Jalə Əliyeva Zərdabda kəndbəkənd gəzərək seçicilərlə görüşür – Fotolar

0
39

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Zerdab.com saytına verilən məlumata görə, deputatlığa namizədin Zərdab rayonunun Əlvənd, Otmanoba, Sahhüseynli, Gəndəbil, Nəzəralılı, Ağabağı, Şıxbağı, Aşağı Seyidlər, Şəftəxal və Mehdililər kəndlərinin sakinləri ilə Əlvənd kənd klubunda çoşqulu və izdihamlı görüşü baş tutub.

Təkcə adları çəkilən kəndlərdə yaşayanlar deyil, eyni zamanda, həmin  bölgələrdən olub hazırda Bakıda yaşayan zərdablılar-ziyalılar, gənclər, iş adamları, sahibkarlar belə deputatlığa namizədlə görüşə təşrif buyurublar.

Görüşdən əvvəl deputatlığa namizəd adları çəkilən kəndlərin sakinlərindən bəzilərinin evlərinə, o cümlədən, şəhid ailəsinə baş çəkib.

Bu görüşlər də səmimi və isti ortamda keçib.

Görüşdə çıxış edən seçiçilər, sözügedən kəndlərin sakinləri-Səftəxal kənd tam orta məktəbinin  direktoru  Sədiyar Xəlilov,  Şahhüseynli kənd tam orta məktəbinin direktoru  Tamam Xaspoladova, əslən həmin kənddən olan və Bakıda yaşayan sahibkar Ramil Mehdiyev və digərləri seçkilərlə-deputatlığa namizədlə bağlı fikirləri söyləyiblər.

Çıxışçılar görülən işlərə, atılan addımlara görə ölkə prezidenti ilə birinci vitse-prezidentə minnətdarlıqlarını ifadə ediblər. Çıxışçılar hər zaman dövlətlərinin yanında olduqlarını, dövlətçilik ənənələrinə sadiqliklərini bildiriblər.

Eyni zamanda, Jalə Əliyevanın son 15 ildəki fəaliyyəti, Milli Məclisdəki (MM) çıxışları, bütün aidiyyatı orqanlara, rəsmi instansiyalara müraciətləri ilə hər zaman seçicilərinin yanında olduğunu, onların mənafelərini düşündüyünü dilə gətirib, bu fəaliyyəti yüksək qiymətləndiriblər.

Gəndəbil və Ağabağı istisna olmaqla, digər kəndlərin qazlaşdırılmasında göstərdiyi fəallığa, yuxarı instansiyalara, Nazirlər Kabinetinə müraciətlərinə, prosesin sürətləndirilməsindəki roluna görə deputatlığa namizədə təşəkkürlərini çatdırıblar.

Həmçinin, Gəndəbil və Ağabağı kəndlərinin həllini gözləyən qazlaşdırma məsələsinin qısa müddətdə reallaşacağına, həmin kəndlərin də deputatlarının köməkliyi sayəsində qazlaşdırılacağına dərin inamlarını ifadə ediblər. Hətta, məsələ ilə bağlı deputatlarının Nazirlər Kabinetinə müraciətindən xəbərdar olduqlarını da söyləyiblər.

Bununla yanaşı, görüş zamanı Şahhüseynli kəndinin sakinləri deputatlarına bir müddət bundan əvvəl müraciət etdiklərini bildiriblər.

Yəni, 2 min ha-dan artıq əkinəyararlı əraziyə sahib olsalar da, su çatışmazlığından uzun illər əziyyət çəkdiklərini, kənddəki su xəttinin tələbatı tam ödəmədiyini bildirdiklərini, onlara bu məsələyə köməklik göstərilməsini xahiş etdiklərini söyləyiblər.

Deputatlığa namizədin də çox qısa müddət ərzində bu məsələ ilə bağlı həm parlamentin iclasında məsələ qaldırdığını, həm də bu haqda Baş nazirə müraciət etdiyini yüksək qiymətləndiriblər. Həmçinin, məsələnin həllini tapacağına dərin inamlarını ifadə ediblər.

Deputatlığa namizəd, professor Jalə Əliyevanın növbəti görüşü Zərdab rayonunun Çallı, Məlikumudlu, Çilovxanlı, Alıcanlı kəndlərinin və Bəyimli qəsəbəsinin sakinləri ilə Məlikumudlu kəndində görüşü baş tutub.


Görüşdən əvvəl deputatlığa namizədin seçicilərlə onların evlərində ənənəvi fərdi görüşləri olub və bu görüşlərdə də səmimi, isti müzakirə, fikir mübadiləsi aparılıb.

Eyni zamanda, deputatlığa namizədlə görüş zamanı əvvəlki görüşlərdə olduğu kimi, J. Əliyevanın Milli Məclisdəki (MM) fəaliyyətindən bəhs edən videofilmin nümayişi olub və film iştirakçılar tərəfindən təqdirlə qarşılanıb.

Alıcanlı kənd sakini Ərşah Cavadov isə millət vəkilinə rayonun  və adları çəkilən kəndlərin problemlərini daimi olaraq MM-də gündəliyə çıxardığına, həmin bölgələrin ən böyük problemi olan su çatışmazlığı, kanal, yol probleminin həlli istiqamətində əməli addımlar atdığına, əlaqədar təşkilatlara müraciətlərinə görə təşəkkürünü çatdırıb.

Seçicilər həmçinin, bir neçə həlli vacib məsələlərin-örüş yerləri, əkin sahələrinin suvarılması ilə bağlı problemlərin də aradan qaldırılmasına köməklik göstərilməsini deputatlarından xahiş ediblər.

İştirakçılar bununla yanaşı, rayonun bütün kəndlərinin qazlaşdırılmasında göstərdiyi təşəbbüslərə görə, deputatlarına minnətdarlıqları bildirib, hələlik qazsız qalan 4 kənddən biri olan Çilovxanlı kəndinə qaz xəttinin çəkiləcəyinə inamlarını ifadə edərək, bu məsələnin həllinə də J. Əliyevanın köməklik göstərməsini xahiş ediblər.

Deputatlığa namizəd Jalə Əliyevanın daha bir görüşü isə rayonun Bıçaqçı, Seyidlər, Sileyli və Körpükənd kəndlərinin sakinləri ilə Bıçaqçı kənd klubunda keçirilən görüşü də əvvəlki izdihamı və möhtəşəmliyi ilə baş tutub.

Klubun zalında təxminən 200-yə yaxın sakin iştirak edib, həmçinin, 100-ə yaxın insan görüşü ayaqüstə izləyib.

Bundan əlavə, görüşə gələnlərin bir xeyli qismi klubun həyətində gözləyiblər.

Onu da qeyd edək ki, Bıçaqçı kəndi Qarabağ savaşında 6 şəhid verib və onlardan birinin-şəhid Müşfiq Hacıyevin Bıçaqçı kənd tam orta məktəbinin həyətində ucaldılan abidəsi ziyarət olunub, abidə önünə çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri də öz təşəkkürlərini bildiriblər.

Qeyd etməyə dəyər ki, bu kənd nəinki Qarabağ savaşında, həmçinin, Böyük Vətən və İkinci Dünya Müharibəsində iştirak edən igid qəhrəmanları ilə tanınır.

Onlardan biri də Sovet İttifaqı Qəhrəmanı-mərhum Məlik Məhərrəmov olub.

Xatırladaq ki, bir neçə il dünyasını dəyişən M.Məhərəmmov Azərbaycanın sonuncu Sovet İttifaqı Qəhrəmanı idi.

Deputatlığa namizəd həmçinin, Zərdabın ən yaşlı sakini-İkinci Dünya və Böyük Vətən Müharibəsi veteranı-101 yaşlı Əhməd Qurbanovu görüşdən sonra evində ziyarət edib, onun ağsaqqal xeyir-duasını alıb.

Deputatlığa namizədin digər görüşləri 2 saat çəksə də, bu görüşü 5 saata qədər davam edib.

Həm görüşdə çıxışçıların sayı həddindən artıq çox olub, həm də görüşdən sonra namizəd seçicilərlə eksklüziv qəbul keçirib. Yəni, klubun arxa otağında səyyar qəbul baş tutub.

Çıxış edənlərdən təqaüddə olan müəlim Rəsulov Eyvaz, Körpükənd tam orta məktəbin direktoru Eminova Ruxsarə, həmçinin, Bıçaqçı kənd sakini Həsənov Qalib, şəhid qardaşı Haciyev Bəxtiyar və başqaları seçkilərlə, deputatları ilə bağlı fikirlərini açıqlayıb, onun fəaliyyətini təqdir edib və 9 fevralda J. Əliyevanı dəstəkləyəcəklərini bildiriblər.

Bununla yanaşı, çıxışçılar kənd uşaq bağçasının və orta məktəb binasının əsaslı təmirini xahiş ediblər.

Deputatlığa namizəd də onlara təşəkkürlərini bildirib, hər zaman olduğu kimi, seçiləcəyi təqdirdə, bundan sonra da seçicilərinin, Zərdab və ucarlıların təkliflərini daim diqqətdə saxlayacağını və reallaşdırılmasına çalışacağını vurğulayıb.

Görüşdə deputatlığa namizədin parlamentdəki fəaliyyətindən bəhs edən videofilmi də nümayiş olunub.