətta məhkəmə yolu ilə də üzvlük haqqını müsəlmanlardan yığa bilmirdi. 1876-ci ildə cəmiyyətin cəmi 5 üzvü qaldı və nə qədər xoşagəlməz olsa da onların 3-ü müsəlman deyildi…
Həsən bəy heç vaxt özünü, gördüyü işləri gözə soxmurdu. 1873-cü ildə çox böyük zəhmət bahasına şagirdləri Nəcəf bəy Vəzirov, Əsgər Adıgözəlovla birgə Bakıda türk dilində ilk teatr göstərdi, M.F.Axundovun “Hacı Qara” komediyasını şagirdlərin qüvvəsi ilə gimnaziyanın salonunda tamaşaya qoydu. Tamaşa müsəlman cəmiyyətini silkələdi. O vaxta qədər Bakıda teatr binası yox idi. Sevinənlərlə yanaşı, Zərdabiyə və şagirdlərinə divan tutmaq istəyən cahil fanatiklər lap çox idi. Lakin Zərdabi və şagirdləri tamaşa verməkdə davam etdilər. Həsən bəy dedi ki, “Axırda başa düşərlər ki, mən onların dostuyam, məktəbin və teatrın faydasını anlayarlar, üstəlik, qəzet də çıxara bilsək, müsəlmanların dünyagörüşündə əməlli-başlı çevriliş edə bilərik”.
Nadanlarla yanaşı hakim dairələr də Həsən qəzəb bəsləyirdilər. Yüksək çinli bir məmur demişdi: “Həsən bəy, sizin üstünüzə neft töküb yandırardıq. Axı, müsəlman deyilən kimdir? Bir heçlik! Yalnız siz bizə mane olursunuz”.
Zərdabi xalqına dünya haqqında danışmaq, geniş bilik vermək istəyirdi. Bunun üçün necə olursa-olsun bütün əhalinin, kəndin oxuya biləcəyi qəzet çıxarmaq lazım idi. O, türk dilində xalis kənd təsərrüfatı qəzetinin nəşri üçün çox yerə müraciət etdi. Həsən bəyi uzun müddət sorğu-sual edib məşhər ayağına çəkdilər: Türkiyəyə, yaxud İrana satılmayıb ki? Hansı gizli niyyətləri var? Əsas məqsədi nədir?
Türkdilli qəzetin nəşri qarşısına çəkilən bütün bu maneələrdən Zərdabi özü çox yazmışdır. Qəzet nəşrinə icazə məsələsi 7 ildən çox uzandı. Nəhayət, 1875-ci ildə Həsən bəyin “Əkinçi” qəzetinin nəşrinə icazə verildi. Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çıxdı. İlk nömrənin nəşrindən 1 həftə əvvəl Həsən bəy bərk həyəcanlı idi – mətbəədə texniki çətinliklər, digər maneələr vardı. Hər bir sərlövhə üçün ayrıca klişe hazırlamaq lazım idi. Texniki əngəllərə görə Zərdabi qəzetin səliqəsiz çıxacağından qorxurdu. Nəhayət, bu kiçik formatlı xüsusi nəşrin ilk sayını əlinə götürəndə Həsən bəy sevinc yaşlarını saxlaya bilmədi. O, evə son dərəcə fərəhli və həyəcanlı əhvalla qayıtmışdı. Həmin gün onun həyatındakı ən xoşbəxt günlərdən biri idi. Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi, bir elektrik cərəyanı kimi müsəlman aləminin içindən keçmişdi. Yuxuda olan müsəlman dünyasını oyatmaq, hərəkətə gətirmək üçün nə məktəb, nə də teatr belə güclü təsir göstərə bilməzdi. Qəzetin ilk abunəçiləri, birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Çistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları, krımlılar idilər. Qafqaz müsəlmanları “Əkinçi”yə bir qədər tənqidi yanaşırdılar ki, niyə belə sadə, qeyri-ədəbi dildə yazılır, dini mövzulardan niyə az bəhs edilir və s. Qəzetin həcmi çox kiçik olduğundan Zərdabi bu iradlara qəzetdə yox, məktub vasitəsilə ayrıca cavablar yazmağa məcbur idi. Bu polemikalar isə çox geniş idi, Həsən bəyin vaxtını çox alırdı. Əksər hallarda tənqid, hədə və təhdidlər Zərdabinin başına dolu kimi yağırdı. Əslində bu, Həsən bəyi sevindirirdi. Çünki oxucular qəzetə laqeyd qalsaydılar bu, redaktor Zərdabi üçün ölümdən betər olardı. Zərdabi sevinirdi ki, “Əkinçi” cəmiyyəti hərəkətə gətirib. Həsən bəy gənc əməkdaşlarına məhəbbətlə yanaşır, zəif yazıları onlara ehtiyat və nəzakətlə qaytarır, qüsur və səhvləri səbrlə, təmkinlə izah edirdi. Krımda, Volqaboyunda və Sibirdə yaşayanlar məktub və xəbərləri ərəbcə yazırdılar. Zərdabi  ərəb dilini mükəmməl bilən kazanlı bir molla tapdı və bu yazıların hamısını tatar dilinə çevirtdirdi. Həsən bəy həmin müəlliflərə düzgün yazı nümunələri göndərərək onlardan xalq dilində yazmağı xahiş edirdi. O öz müxbirlərini ana dilində yazmağa öyrətdiyi üçün ürəkdən öyünürdü. Onlardan xahiş edirdi ki, xalq mahnılarını, nağıl və əfsanələri, dastan və rəvayətləri və s. yazıya alsınlar, toplayıb qorusunlar. “Sizin də qəzet və jurnallarınız olacaq”, deyə o, gələcəyə səsləyirdi.
Zərdabi həyatının son gününə qədər türk dilinin təmizliyi uğrunda vuruşdu. Türk dilini ərəb və fars sözləri ilə zibilləməyin qəti əleyhdarı idi. Onun “Əkinçi”sinin dili hər bir Qafqaz müsəlmanı üçün aydın və anlaşıqlı idi.
Həsən bəy qəzet şriftlərini Rusiyada əldə edə bilmədi, İstanbula üz tutdu. İlk nömrənin çətinlikləri barədə Zərdabi çox yazıb. “Həyat” qəzetində isə başına gələnlərin hamısını təsvir edib. O, camaata mətbuat oxumaq vərdişi aşılamaq üçün “Əkinçi”ni müftə paylatdırırdı. Lakin müftə qəzet oxumaq istəyənlər də yox idi: kimi bunu günah sayır, qəzet buraxmağı və oxutmağı şeytan əməli sayır, kimi mənasız iş bilir, əlinə qəzet almaqdan utanırdı. Bəziləri deyirdilər ki, bir qəzetdə ki, nə Allah, nə də Peyğəmbər barəsində bir söz olsun, lazımlı şeylər yazılsın, onu ələ götürməyin özü birtəhər çıxır. Çarın Tiflisdən olan sadiq müsəlman təbəəsi, Gürcüstanı ram edən məşhur qəhrəmanın atası, qvardiya polkovniki Əlibəy Əlixanov Həsən bəyin göndərdiyi “Əkinçi” qəzetini oğlu vasitəsilə geri qaytarmış və redaktora belə məktub yazmışdı: ” Təəccüb edirəm, necə ola bilər ki, redaktor hökumət tərəfindən çap olunmayan qəzeti öz padşahına sədaqətlə qulluq edən təbəənin oxumayacağından xəbərsizdir!”. Müsəlmanlar üçün nə qədər eyibli olsa da, çarın qorxusundan “Əkinçi”ni oxumayanlar onu Allah xofundan çəkinib oxumayanlardan qat-qat çox idi. Hökumətdən qorxanları ürəkləndirmək üçün Zərdabi bəzən abunəçilərə qəzeti hökumət idarələri vasitəsilə göndərirdi. “Əkinçi” hətta öz kağız və rəng xərcini ödəmirdi, amma Həsən bəy ruhdan düşmədən deyirdi: “Xalqa qəzet oxumağı öyrədəcəyəm, xalq qəzetə adət edəcək, sonra da qəzetsiz darıxacaq”… Zərdabi bütün maaşını və gimnaziyadan azad vaxtının hər dəqiqəsini qəzetin çapına sərf edirdi. İlk ildə qəzet 2 həftədə bir dəfə çıxırdı. Sonra həftəlik çıxmağa başladı. Çətinliklər isə artırdı. Qəzetin öz mürəttibləri yox idi, hər nömrəni yığdırmaq üçün Həsən bəy quberniya mətbəəsinə gedib xahiş-minnət edir, yığıcılara özü də kömək göstərirdi. Bir dəfə Rusiyada və Bakıda mətbuatın vəziyyətini öyrənməyə gələn bir fıransız jurnalist Həsən bəylə görüşərək 3-cü ildir nəşr olunan türk qəzeti “Əkinçi”nin cəmisi 300 nüsxə ilə çap olunduğunu biləndə heyrət və təəccüblə demişdi: “Siz əsl qəhrəmansınız! Bizdə belə kasıb qəzetdə işləməyə razı olan 1 nəfər də tapılmaz. Sizin enerjinizə heyranam. Görünür siz öz xalqınızı lap ürəkdən sevirsiniz”…
Hər halda “Əkinçi”ni əvvəllər yalnız tanışlar, qohumlar, müəllimlər, dövlət müəssisələrinin işçiləri oxuyurdularsa indi Rusiyanın ucqar və dalda quberniyaları olan Penzada, Tambovda, Ryazanda, təzə işğal olunmuş Türküstanda “Əkinçi”nin abunəçiləri vardı. Qəzetə çoxlu məktub, şer, hekayə, tənqidi qeyd gəlirdi, amma hamısını çap etmək imkanı yox idi. “Əkinçi” işi genişləndirməkdə maliyyə çətinliyi çəkirdi…

www.zerdab.com
Ardı var…