92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd Seymur Bayramovla – Müsahibə

0
46
seymur-bayramov

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Seymur Bayramovun “Report”a müsahibəsi

– Əvvəlcə özünüz barədə məlumat verin…

– Mən 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. 2012-ci ildə Qafqaz Universitetinin Hüquq fakültəsinin Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisasını bitirmişəm. Hazırda “Zərdabi LTD” şirkətində kommersiya məsələləri üzrə direktor vəzifəsində çalışıram. 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Ailəliyəm, iki övladım var.

– Ümumiyyətlə, seçki platformanızda hansı məsələlər əksini tapıb?

– Təbii ki, seçkiyə qatılmağım təsadüfi deyil. Prezident İlham Əliyevin Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin açılışında gənclərə çağırışını diqqətlə dinlədim. Ölkə başçısının çıxışında qeyd etdiyi bütün məsələləri və islahatlar dönəmindəki müraciətlərini özüm üçün əsas götürərək fikirləşdim ki, bu proseslərdə bir gənc kimi müsbətyönümlü mövqedən çağırışa gedim. Ona görə də 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Düşünürəm ki, hazırkı proseslərdə dövlət başçısının müraciətinə gənclər diqqətlə yanaşmalıdır. Bu müraciət ona görədir ki, intellektli, savadlı gənclərə və onların elmi biliklərinə çox ehtiyac var. Əlbəttə, bu gənclər Azərbaycanın sağlam gələcəyinin formalaşmasında mühüm rol oynamalıdır və oynayacaqlar. Bu səbəbdən seçki proseslərinə əminliklə qatıldım. Hesab edirəm ki, təbliğat-təşviqat kampaniyası zamanı da irəli sürdüyüm platformamla bərabər bu günün tələblərinə uyğun şəkildə bu işləri həyata keçirəcəyəm.

– Bəs seçicilər arasında təbliğat-təşviqat kampaniyasını hansı üsullarla aparırsınız?

– Hazırda bu sahədə təbliğat-təşviqat kampaniyası bir çox istiqamətlərdə davam edir. Sosial şəbəkə üzərindən daha aktiv işləyirik. Fəal “Facebook” istifadəçisi olaraq maksimum dərəcədə çalışıram ki, məhz həmin bölgənin insanları ilə ünsiyyətdə olum. Seçicilərlə görüşlərimiz və videomüraciətlərimiz mütəmadi şəkildə sosial şəbəkədə yayımlanır. Gəldiyim qənaət odur ki, həmin ərazidən gənclər və fəal sosial şəbəkə istifadəçiləri var. Çalışıram ki, fərqli və peşəkar şəkildə təbliğat-təşviqat kampaniyası aparım. Bir namizədin formalaşmış imici olmalıdır, onun müraciəti və məsələlərə yanaşması çox əhəmiyyətlidir. Seçicilər namizədi sosial şəbəkə üzərindən tanımağa çalışırlarsa, deməli, həmin insan hər bir rəftarında, jestində, münasibətində diqqətli olmalıdır. 

– Namizədliyinizi irəli sürdüyünüz dairədə insanların əsas problemləri nədir?

– Namizədliyimi irəli sürdüyüm rayonda ən çox narahat doğuran məqam insanların ümidsizlik və inamsızlıq hissləri ilə yaşamasıdır. Bu problem vaxtında həllini tapmasa, gələcəkdə də davam edəcək. Ona görə də bir namizəd olaraq ilk görməli olduğum və atacağım addım inamsız insanlara hansısa sahədə köməklik göstərmək və onları buna inandırmaqdır. Onlara deməliyik ki, səsvermə prosesində iştirak edərək layiqli namizədinizi seçsəniz, hər şey yaxşı olacaq, problemlər həllini tapacaq və onların dərdlərinə biganə yanaşılmayacaq. Hazırda seçiciləri buna inandırmağa çalışırıq. Əlimdən gəldiyi qədər çalışacağam ki, insanlardakı bu inamsızlığı aradan qaldırım. Çalışıram ki, görüşlərdə hamıya fərdi yanaşım. Hər bir insanın probleminə öz problemim kimi yanaşıram. Əgər seçici görsə ki, probleminə öz problemin kimi yanaşırsan, onda həmin şəxs ümidsizlik sferasından bir addım çıxmağa çalışacaq. Bəzən elə problemlərlə rastlaşırıq ki, onun bəsit həll yolları var. Deməli, əsas problem insanlarla təmasdadır. Hər bir namizəd, deputat və ya məmur birbaşa insanlarla yaxından təmasda olmalıdır. Kənarda oturub problemin həllini tapmaq mümkün deyil. Hər bir problemin həll yollarını insanlarla olan münasibətdə həll etmək mümkündür.

– Deputat seçilmə şansınızı necə qiymətləndirirsiniz?

– Bu proseslərdə seçilmək şansı o qədər də vacib deyil. Mənim üçün vacib olan insanlarla ünsiyyətim, münasibətim və yanaşmamdır. Hədəfim odur ki, namizədliyimi irəli sürdüyüm dairədə elə bir insan qalmasın ki, mən onunla görüşməyim. Seçki gününə qədər istədiyimə nail olsam, seçicilərimin problemlərini öyrənə bilsəm, mənim üçün qələbə olacaq. Seçki günü seçicilərin mövqeyini ifadə etdiyi gündür. Şanslarımı hələ ki, dəyərləndirmirəm. Planlaşdırdığım və düşünməli olduğum məsələ yalnız insanlarla görüşümdür.