“Sizə bir insan haqqında danışmaq istəyirəm” – İbrahim Məmmədov barədə maraqlı faktlar

0
ibrahim-memmedov-aztv-kitab

Sizə bir insan haqqında danışmaq istəyirəm. Tələbəlik vaxtlarından tanıyıram. Söhbət hamının efirlərdən yaxşı tanıdığı “Əməkdar jurnalist”, teleaparıcı, siyasi şərhçi İbrahim Məmmədovdan gedir.

Mən sonuncu kursda oxuyanda o, dördüncü kursda idi, qiyabi tanıyırdım. Amma eşitmişdim çox savadlı, çalışqan biridir. Sonralar daha yaxından tanıdım. Doğru deyiblər, ünsiyyət qurmasan, insanı tanıya bilməzsən. Söhbət etdik və onun dünya görüşü, hər bir mövzuya çox dərin yanaşması, mədəniyyəti məni heyran etdi. İnstitutu bitirdiyi illər çətin dövrə düşmüşdü. Hər şey alt-üst olmuşdu. Bir neçə il işsiz qaldı, amma bir gün belə kitablardan ayrılmırdı. Həm ixtisası ilə (Tarix fakültəsini bitirmişdi) həm ədəbiyyatla, həm siyasətlə bağlı kitablar oxuyur, araşdırmalar aparırdı.
Bir dəfə qonaq getmişdik. Səhər oyanıb İnstituta gedəsi idim, baxdım, hələ də kitab oxuyur. Sabahı kitabların arasında açmışdı. Xarici dil öyrənirdi, tərcümə edirdi. Bu insan oxumaqdan mütaliədən zövq alırdı sanki.
Savadlıdır, həm də onu başqalarından fərqləndirən bir qəlbi var bu insanın. Övlad kimi ən dəyərli övladdır, qardaş kimi, çox insanlara nümunə ola biləcək qardaşdır. Ata kimi əsl atadır, gözəl ailə başçısıdır.
Çox kövrək qəlbi var, həssasdır. Bilsə ki, kiminsə bir cüzi də olsa dərdi var, ona kömək etməyə çalışacaq, o dərdi özünə dərd edəcək. Çıxış yolu axtaracaq. Savadlı, oxuyan gəncləri xüsusilə sevir, diqqət göstərir. Şəxsən şahidi olmuşam, neçə-neçə gəncə dayaq olub.
Deyirəm kaş cəmiyyətimizdə belə insanların sayı çox olaydı…
İbrahim müəllimin yeni kitabı işıq üzü görüb. Mən bilirəm hər yeni kitab hansı zəhmətlərlə, yuxusuz gecələrlə başa gəlib. Hər biri yeni doğulmuş bir övladdır.
Hər nüsxəsi, hər sətiri sevgi ilə doğulmuş kitabın uğur gətirsin sənə, İbrahim müəllim.

Qeyd edək ki, İbrahim Məmmədov 1964-cü il iyulun 16-da Zərdab rayonunda anadan olub.

Aytən Məmmədova

Şərh yaz

Please enter your comment!
Please enter your name here

20 − 9 =